19:57 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
SİYASƏT
Qısa URL
598210

Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

BAKI, 12 iyul — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti" mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, layihənin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllülərinin rəhbəri Nigar Eyvazzadə layihənin təqdimatını edərək layihə çərçivəsində həyata keçiriləcək fəaliyyət barədə danışıb.

Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək diplomatiya həftəsi cari ilin 12-26 iyul tarixlərində baş tutacaq. İştirakçıların iki həftə ərzində Azərbaycan Respublikasının Vətən müharibəsi dövründə xarici siyasəti, habelə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün AR XİN və digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsini işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlər ilə görüşləri keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində bir sıra mədəni proqramlar, ekskursiya və səfərlərin reallaşdırılması nəzərdə tutulub.

Diplomatiya həftəsinin açılış mərasimində ölkə rəhbərliyinə, Azərbaycan gəncliyinə, o cümlədən könüllülər hərəkatına göstərilən diqqət və yüksək dəyərə görə təşəkkür ifadə olunub.

Tədbirdə 44 günlük Vətən müharibəsi dövründə yaşanmış hadisələrin bir hissəsini özündə ehtiva edən videokollaj nümayiş olunub.

ADA Universitetin prorektoru Fariz İsmayılzadə ADA Universitetinin XİN ilə birgə 44 günlük Vətən müharibəsi və ondan sonrakı mərhələdə həyata keçirilən xarici siyasət mövzusunda gənclərin məlumatlandırılması layihəsinin təşkilatçısı qismində çıxış etməkdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə tanıdılması baxımından gənclərin oynadığı mühüm rolu vurğulayıb.

Açılış mərasiminin əsas qonağı, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək, tədbirin bir il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib.

Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev, Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsindən bəhs edib. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcəyi vurğulanıb.

Tədbirin sonunda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Eləcə də oxuyun:

Teqlər:
həftə, diplomatiya, ADA Universiteti, Hikmət Hacıyev

Əsas mövzular