06:23 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Serj Sarqsyan və Abdulla Gül, 14 oktyabr 2009-cu il

Türkiyə-Azərbaycan qardaşlığının bitə biləcəyi gün: Sarqsyan hansı protokolu ləğv etdi?

© AP Photo / Ibrahim Usta
SİYASƏT
Qısa URL
198131

Bakıda son ana qədər gözləyirdilər ki, Əhməd Davudoğlu o masadan ayağa qalxıb "hayır, ben böyle bir şeye imza atamam" desin

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. 2009-cu ilin payızı həm Anadoluda, həm də Xəzərin Abşeron sahilində çox cansıxıcı, günəşsiz, qaranlıq keçirdi. Türkiyə və Azərbaycanın arası ilk dəfə idi ki, bu qədər gərginləşmişdi. Emosiyaları bir kənara atsaq, rəsmi Bakı həmin ərəfədə Ankaraya qəzəbini açıq büruzə verməsəydi, indi nə qardaşlıq qalardı, nə də "1 millət, 2 dövlət" kəlməsi.

Stokholm şəhərində Xocalı soyqırımının 26-cı ildönümü anılıb
© Sputnik / Mikhail Voskresensky

Açıq deyirəm. Nə qarşılıqlı səfərlər olardı, nə xoş sözlər, nə də hansısa türk serialının yaraşıqlı qəhrəmanı “Nizami” kinoteatrına gəlib, gənc qızların səs-küyü arasında çəkildiyi filmin qala gecəsində iştirak edə bilərdi.

Çox uzatmadan keçək mövzuya. Nə olmuşdu 2009-cu ilin payızında? Dəqiq desək, 10 oktyabr tarixində.

Həmin gün İsveçrənin paytaxtı Sürix şəhərində Türkiyə və Ermənistanın xarici işlər nazirləri arasında diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan protokollar imzalandı.

İmzaların atıldığı mətnə əsasən, protokol qüvvəyə minəndən sonra 2 ay ərzində Dağlıq Qarabağın işğalından bu yana bağlanan Türkiyə-Ermənistan sərhədləri açılmalı idi. Ticarət canlanmalı, rəsmi Bakının iqtisadi embarqolarla boğduğu işğalçı dövlətə nəfəs verilməli idi.

Azərbaycan heç gözləmədiyi yerdən zərbə alırdı. Qardaşından.

Bakıda son ana qədər gözləyirdilər ki, Əhməd Davudoğlu o masadan ayağa qalxıb "hayır, ben böyle bir şeye imza atamam" desin.

Amma, olmadı! Əhməd Davudoğlu o masanın arxasından durmadı.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Üstəlik oktyabrın 14-də Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan matçına Serj Sarqsyanı da dəvət etdilər. Sarqsyan Bursa Atatürk stadionundakı oyunu Abdullah Gül ilə birgə izlədi. Matç 2-0 türklərin qələbəsi ilə başa çatdı. Bəzi qəzetlər "Dostluq qalib gəldi" manşetləri ilə çıxdı. O axşam stadion ətrafında Azərbaycan bayrağı zibil qablarına atıldı, yandırıldı, bayrağımızın stadiona keçirilməsinə icazə verilmədi və s. filan-“falan”. Əlbəttə, bayrağımızın yandırılması təxribat idi. Ağlı başında olan hər kəs bilir ki, heç bir türk bunu etməz.

Mövcud mənzərə qarşısında rəsmi Bakının əli-qolu bağlı qalmasını gözləmək sadəlövhlük olardı. Böyük qardaş kiçik qardaşı tənbeh edə bildiyi kimi, arada kiçik qardaş da böyük qardaşına bozara bilir. Adi həyatda da belədir.

Bu isə siyasətdir və siyasətçilər müəyyən etik davranış normalarından kənara çıxa bilməzlər. Məsələn, İlham Əliyev Abdullah Gülə zəng vurub "Abdullah bəy, sən nə edirsən, ağlını başına yığ, işğal bitməyib, açma sərhədləri" deyə bilməz.

Siyasətdə sərt və ya daha sərt mövqe bildirməyin öz yolları var. Sərt bəyanatı 10 oktyabrda Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan sonra Azərbaycanın Xarici İşlər Nazirliyi yaydı. "Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir", – nazirlikdən bildirilirdi.

Bursadakı futbol matçı ərəfəsində Azərbaycan bayrağının stadiona girişinə icazə verilməməsindən sonra Bakı daha da sərtləşdi. Paytaxtın bir çox yerində dalğalanan Türkiyə bayraqları endirildi. O qədər də xoş olmayan bu davranış rəsmi Bakının qəzəbinin hansı ölçüdə olduğunu tam açıq formada göstərirdi.

Uzun sözün qısası, Ankaradakı bəylər, sonda yanlış yolda olduqlarını anladılar. Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb demədilər. Azərbaycanın təzyiqi ilə mindikləri eşşəyin belindən düşüb, düz yola qayıtdılar. Ermənistanla əlaqələrin normallaşması müqabilində Dağlıq Qarabağı şərt qoydular.

Dünən isə Ermənistan prezidenti Türkiyə ilə əlaqələrin normallaşmasını birdəfəlik ləğv edən qanunu təsdiqlədi. Yəni "nəinki Qarabağı Azərbaycana qaytarmaq fikrimiz yoxdur, hələ sizin Ağrı dağında da gözümüz var" demək istəyir Sarqsyan.

Bəs onda bu protokola imza atmaq Türkiyənin nəyinə lazım idi? Onsuz da Ermənistan heç bir halda, istər o gün, istərsə də bu gün Dağlıq Qarabağın onlar qarşısında şərt kimi qoyulmasına razı deyildi.

Türkiyəli politoloq Güngör Gökdağa görə, 9 il öncə Sürix şəhərində imzalanan protokol kağız parçasından başqa bir şey deyildi:

"Bilirsiz, Ermənistan uydurma “1915-ci il soyqırımı” iddiası ilə bütün beynəlxalq arenalarda Türkiyəni günahlandırır. Avropa İttifaqı və ABŞ-da hər zaman Ankaraya çətinliklər yaradırlar. Ermənilərin Avropa və Amerikadakı lobbiləri olduqca güclüdür. Onlar boş durmurlar. Türkiyənin qüvvətlənməsini əngəlləmək istəyən bəzi qərb dövlətlər də hər fürsətdə bu uydurma “soyqırımdan” istifadə edib İrəvanın yanında dururlar. Dolayısı ilə beynəlxalq arenada Türkiyənin daha rahat hərəkət edə bilməsi üçün Ermənistanla əlaqələrin normal vəziyyətə gətirilməsi o dövrün hökuməti tərəfindən uyğun görülmüşdü. 2009-cu ildəki protokol da bu səbəblə imzalanmışdı. Bu gün Ermənistan prezidenti Serj Sarqsyanın qüvvədə olmayan bir protokolu ləğv etməsi Türkiyə üçün faciə deyil. Çünki blokadada olan biz yox, onlardır. Üstəlik, rəsmi Ankara dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ qaytarılmadan sərhədlər açılmayacaq. Türkiyədə heç bir siyasi partiya, Qarabağ işğalda ola-ola Ermənistanla sərhədləri aça bilməz, gücləri yetməz. Bu protokol sadəcə olaraq, Ermənistanla olan əlaqələrin daha da gərginləşməməsi üçün imzalanmışdı. Ermənistan tərəfi Türkiyənin Qarabağ şərtindən geri çəkilmədiyini gördüyü üçün protokolu ləğv etdi. Bu qədər!"

Teqlər:
Serj Sarqsyan, gərginlik, Türkiyə, Azərbaycan, protokol, ləğv

Əsas mövzular