07:19 28 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
RUSİYA
Qısa URL
9910

MDB və KTMT-nin ayrı-ayrı ölkələri hərbi-texniki əməkdaşlıq çərçivəsində kifayət qədər hərbi büdcə və ya preferensiyaya malikdir (Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan) və Rusiya istehsalı olan ən müasir və bahalı hərbi texnikanı almaq iqtidarındadır

BAKI, 7 fevral – Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın ən yeni T-14 “Armata” tankı sınaqlardan çıxıb və yaxın vaxtlarda yüksək texnologiyalı silahlar bazarını fəth etməyə yollanacaq.

Üçüncü postmüharibə nəsli T-14 “Armata” tankını ilk dəfə xarici mütəxəssislərə fevralın 21-25-də Dubayda keçiriləcək 15-ci Beynəlxalq IDEX-2021 müdafiə sənayesi sərgisində təqdim edəcəklər. Bu xarici “səfər” o deməkdir ki, uzunmüddətli dövlət sınaqları geridə qalıb, çatışmazlıqlar düzəlib və “Uralvaqonzavod” konserni seriya istehsalına hazırdır. Bu ərəfədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev T-14 tədarükü üzrə xarici partnyorlarla danışıqlar apardığını dilə gətirmişdi.

Yeni “Armata” tankı ön sırada, düşmənlə bilavasitə təmasda döyüş aparmaq üçün nəzərdə tutulub və quru qoşunlarıyla birlikdə eşelon müdafiəni yarmaq qabiliyyətinə malikdir. Müxtəlif intensivlikli hərbi münaqişələrdə T-14 motoatıcı bölmələrin hücumunu effektiv surətdə dəstəkləyə, düşmənin açıq sahədə və daldadakı hərbi texnikasını və canlı qüvvəsini məhv edə bilər. Suriya torpaqlarındakı döyüş şəraitində və sərt Arktikada tank yüksək effektivliyini sübut elədi (–50-dən +50 dərəcə Selsiyədək). Rusiyanın T-14 tankı dünyanın ən inkişaf etmiş ölkələrinin, Amerikanın “Abrams”ı, fransızların “Leclerc”i və almanların “Leopard 2”si də daxil olmaqla, 12 zirehli maşınından ən yaxşısı hesab edilib.

RF Müdafiə Nazirliyi hər il təxminən 200 “Armata” tankı almağı planlaşdırır, tədarük 2021-ci ildə başlayacaq, ümumi tələbat isə 2300 maşın civarında müəyyənləşdirilib. Rusiyanın Silahlı Qüvvələrinin tank parkı hazırda dünyada ən böyükdür – 13 min tank. Bu, Pentaqonun ehtiyatından 7 min tank çoxdur. Ancaq qeyd etmək lazımdır ki, quru qoşunlarının qoruduğu RF ərazisi də ABŞ-ın ümumi sahəsindən iki dəfə böyükdür, rusların tank hazırlama təcrübəsi isə təkcə kəmiyyət göstəriciləri ilə məhdudlaşmır.

İxrac perspektivləri

“Armata” – yüksək texnologiyalı, daha effektiv, ən müasir texnika ilə təchiz olunmuş bahalı, amma az sayda maşınların istehsalı konsepsiyasının gerçəkləşmiş variantıdır. Bir T-14 tankının qiyməti 7 milyon dollardır və bu, hər ölkənin müdafiə büdcəsinə görə deyil. Bu qiymət uzun-uzadı sınaq və modernizasiya dövləri əsasında formalaşır (istehsal həcmi artdıqca, tarif də daha demokratik olacaq). Müasir silahlanma nümunələrinin hazrılanması o qədər çox pul tələb edir ki, bir çox inkişaf etmiş ölkələr yenidənsilahlanmanı müşayiət edən böyük xərclərdən qaçmaq üçün xarici təklifləri nəzərdən keçirirlər. Ancaq istənilən halda müasir dünyada mükəmməl silah əvvəlkitək bir çox dövlətin suverenliyi üçün əvəzolunmaz alət olaraq qalır. Moskva artıq T-14-ün tədarükü üçün sifarişlər alıb, ixraca Rusiya ordusunun tank bölmələri yenidən silahlandıqdan sonra başlanacaq.

T-14-ün mümkün alıcıları sırasında Forbes (ABŞ) jurnalı Hindistan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Əlcəzairi göstərir (sonuncu Rusiyanın yeni, T-72 tankının şassisi üstündə  БМПТ-72 “Terminator” atəş dəstək kompleksini artıq əldə edib). Bundan başqa, MDB və KTMT-nin ayrı-ayrı ölkələri hərbi-texniki əməkdaşlıq çərçivəsində kifayət qədər hərbi büdcə və ya preferensiyaya malikdir (Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan) və Rusiya istehsalı olan ən müasir və bahalı hərbi texnikanı almaq iqtidarındadır.

Burevestnik raketi, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

“Armata”nın kapsulu qülləsinə birbaşa mərmi dəydikdə, yaxud da hərbi komplektin alışması (detonasiyası) zamanı tankçıların sağ qalmasına imkan verir. Müəllif ideyası süni intellekt elementləri də istifadə olunmaqla tankın məsafədən idarəetmə ilə pilotsuz modifikasiyasının hazırlanması istiqamətində inkişaf etdirilir. Konstruktorlar T-14-ün qoşunlar və taktiki səviyyəli silahlarla birgə avtomatik idarəetmə sisteminə inteqrasiyasını nəzərə alıblar (şəbəkə mərkəzli hərbi əməliyyatlar texnologiyası).  Robotlaşdırma və modernizasiya üçün maşının imkanları genişdir.

Bu tank uğur qazanmaya bilməz, çünki birbaşa rəqibi və ya yaxın analoqu hələ mövcud deyil.

“Armata” – adamsız qülləsi, ekipaj üçün zirehli kapsulu olan yeganə model, metalda gerçəkləşdirilən texnoloji inqilabdır. T-14-də cəmləşən qabaqcıl texnologiyalar onun aktuallığını bütün XXI əsr boyu qorumağa imkan verəcək. Xarici sifarişçilərə satış üzrə dünyada ikinci yer isə (hər il təxminən 15 milyard dollar) RF istehsalı olan ən yeni silahların keyfiyyət və etibarlılığına əlavə zəmanət olacaq.

Konstruktor çılğınlığı

“Armata”nın novator silueti xüsusi örtüyü ilə birlikdə onu termo və radiolokasiya spektrlərində az nəzərəçarpan edir. “Armata”nın zirehi mövcud tankəleyhinə bütün silahlara müqavimət göstərməyə qadirdir.  Maşın aktiv və dinamik müdafiə ilə, güclü topu və avtomatik doldurma sistemi olan, məsafədən idarə edilən döyüş modulu ilə təchiz olunub. Qüllə və korpusun perimetri boyunca optik-elektron müşahidə, nişanalma və təhlükənin aşkarlanması cihazları yerləşdirilib.  

Genilşbucaqlı videokameralar 360 dərəcə müşahidə aparmağa imkan verir və ekipajı situasiya barədə məlumatla təmin edir. Qüllə kompleksi də dairəvi müşahidə aparmağa imkan yaradır. Tuşlayıcı operatorun vizual kompleksi birbaşa görmə periskopu və görüntünün miqyasını tənzimləməyə imkan verən lazerli məsafəölçənlə təchiz olunub. Termo və infraqırmızı sensorları isə istənilən hava şəraitində, gecə və gündüz işləyir.  

T-14-ün eşelon müdafiəsinə passiv (ənənəvi) “Malaxit” qoruması (düşmənin raket və mərmilərinin fiziki məhvi), aktiv “Afqanit” qoruma kompleksi  daxildir. Sonuncu avtomatik rejimdə düşmənin yaxınlaşmaqda olan tankəleyhinə mərmi, bomba və raketlərini məhv edir. “Afqanit”in radarı “tankın intellektini” təhlükələr barədə xəbərdar edir, sonra isə radioelektron dəfetmə sistemi düşmənin raketlərini sıradan çıxarır. Ehtiyatda həmçinin “Relikt” modul kompleksi də var. Bu, rəqibin tandem tipli mərmilərinin məhv edilməsi üçündür. Mütəxəssislər “Armata”nı mümkün rəqibin tanklarından 30% daha effektli və həyatqabiliyyətli hesab edirlər. Təsadüfi deyil ki, “Armata” platformasında dünyanın ən güclü qorumasına malik T-15 piyadaların hərbi maşını yaradılıb.

Tankın korpusunun içindəki zirehli kapsulda əyləşən üç nəfərdən ibarət ekipaj 125 mm-lik hamarlüləli 2А82 topunu məsafədən idarə edir. Onun atəş gücü (dəqiqədə 12 atış) mümkün rəqibin bütün mövcud tank silahlarını 1,2 dəfə üstələyir. Mərmi ehtiyatı da ekipajdan aralı, təhlükəsiz zonada yerləşdirilib – avtomatik doldurulma sistemində müxtəlif təyinatlı 40 mərmi var. “Armata”nın optikası gündüz 5 km, gecə isə 3.5 km aralıda hədəfləri aşkarlamağa imkan verir.

Əlli tonluq T-14 tankı 1500 at gücündə mühərriklə təchiz olunub və saatda 90 km sürətlə (Amerikanın M-1 Abrams tankından daha sürətli) hərəkət edir. “Armata”nın yeni, daha möhkəm və yüngül, 900 mm-dən artıq dözümlülüyə malik zirehini Moskvanın Elmi-Tədqiqat Polad İnstitutu hazırlayıb. Qərbin müasir tank nümunələri getdikcə ağırlaşır və indidən mobillikdə uduzur (Abrams tanklarında İsrailin “Trofi” aktiv qoruma sistemi qoyulur ki, bu konteynerlərin də ağırlığı tankın ümumi çəkisini 3,5 ton  daha ağır edir).

Əsas mövzular