23:02 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SİYASƏT
Qısa URL
20720

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda Zəngilanla Naxçıvan arasında koridorun yaradılmasının təsbit olunması Gürcüstanda narahatlıqla qarşılanıb.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Əslində, bu, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq platforması çərçivəsində ənənəvi olaraq baş tutan səfərlərdən biri ola bilərdi. Ancaq Cənubi Qafqazda ötən yarım ilə yaxın müddət ərzində baş verənlər bu səfərin önəmini daha da artırır. Azərbaycanın uzun illərdir qonşuları ilə eyni zamanda keçmiş sovet məkanındakı ölkələrlə qurduğu üçtərəfli, dördtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti Vətən müharibəsinin gedişatında bir daha üzə çıxdı. Ölkəmizin qələbəsi ilə bitən müharibənin ardınca regionda yeni vəziyyət yaranıb. İndi prosesləri diqqətlə izləyən və yeni reallıqdan mənfəət qazanmaq üçün Azərbaycanla əlaqələrinin dərinləşməsinə maraq göstərən ölkələr ardıcıl səfərlər edirlər. Bu səfərlərdə biznes partnyorluğu ilə yanaşı, Azərbaycanla siyasi, regional əməkdaşlığa olan maraq və önəm ifadə olunub.

Hər kəsə aydındır ki, Cənubi Qafqazda yaranmış yeni reallıq Gürcüstanın maraqları baxımından önəm kəsb edir. Xüsusən, Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat layihələrinin vacib tərəfdaşı olan bu ölkə əlaqələrin mövcud şəraitdə daha da möhkəmlənməsində maraqlıdır.

Sputnik Azərbaycan XİN rəhbərlərinin Bakı görüşü bərədə politoloq Əhməd Əlilinin fikirlərini öyrənib.

Politoloq deyib ki, Bakıda keçiriləcək bu görüşün regionda formalaşmış yeni vəziyyətdən sonra baş tutmasını nəzərə almaq lazımdır: "Azərbaycanın regiondakı hərbi, siyasi vəziyyəti dəyişdirən qələbəsi region ölkələrini ikitərəfli münasibətləri yenidən gözdən keçirməyə vadar edib. Bu prizmadan yanaşdıqda Gürcüstanla münasibətlərdə ayırd edilməli məqamlar çoxdur".

Onun sözlərinə görə, xüsusən də, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda Zəngilanla Naxçıvan arasında koridorun yaradılmasının təsbit olunması Gürcüstanda narahatlıqla qarşılanıb: 

"Bu dəhlizin işə düşməsi Azərbaycanın Gürcüstan üzərindən daşımalarının azalması ilə nəticələnə bilər. Təbii ki, ikinci Qarabağ müharibəsində qazanılan qələbə Azərbaycanın regionda daha güclü tərəf kimi çıxış etməsinə imkan yaradıb. Bu qələbədən sonra Azərbaycan Türkmənistanla da dil tapmağı bacardı. Proseslər göstərir ki, Azərbaycan Gürcüstanla müxtəlif platformalarda əməkdaşlığını yenə də davam etdirəcək. Ümumilikdə isə regional inteqrasiya prosesinin güclənməsi Cənubi Qafqazda sülhün və sabitliyin qalıcı olmasını təmin edəcək. Yeni şərait region ölkələrinin Rusiya, İran, Türkiyə ilə əməkdaşlığına da dəstək olacaq".

 

Əsas mövzular