BAKI, 27 may - Sputnik. Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib.
O qeyd eib ki, Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər.
"Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?", - Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun.
Sərhəddə nə baş verib?
Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.
Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).
Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Həmçinin oxuyun:
* Ermənistan Müdafiə Nazirliyi əsir götürülən hərbçilərinin adlarını açıqladı
* Ermənistan sərhədyanı ərazilərdə qəsdən gərginliyin artırılması siyasətini həyata keçirir
* Ermənistan tərəfi dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb - MN
* Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə
* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...
* Zərif Ermənistan-Azərbaycan sərhədi haqda: Qısa zamanda sülh yolu ilə həll etmək lazımdır