Ermənistanı sivil qaydada dövlət sərhədinin delimitasiyası danışıqlarına çağırırıq - MN

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid Azərbaycan hərbçiləri, arxiv şəkli
 Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində son vəziyyət haqqında açıqlama yayıb.

BAKI, 28 iyul — Sputnik. İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

İyulun 28-nə dövlət sərhədindəki vəziyyətlə bağlı ilk məlumat

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İyulun 27-də dövlət sərhədində baş verənlər

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 26-da dövlət sərhədində baş verənlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

İyulun 25-də dövlət sərhədində baş verənlər

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 24-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

11:07

Hazırda Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

"Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır", - məlumatda qeyd olunur.

03:23

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

İyulun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər

22:04

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Azərbaycanlı hərbçinin şəhid olması

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir!

Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Xatırladaq ki, gizir Yaqublu Fərman Telman oğlu Prezident İlham əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.  

Qeyd edək ki, iyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyulun 6-da saat 17:50 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Həmçinin oxuyun: 

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN

* Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub

* Ağdamdakı bölmələrimiz atəşə tutulub, Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

* Ermənistan Tovuz və Kəlbəcərdəki mövqelərimizi atəşə tutub

Xəbər lenti
0