Meşə yanğınları ilə bağlı vətəndaşlara çağırış

© Sputnik / Rashad KeremogluAğsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın
Ağsu rayonu Gəgəli kəndi yaxınlığında yanğın   - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
İradə İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər.
BAKI, 5 avqust — Sputnik. Ağsunun Gəgəli kəndinin yüksək dağlıq ərazisində başlayan yanğının meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, hazırda əməkdaşlarımız da hadisə yerindədir və Fövqəladə Hallar Nazirliyinin və yerli kənd camaatının köməyi ilə yanğının tez bir zamanda söndürülməsi və meşəyə keçməməsi üçün çalışırlar.
İ.İbrahimova bir daha vətəndaşlara müraciət edərək bildirib ki, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətdə olarkən odla ehtiyatlı olsunlar, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər:
"Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq, bu həyəcan bütün vətəndaşlarımızda da olsun. Yay mövsümündə təbiət ərazilərində, meşələrdə yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlı qursaq, yarana biləcək belə fəlakətlərdən qurtularıq".
Qeyd edək ki,  ötən gün axşam saatlarında Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında başlayan yanğın bu saatlarda da davam edir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası, Mülkü müdafiə qoşunlarının əsgərləri, eləcə də kənd əhalisi səfərbər olunub. İlkin mərhələdə alova yaxın olan​ Mingəçevirdən Bakı istiqamətinə gedən yüksək gərginlikli elektrik xətləri və meşə massivi yanğından mühafizə edilib.
Eyni zamanda yanğının Şamaxı rayonu ərazisinə keçməsinin qarşısı alınıb. Ərazidə əsasən xırda ağaclar, kolluq və quru otların yanması müşahidə olunur. Alovun axşam saatlarına qədər lokallaşdırılmasi gözlənilir. Havanın qismən küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Xatırladaq ki, Yardımlı rayonunun Honuba kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolağında baş verən yanğın söndürülüb. Yardımlı rayonu, Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunmuşdular.
Həmçinin oxuyun:
FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"
Fövqəladə Hallar Nazirliyi əməliyyat görüntüləri yayıb
Azərbaycan Türkiyəyə yenə təyyarə göndərdi
Ağsu alovlar içində: nazir və icra başçısı hadisə yerinə getdi
 
Xəbər lenti
0