BAKI, 26 aprel - Sputnik. "ABŞ Prezidenti Bayden bir əsrdən artıq müddət əvvəl ağrılı hadisələrlə əlaqədar əsassız, ədalətsiz, həqiqətə uymayan ifadələrdən istifadə etdi. Türkiyə olaraq tarixdəki acıların müqayisə edilməsini humanist hesab etmirik".
Sputnik Azərbaycan bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasında ABŞ lideri Co Baydenin qondarma erməni soyqırımını tanımasını şərh edərkən deyib.
"Tarixdəki hadisələri araşdırmaq və həqiqəti üzə çıxarmaq vəzifəsi siyasətçilərə deyil, tarixçilərə həvalə edilməlidir. Erməni iddiaları ilə bağlı ortaq tarix komissiyası yaratmaq təklifimizə hələ də cavab almamışıq. Baydenin bu cür ifadələri radikal erməni dairələri və Türkiyəyə qarşı çıxan qrupların təzyiqlərini nəzərə alaraq söylədiyini düşünürük. Biz özümüzə bu qədər güvənirkən qarşı tərəfin iddia sahibi olaraq gerçəklərin ardınca düşmək əvəzinə məsələni israrla siyasi zəminə daşıması işin əslini göstərməyə bəs edir", - Ərdoğan əlavə edib.
1915-ci il hadisələrinə gəlincə Ərdoğan bunları söyləyib: "Əslində 24 apreldə insani tragediya anlamında heç bir şey olmayıb. 1915-ci il aprelin 24-ü Osmanlının savaşdığı ölkələrlə əlbir olub onun əleyhinə fəaliyyət göstərən təşkilatları bağlayaraq 235 başçısını həbs etdiyi gündür.
Köçürülmə və Yerləşmə Qanunu ilə Osmanlı İmperiyası erməni əhalisinin bu qırğınları törədən dəstələrinin digər bölgələrə müvəqqəti göndərilməsinə qərar verdi. Üstəlik, bu qərar ölkədəki bütün erməniləri deyil, yalnız dəstə hücumlarının sıx olduğu yerlərdə olan erməni əhalisini əhatə edirdi. ABŞ-ın hesabatlarında belə, köçürülmə və məskunlaşmaya məruz qalanların sayı ən çox 600 min olaraq ifadə edilir, bu da daha azdır. Görəsən, Amerikanın arxivində neçə sənəd var, əgər varsa, aça bilərmi? Avropada da arxiv varmı, aça bilərmi?"
Ermənilərə məxsus kütləvi məzarlığı heç bir yerdə tapa bilməzsiniz
Ərdoğan ABŞ prezidenti Baydenə müraciət edərək: "Bayden, yetim erməni uşaqlarını qorumaqla onlar üçün uşaq evləri yaradıldı. Erməni əhalisinin heç vaxt kənardan yardım almasının qarşısı alınmadı. Bir çox yerlərdə ermənilərin qırdığı türklərin kütləvi məzarları var, amma heç bir yerdə ermənilərə məxsus kütləvi məzarlara rast gələ bilməzsiniz", - deyib.
"Osmanlı İmperiyasının erməni əhalisindən epidemiya, təhlükəsizlik problemləri və ya təhlükəsizlik qüvvələri ilə döyüşlər səbəbiylə köçürülmə əsnasında həyatını itirən yalnız 150 min insandır. Əlbəttə, bu 150 min insanın hər biri tək bir candır və önəmli rəqəmdir. Erməni tarixçilər və siyasətçilər özləri bunu etiraf edirlər", - söyləyən Ərdoğan: "Soyqırım deyirsinizsə, güzgüyə baxmalı və özünüzü qiymətləndirməlisiniz", - deyə əlavə edib.