Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məhəmməd Füzulinin İraqdakı məqbərəsinin bərpası müzakirə olunub

© Sputnik / Олег Ласточкин / Mediabanka keçidИрак
Ирак - Sputnik Azərbaycan, 1920, 06.08.2021
Abunə olmaq
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
BAKI, 6 avqust — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Azərbaycanda səfərdə olan İraqın rabitə naziri Arkan Şihab Əhməd Əl Şaibani ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, A.Kərimov iki ölkə arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Hazırkı səfərin iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə yanaşı, ümumilikdə Azərbaycan və İraq arasında münasibətlərin inkişafı baxımından faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraqın Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan nazir iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
İraqın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirən A.Kərimov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı dövründə Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, vandalizm aktları barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir İraqın Azərbaycandakı səfirinin işğaldan azad olunan ərazilərə səfərindən bəhs edərkən həmin ərazilərdə mədəniyyətlə bağlı bütün infrastrukturun, eləcə də qəbiristanlıqlar, məscidlər, xristian abidələri və digər məkanların erməni işğalçı qüvvələri tərəfindən məqsədli şəkildə dağıdıldığını diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə geniş yenidənqurma və bərpa işlərini həyata keçirir. Həmin ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dini-etnik mənsubiyyətindən və xarakterindən asılı olmayaraq bütün inanc yerlərinin qorunduğunu, islam irsi ilə yanaşı xristian abidələrinin, qədim kilsələrin bərpasına başlandığını bildirib.
Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasından danışan nazir əsas məqsədin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımın, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyinin dünyaya çatdırılması olduğunu deyib.
Qəbula görə təşəkkürünü bildirən İraqın rabitə naziri Arkan Şihab Azərbaycan və İraq arasında ikitərəfli münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın keçiriləcək iclasından söz açan nazir əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikirlərini səsləndirib.
Nazir A.Şihab qədim sivilizasiyaların məkanı olan İraqda tarix boyu çoxsaylı müharibələrin olduğunu, bu ərazidə yerləşən tarixi abidə və tikililərin dağıntıya məruz qaldığını, mədəni irsə dair sənədlərin oğurlandığını vurğulayaraq bu baxımdan Azərbaycanın qarşılaşdığı vəziyyəti aydın şəkildə anladığını bildirib.
A.Kərimov görüş zamanı İraqın mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Füzulinin məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Görüş ölkələr arasında mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti, habelə əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, M.Füzuli orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biridir. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur. Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçüb. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Həmçinin oxuyun:
Dünyanın ən gözəl musiqiləri Qəbələdə səsləndi
Qarabağdakı kitabxanalar üçün kitab toplanılır
Xəbər lenti
0