Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Amerika "Patriot"u yəmənlilərin üsyançı dəstələri ilə niyə bacarmır

© AP Photo / Eugene HoshikoПротиворакетный комплекс "Пэтриот", фото из архива
Противоракетный комплекс Пэтриот, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son vaxtlar hava hücumundan müdafiə sistemlərinin əlavə olaraq "Patriot" zenit raket kompleksləri ilə "gücləndirilməsi" belə gözlənilən nəticəni vermir.

BAKI, 28 yanvar — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Amerika hava hücumundan müdafiə sisteminin texnoloji və konseptual böhranı yeni faktlarla təsdiqlənir. Səudiyyə Ərəbistanı son üç gündə iki dəfə Yəmən tərəfindən ballistik raket hücumuna məruz qalıb və növbəti dəfə ABŞ istehsalı olan "Patriot" zenit raket kompleksinin (ZRK) hava müdafiə sahələri husilərin raket hücumlarına reaksiya verməyib.

Yanvarın 23-də və 26-da Yəmən üsyançıları Səudiyyə Ərəbistanının zərbələrinə yenidən ballistik raketlərin (müxtəlif mənbələrə görə, İran və ya yerli istehsala məxsus) yaylım atəşi ilə cavab veriblər. Dörd orta mənzilli raketin hamısı təxminən 1000 km məsafəni, "Patriot" yerləşdirilmiş altı rayonu (ikisi Yəmənlə sərhəddə və dördü Səudiyyə Ərəbistanının mərkəzində) uğurla keçib və demək olar, ən son anda Ər-Riyad yaxınlığındakı "Terminal High Altitude Area Defence" (THAAD) sistemləri tərəfindən vurulub.

26 yanvar tarixində KİV-lər ballistik raketlərdən birinin düz paytaxtın üzərində zərərsizləşdirildiyi və diplomatik ərazidə baş verən partlayış barədə məlumat yaydı. Beləliklə, son vaxtlar hava hücumundan müdafiə sistemlərinin əlavə olaraq "Patriot" zenit raket kompleksləri ilə "gücləndirilməsi" belə gözlənilən nəticəni vermədi.

2020-ci il noyabrın 23-də husilər Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən "Saudi Aramco" dövlət neft və qaz şirkətinin paylama stansiyasına "Qüds-2" raketləri atdılar. 2019-cu ilin dekabrında isə Yəmənin raket zərbəsi ilə Nəcran vilayətindəki hərbi şəhərcik dağıdıldı.

Həmin ilin sentyabrında üsyançılar "Saudi Aramco"nun bir sıra obyektlərinə qanadlı raketlər və dronlarla hücum etdilər ki, nəticədə də Səudiyyə Ərəbistanında neft istehsalının, demək olar ki, 60 faizi müvəqqəti olaraq dayandı.

2019-cu ilin avqust ayında Cizan hərbi hava limanı husilər tərəfindən ballistik raketlərlə hücuma məruz qaldı. Bütün bu hadisələr zamanı "Patriot" zenit raket kompleksi (ZRK) əsasında qurulan hava hücumundan müdafiə sistemi Səudiyyə Ərəbistanının strateji obyektlərini qoruya bilmədi.

Yüksək qiymətlər və texnologiyalar

"Patriot" çoxməqsədli (universal) ZRK-sı mövqelərin raket əleyhinə müdafiəsi, aerodinamik hədəflərin aşkarlanması və məhvi üçün nəzərdə tutulub. Döyüş şəraitində hədəfi vurma ehtimalı təxminən 50 faizdir (hər hədəf üçün ən azı iki raket tələb olunur).

PAC-1 və PAC-2 modifikasiyalarının "Patriot" ZRK-nın qəlpə döyüş başlığı hədəfə dəysə belə, R-17 və ya "Skad" tipli texnoloji cəhətdən köhnəlmiş ballistik raketləri məhv etmək gücündə deyil. "Patriot" ZRK-nın bir batareyasının dəyəri isə 600 milyon dollaradır.

Ötən illərin hərbi qarşıdurmaları "Patriot" kompleksinin hətta amerikalıların əlində olanda belə özünü doğrultmadığını göstərdi. Belə ki, Pentaqonun məlumatına əsasən, 2020-ci ilin yanvar ayında İraqda 100-dən çox Amerika əsgəri İranın raket zərbələri nəticəsində həlak olub. ABŞ-ın xaricdəki hərbi bazasında, ümumiyyətlə, hava hücumundan müdafiə sisteminin olmadığını təsəvvür etmək isə çətindir. Texnoloji deqradasiyanın şahidi oluruq. "Patriot" hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi imkanları isə tükənib, çünki dizayn konseptual olaraq köhnəlib.

İsrailin Raket Hücumundan Müdafiə Təşkilatının sabiq direktoru Uzi Rubin deyir ki, Amerika hava hücumundan müdafiə sisteminin Səudiyyə Ərəbistanında iflasa uğramasının səbəbi "Patriot"un yalnız üfüqün üzərindəki hədəfləri aşkarlaması, daha aşağıdan uçan hədəfləri "görməməsi" ilə bağlıdır. Rubin "Patriot"a layiqli alternativ tövsiyə edir: Rusiyanın aşağıdan uçan, hətta yerdəki hədəfləri belə məhv etməyə qadir "Pantsir S-1" Zenit Raket Kompleksi. Ər-Riyad ABŞ-ın qadağalarına baxmayaraq bu tövsiyəyə əməl etdi və Suriyada sınaqdan çıxarılmış raketdən müdafiə sistemini aldı. 150 km-ə qədər müdafiə xəttində "Pantsir"in rəqibi yoxdur, əlbəttə, əgər Rusiyanın S-350 "Vityaz" hava müdafiə sistemini nəzərə almasaq...

Bir qədər bundan əvvəl ABŞ Dövlət Departamenti THAAD sistemlərinin (44 qurğu, 360 raket və yeddi radardan ibarət) Səudiyyə Ərəbistanına 15 milyard dollara tədarük edildiyini təsdiqləmişdi. Ancaq indi belə məlum olur ki, Səudiyyə Ərəbistanının bir ətək pul töküb aldığı kompleks təhlükəsizliyə zəmanət vermir.

Amerikanın ən müasir raket əleyhinə sistemi THAAD kompleksinin işi hədəfi vurmaq üçün aparat vahidinin kinetik enerjidən istifadəsi üzərində qurulub. Ənənəvi döyüş başlığı yoxdur, bir raket trayektoriyası dəqiqliklə müəyyənləşdirilmiş yalnız bir hədəfi məhv edə bilər.

THAAD-ın təsir məsafəsi 200 km-ə qədərdir, buna baxmayaraq "yüksək dərəcədə ixtisaslaşmış" bu kompleks aerodinamik hədəflərə - pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə effektli deyil. Bu, obyektiv olaraq, Amerikanın hava hücumundan müdafiə sisteminin imkanlarını daraldır. Mütəxəssislərin fikrincə, THAAD sistemi husilərin kütləvi raket hücumunu dayandıra (kompleks üçə qədər orta mənzilli ballistik raket vurmaq gücündədir) bilməz.

Regional xüsusiyyətlər

Yəməndə 2014-cü ildən bəri hökumət qüvvələri ilə "Ənsarullah" şiə hərəkatının üzvləri arasında vətəndaş müharibəsi gedir. Hökumət qüvvələri 2015-ci ilin mart ayından (BMT-nin sanksiyası olmadan) Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin hərbi koalisiyası tərəfindən dəstəklənir. Husilərə isə şiə ölkəsi olan İran yardım edir.

"Ənsarullah"ın Ali Siyasi Şurası Yəmən ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, ölkə əhalisinin 70 faizindən çoxu bu ərazidə məskunlaşıb. Husilərin praktik olaraq daimi dislokasiya üçün hərbi bazaları yoxdur, onları ərəb koalisiyasının təyyarələri məhv edə bilər. Bununla belə, üsyançı dəstələr dağ mağaraları və yeraltı tunel şəbəkələrindən istifadə edərək davamlı şəkildə hərəkətdədir. Əldəqayırma sahil raket sistemləri düşmən gəmilərini müəyyən məsafədə dayanmağa məcbur edir.

Səudiyyə Ərəbistanı Qərb istehsalı olan müasir silahlara malikdir. Yəmənli üsyançılar isə İran istehsalı olan raketlərdən və S-75 zenit raket komplekslərindən (Şimali Koreya ilə müharibədən əvvəl tədarük edilmiş) – ballistik "Qaher" M-1 və "Qaher" M-2-dən istifadə edir.

İlk baxışdan belə təsir bağışlayır ki, nəhəng maliyyə mənbələri və müasir silah texnologiyaları Səudiyyə Ərəbistanının tərəfindədir və husilər məhvə məhkumdur. Reallıq isə ondan ibarətdir ki, müasir mobil THAAD sistemi belə Ər-Riyadı Yəmən üsyançılarının müntəzəm və məqsədyönlü zərbələrindən sığortalaya bilməz. Bu vəziyyətdə köhnə "Patriot" kompleksindən isə danışmağa heç dəyməz...

Xəbər lenti
0