Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 24 iyun - Sputnik. "Hazırda Avropa Məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.
Əsgərov qeyd edib ki, bütün dövlətlərlə münasibətdə şikayətlər olduğu kimi Azərbaycanla bağlı şikayətlər də var: "Bu, əsasən şəxsi heyətə hörmət, azadlıq və s. kimi hüquqlarla əlaqəlidir".
Onun sözlərinə görə, Çıraqovlarla bağlı qərar artıq qəbul edilib və Nazirlər Komitəsinin iclasında bir dəfə baxılıb: "Növbəti dəfə bu ilin dekabr ayında bu məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir".
"Ermənistanda girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa Məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq", - deyə Əsgərov bildirib.