BAKI, 11 yanvar - Sputnik. Rusiya, Azərbaycan və Ermınistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə üç ölkə liderinin bu gün Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.
Bazar ertəsi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakıyla üçtərəfli görüş keçirilib. Danışıqlardan sonra Rusiya lideri üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığını bildirib. İşçi qrup yaxın günlərdə Qarabağın inkişafına dair planlarını təqdim etməlidir.
"İşçi qrup 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək. Onun yekunlarına əsasən, Bəyanatın 9-cu bəndindən irəli gələn məsələlərin həllində əsas istiqamətləri formalaşdıracaq, burada prioritet kimi dəmiryolu və avtomobil əlaqəsi götürüləcək. Həmçinin işçi qrup Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası arasındakı razılaşmanın digər istiqamətlərini müəyyənləşdirəcək", - mətndə deyilir.
"Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə işçi qrupun həmsədrləri bu istiqamətlər üzrə ekspertlərdən ibarət altqrupları yaradacaqlar. Altqruplar tərəflərin səlahiyyətli hökumət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən təşkil olunacaq. İclasdan sonrakı bir ay müddətində ekspert altqrupları reallaşdırılması üçün gərəkli resurs və tədbirlərin də əks olunduğu layihələrin siyahısını yüksək səviyyədə təsdiq olunmaq üçün tərəflərə təqdim etməlidirlər", - sənəddə deyilir.
"2021-ci il martın 1-dək işçi qrup tədbirlərin reallaşdırılma qrafiki və siyahısını tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün təqdim etməlidir. Bunlara Azərbaycan və Ermənistan respublikalarının ərazilərində gerçəkləşdirilən, eləcə də Azərbaycan və Ermənistanın bu iki ölkənin ərazisindən keçməklə gerçəkləşdirəcəyi beynəlxalq daşımaların reallaşdırılması və təhlükəsizliyi üçün gərək olan yeni nəqliyyat infrastrukturu obyektlərinin tikilməsi və bərpası daxildir", - Bayanatda qeyd olunub.