12:37 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
RUSİYA
Qısa URL
295 0 0

Rusiya tərəflər arasında etimadın möhkəmlənməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.

BAKI, 24 iyun — Sputnik. "Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəflər arasında etimadın möhkəmlənməsinə və humanitar layihələrin həyata keçirilməsinə dəstək olmaq üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə səy göstərir.

Qeyd edək ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb.

Məlumatda bildirilir ki, XİN başçıları ikitərəfli münasibətləri, region və beynəlxalq gündəlikdə olan münasibətləri müzakirə ediblər.

Tərəflər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticari-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər.

Qeyd olunur ki, buna Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasında qəbul olunan qərarların icrası, həmçinin Azərbaycanın Baş naziri Əli Əsədovun bu yaxınlarda rəsmi səfəri zamanı əldə olunan razılaşmaların reallaşdırılması əhəmiyyətli dərəcədə yardım edir.

Məlumatda bildirilir ki, telefon danışığı zamanı, xüsusilə də humanitar vəzifələrin həlli ilə bağlı Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsi kontekstində bir sıra məsələlərə toxunulub. Tərəflər Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli işçi qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfəni vurğulayıblar.

Sonda nazirlər xarici nazirliklər vasitəsi ilə gələcək əlaqələr barədə razılığa gəliblər.

Bu görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti də məlumat yayıb. Orada bildirilir ki, nazirlər telefon danışığı zamanı bölgədə mövcud olan cari vəziyyət, üç ölkənin liderləri tərəfindən imzalanan birgə bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin bölgənin münaqişədən sonrakı mərhələdə inkişafı məsələləri müzakirə edilib və bu xüsusda, üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi altında fəaliyyət göstərən üçtərəfli İşçi Qrupunun fəaliyyəti vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Əsas mövzular