CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmkanlı ailəni qorumaq üçün keşikçi qalası ucaldılıb - Bura Azərbaycandır

© Sputnik / Shahperi AbbasovaBalakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala
Balakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala - Sputnik Azərbaycan
Abunə olmaq
Qəflətən hücum olarsa, kömək gələnə qədər buraya sığınardılar

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Balakən rayonu ecazkar təbiəti, eyni zamanda, qədim tarixə malik mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Hazırda rayon ərazisində ölkə və yerli əhəmiyyətli çoxlu sayda tarixi abidə var.

Amma təəssüf ki, bu abidələr baxımsız durumdadır. Elə Balakənin Katex kəndində yerləşən, XVII əsrə aid dördbucaqlı qala kimi. Sözügedən abidə yerli sakinlərin birinin həyətindədir. Həmin abidəyə yaxınlaşmaq üçün ərazi sahibindən icazə almaq lazım gəlir. Kənd sakinlərinin əksəriyyəti abidənin varlığından belə, xəbərsizdirlər.

© Sputnik / Shahperi AbbasovaBalakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala
Balakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala - Sputnik Azərbaycan
Balakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala

Yerli tarixçi Məcid Mehrani qalanın tarixi haqqında Sputnik Azərbaycan-ın oxucularına məlumat verib: "Azərbaycanın şimal-qərb bölgəsi qədim və orta əsrlər tarixi dövründə özünün bir çox abidələri, o cümlədən qalaları ilə tanınıb. Elə Balakənin özündə də bir çox qalalar var ki, onlar hələ araşdırılmayıb".

Onun sözlərinə görə, bu cür qalalar iki məqsədə xidmət edirdi: "Ya varlı adamların saraylarının, imarətlərinin kənarında qurulurdu, ya da keşikçi məntəqələri kimi istifadə olunurdu. Qəflətən hücum olan vaxtda, kömək gələnə qədər müvəqqəti sığınacaq kimi istifadə edə bilsinlər deyə, belə qalalar inşa edilirdi".

"Məsələn, İlisudakı Sumuq qala sultanın imarətini qorumaq üçün inşa edilmişdi. Katexdəki bu qala isə yüksək təbəqənin adamlarını qorumaq üçündür. Məqsəd isə ilkin kömək gələnə qədər buradan sığınacaq kimi istifadə etmək idi" – deyə tarixçi bildirir.

Mehraninin dediyinə görə, bu səbəbdən də, sözügedən qalanın sahəsi kiçikdir: "Bu tipli qalalar XV-XVIII əsrlərə təsadüf edir. O dövrdə silsilə qala sistemləri olub. Bunlar keşikçi məntəqələri kimi fəaliyyət göstərib. Bu qalalar bir-birindən uzaq məsafədə qurulurmuş. Bu da onu göstərir ki, hər bir qala ayrı-ayrı varlı ailələri qorumaq üçün nəzərdə tutulub".

© Sputnik / Shahperi AbbasovaBalakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala
Balakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala - Sputnik Azərbaycan
Balakənin Katex kəndində yerləşən XVII əsrə aid dördbucaqlı qala

Tarixçi təəssüf edir ki, indiyə qədər bu qəbildən olan burc qalaları haqqında hələlik heç bir araşdırma aparılmayıb. Bu tip abidələrin araşdırılmasını və qorunmasını vacib hesab edən Mehrani deyir ki, ümumiyyətlə, bizdə belə abidələrin qorunmasına biganəlik var.

"Ən pisi isə odur ki, həmin sahəyə baxmağa təhkim edilmiş və bu iş üçün əməkhaqqı alan insanlar olsa da, onlar qalaları qorumağa maraq göstərmirlər. Abidə ilə maraqlanan insanlara əməkhaqqı versələr, onları bu işə cəlb etsələr, belə adamlar təkcə əmək haqqına görə yox, məhz öz vicdanlarına, vətənpərvərliklərinə görə onu qoruyacaqlar" — müsahibimiz qeyd edir.

© Sputnik / Shahperi AbbasovaŞimal-qərb bölgəsində yüzlərlə belə abidələr olsa da, onların əksəriyyəti baxımsız vəziyyətdədir
Şimal-qərb bölgəsində yüzlərlə belə abidələr olsa da, onların əksəriyyəti baxımsız vəziyyətdədir - Sputnik Azərbaycan
Şimal-qərb bölgəsində yüzlərlə belə abidələr olsa da, onların əksəriyyəti baxımsız vəziyyətdədir

Tarixçinin sözlərinə görə, Azərbaycanın şimal-qərb bölgəsində bu tipli qalaların sayı çoxdur. Buraya turistlərin cəlb edilməsi regionun iqtisadiyyatına, turizm sektorunun inkişafına təkan verə bilər. Mehrani son zamanlar turizmin sürətlə inkişaf etdiyi Gürcüstana diqqət çəkərək deyir ki, orada qədim tarixə aid olan hər şeyi kapital mənbəyinə çevirə bilirlər.

"Hər il milyonlarla insan, başda Tiflis olmaqla, Gürcüstanın şəhərlərinə, tarixi yerlərinə axın edir. İnsafən, orada bir çox qədim abidələr bizim ölkədəki abidələrlə müqayisədə çox yaxşı qorunub. Çünki onlar öz tarixi keçmişlərinə dəyər verə, onu təbliğ edə, bundan həm də pul qazana bilirlər. O ölkəyə axın ona görə belə güclüdür ki, turistə göstərməyə fərqli mədəniyyət var. Turisti müasir tipli binalar, körpülər, parklar, ya da otellərlə təəccübləndirmək çətindir. Amma onları bu torpaqlara aid mədəniyyətlə, qədim tarixin izləri ilə təəccübləndirmək mümkündür" – deyə tarixçi bildirib.

O, əlavə edir ki, şimal-qərb bölgəsində yüzlərlə maraqlı abidələr var: "Onlar ya adam içinə çıxarılası vəziyyətdə deyil, ya da baxımsızlıqdan getdikcə daha bərbad vəziyyətə düşür. Onların tədqiq olunmaması, tarixləri barədə turistləri maraqlandıracaq məlumatların əldə edilməməsi də bir başqa problemdir. Biz belə məsələlərə son dərəcə barmaqarası baxırıq deyə, region qonşularımız bizi üstələyə bilirlər. Biz onların fonunda xarici turistə barbar, mədəniyyətdən uzaq, tarixinə hörmət qoymayan xalq təsiri bağışlayırıq. Belə təəssürat yaranır ki, Cənubi Qafqazda sivilizasiya, sadəcə gürcülərə, ermənilərə məxsusdur, Azərbaycanın isə bu sivilizasiyaya aidiyyətı yoxdur".

Xəbər lenti
0