11:11 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Dilqəm Əsgərov və Şahbaz Quliyev

Ermənistan müdafiə nazirindən Dilqəm və Şahbazın dəyişdirilməsinə münasibət – Mümkündür

© Photo : PUBLIC DOMAIN
SİYASƏT
Qısa URL
12820

"Mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə rəsmi təklifi təqdim olunub"

BAKI, 20 sentyabr — Sputnik. Ermənistanın Müdafiə naziri David Tonoyan erməni hərbçilərlə Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. Sputnik Ermənistan xəbər verir ki, Tonoyan bu barədə livanlı həmkarı Elias Abu Saabla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən dünən Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyində görüş keçirmişəm. Mənə Azərbaycanın əsirlərin dəyişdirilməsi barədə rəsmi təklifi təqdim olunub", - deyə erməni nazir vurğulayıb.

Tonoyan məsələnin detallarını açıqlamaqdan imtina edib.

Ermənistan müdafiə naziri dəyişdirilmənin mümkünlüyünü istisna etməyib, lakin vurğulayıb ki, bu məsələ ilə bağlı qərarı qondarma "Dağlıq Qarabağ Respublikası" qəbul etməlidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəflərdə saxlanılan əsir-girovların "hamının-hamıya" prinsipi əsasında azad olunması və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılmasını aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə 2016-cı ilin aprel ayında Ermənistan Respublikasına təklif edib.

"Lakin kütləvi informasiya vasitələrində son günlər yayılmış məlumatlarda bildirilir ki, Ermənistan tərəfi işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan Respublikasının vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan Respublikası ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olmadığı barədə açıqlamalar verib.

Girov saxlanılan Dilqəm Əsgərov baba oldu>>

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin, eləcə də xarici işlər nazirlərinin görüşlərində, habelə Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla 2017-ci və 2018-ci illərdə apardığı müzakirələr zamanı əsir-girovların "hamının-hamıya" formatında azad olunması ilə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyi dəfələrlə qarşı tərəfə çatdırılıb. Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyası növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara 11 sentyabr 2019-cu il tarixdə rəsmi məlumat verib.

Dövlət Komissiyası ölkəmizin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə daim əməl etdiyini yenidən diqqətə çatdırır, 7 sentyabr 2019-cu il tarixdə Rusiya Federasiyası və Ukrayna arasında əsirlərin "hamının-hamıya" mübadiləsini yüksək insanpərvərlik aktı kimi təqdir edir və bu humanizm nümunəsinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında əsir-girovların eyni prinsip əsasında qısa müddətdə azad edilməsinə tərəfdar olduğunu bir daha bəyan edir", - deyə Komissiyanın məlumatında bildirilib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Əsas mövzular