BAKI, 17 may — Sputnik. Rəsmi Moskva sərhədlərin demarkasiya məsələsində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya xarici işlər naziri Zəngəzurdakı (Sunik) vəziyyətə də toxunub.
O, qeyd edib ki, emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur.
“Orada heç bir atəş açılmayıb, heç bir qarşıdurma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəyi barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılaşma əldə edildi. Müntəzəm olmayan, lakin rahatlıqla tənzimlənən bu məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - deyə Lavrov Syerra-Leonenin xarici işlər naziri Devid Con Frensislə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir eyni zamanda bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasında Azərbaycan və Ermənistana yardım etməyə hazırdır: “Biz tərəflərə delimitasiya və demarkasiya işlərinə başlamağı təklif etmişik. Biz kartoqrafiya materialları və məsləhətləşmə xidmətləri təqdim etməklə onlara yardım etməyə hazırıq”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi sərhəddəki gərginliklə ilə bağlı bəyanatla çıxış edib.
"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.
Həmçinin oxuyun:
Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf
Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...
İlham Əliyev: Ermənistan tərəfi qeyri-adekvat reaksiya nümayiş etdirir
Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"