İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 24 oktyabr — Sputnik. Gədəbəy rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Rayon ərazisində, 1-i dünya, 81-i ölkə və 24-ü yerli əhəmiyyətli qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr var. Onların arasında ən məşhur və sirli abidələrdən biri "Koroğlu qalası"dır.
Bu möhtəşəm tikili Qalakənd və Miskinli kəndləri arasında, sıldırım qayalığın zirvəsində geniş bir ərazini əhatə edir. Tikintisi XVII əsrə aid edilən qala-kompleks strateji baxımdan olduqca əlverişli yerdə inşa edilib.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən abidəyə yalnız ayaqla, piyada qalxmaq mümkündür. Qərb tərəfdən isə sıldırım qayalıqdır. Divarları 1-3 metr aralığında olan qalanın daxilində hələ də yel dəyirmanı, təndir və su anbarının xarabalıqları qalmaqdadır. Yerli sakinlərin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışdıqlarına görə, qalada indiyə qədər də tədqiq edilməyən gizli yeraltı yollar mövcuddur.
Bundan başqa, ərazinin sirlərindən biri də, su anbarıyla bağlıdır. Belə ki, dağın zirvəsində yerləşməsinə baxmayaraq, bu gün belə, orada yerləşən su anbarına daim təmiz su daxil olur. Sakinlər bura dolan suyun heç vaxt mamırlamadığını və iy vermədiyini deyirlər. Buna səbəb isə anbara dolan suyun gəldiyi kimi, gizli xətlərlə axıb getməsi göstərilir.
Qalanın adına gəlincə, qərb bölgəsində Azərbaycanın xalq qəhrəmanı Koroğlunun adı ilə bağlı yer adlarına çox rast gəlinir. Gədəbəy rayonunda Koroğlu ilə bağlı zağa, dərə, qalaça, qaya adları da var. Həmçinin, xalq arasında dastan qəhrəmanımızın bu yerlərdə olmasilə bağlı əfsanələr dolaşmaqdadır.
Lakin bəzi araşdırmaçılar sözügedən abidələrin yaşının, adından daha qədim olduğunu bildirirlər. Onların fikrincə, bu abidələrin yaşı, tarixi şəxsiyyət olaraq XVI-XVII əsrlərdə yaşamış Koroğludan daha əvvələ gedir.
Sputnik Azərbaycan-a danışan həvəskar araşdırmaçı Etibar Nadiroğlu, "Koroğlu qalası"nın tarixinin daha qədimə getdiyini, bir çox xüsusiyyətlərinə görə isə VII əsrdə yaşamış Girdman dövlətinin hökmdarı Cavanşirə aid olduğunu ehtimal edir.
Araşdırmaçı, Cəlalilər hərəkatının nümayəndələrindən biri olduğu güman edilən Koroğlunun belə möhtəşəm qala tikməyə vəsait və vaxtının ola biləcəyinin mümkünsüzlüyünü qeyd edir. Onun sözlərinə görə, Koroğlunun adıyla bağlı olan abidələrin çoxluğu, Sovet hakimiyyəti illərində onun adından təbliğat forması olaraq istifadə edilməsinin nəticəsidir.
"Ümumiyyətlə, Sovetlər dövrünün ilk illərində xalq arasında paşalara, xanlara qarşı vuruşmuş Koroğlu obrazından bir təbliğat forması kimi istifadə edilib. Xalqda sinfi düşmən elan edilən ağa-bəylərə qarşı üsyançı ruh aşılamaq, həmçinin tarixi kökündən, tarixi qəhrəmanlarından uzaq salmaq üçün bu obraz daha çox təbliğ edilib" — müsahibimiz bildirir.
"Bu səbəbdən, bir çox tarixi abidələrimizi əsaslı şəkildə araşdırmadan, Koroğluya aid olması barədə fikirlərlə qənaətlənmişik" – E. Nadiroğlu əlavə edir.
Mütəxəssis qalada daha dəqiq tədqiqatların aparılmasını lazım olduğunu bildirir. Qalanın hazırkı durumuna gəldikdə, tikilinin yalnız 25-30 %-i salamat qalıb. Abidənin bu gedişlə yaxın gələcəkdə öz sirlərini daha dərinə gizlədərək, yalnız daş topasından ibarət olması ehtimalı daha inandırıcı görünür.