20:19 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
14210

Hələ 5-6 il öncə Çinin dünyaya nəsə virtual bir platforma yayması mümkünsüz görünürdü. Çinliləri daha çox mal satmaq, başqalarının ideyasını mənimsəyib öz malı kimi təqdim eləmək maraqlandırırdı

BAKI, 21 oktyabr — Sputnik. Dövrümüzdə texnoloji sıçrayışlar birdən-birə baş verir. Əgər 10 il öncə “Facebook” sosial şəbəkəsinin virtual məkanı ələ almağı üçün 5-7 il tələb olunurdusa, bu gün köhnə platformanı sıxışdırmaq üçün 2 il də yetərlidir. 5 il öncə bir sıra analitik “Facebook”un 2020-ci ildə artıq ortadan çıxacağını, yerini digər şəbəkələrə verəcəyini proqnozlaşdırırdı. Bazarda öz yerini saxlamaq üçün “Facebook” ona qarşı olan təhdidləri neytrallaşdırmaqla hələ də dünyanın aparıcı şəbəkəsi kimi yerini saxlamaqdadır. Onu “Instagram” sıxışdırsa da, bu şəbəkəni zamanında alan “Facebook”un rəhbəri Mark Zukerberq bundan heç də narazı deyil. Yəni haraya getsən, bizimdir, deyir.

Cəmi bir ölkə bu prosesdən kənardadır, o da Çindir

Dünyanın ən nəhəng texnoloji şirkətləri ABŞ-da yerləşir. “Google”, “Youtube”, “Facebook”, “Twitter”, “Instagram”, “Snapchat”, “WhatsApp” kimi platformalardan hər gün milyardlarla insan yararlanır. Elə bazara da nəzarət onlardadır. Cəmi bir ölkə bu prosesdən kənardadır, o da Çindir.

Çin heç bir xarici şəbəkəni ölkəyə buraxmır, internet filtrlənir, daxili bazarda yalnız yerli platformalardan istifadə etmək olar. Əgər nəyəsə icazə verilirsə, deməli, həmin platforma Çin bazarı üçün uyğunlaşdırılmalıdır. Hər yer izlənilir, hər bir çinli nəzarətdədir. Hələ 5-6 il öncə Çinin dünyaya nəsə virtual bir platforma yayması mümkünsüz görünürdü. Çinliləri daha çox mal satmaq, başqalarının ideyasını mənimsəyib öz malı kimi təqdim eləmək maraqlandırırdı.

Bir neçə ilə “TikTok” “Facebook”un 10 ilə getdiyi yolu asanlıqla dəf etdi

Birdən-birə hər şey dəyişdi. Çinə məxsus “TikTok” adlanan kiçik bir mobil proqram hamının sevimlisinə çevrildi. Bir neçə ilə “TikTok” “Facebook”un 10 ilə getdiyi yolu asanlıqla dəf etdi, populyar videoservisə çevrildi. “TikTok”un hazırda 2 milyarddan artıq istifadəçisinin olduğu bildirilir. Bəzi hesablamalara görə, yalnız ABŞ-da 100 milyona yaxın insan “TikTok” istifadəçisidir. Yaradılanda yalnız 13-16 yaş qrupu üçün nəzərdə tutulan platforma artıq sərhədləri xeyli genişləndirib. Kimi dindirsən, deyir, “TikTok”dayam. Olduqca sadə alqoritmlərdən ibarət olan videoservis əsasən əylənməyə üstünlük verən gənclərin sevimlisidir. Burada həm maraqlı videoları izləmək olar, həm də özün kontent yarada bilərsən. Özü də populyarlıq qazanan kimi gəlir də əldə edəcəksən.

“ByteDance” şirkətinə məxsus olan “TikTok”un ağlasığmaz uğuru ABŞ üçün gözlənilməz oldu. Çin platformasının ABŞ virtual məkanında “ağalıq” etməsi Tramp administrasiyasını bir növ çaşdırdı. Gec də olsa, bunun qarşısını almaq üçün bir iş görmək tələb olunurdu. 2019-cu ildən başlayaraq ABŞ-da “TikTok”a qarşı təzyiq artıb. İlk növbədə bu proqramın ordu, donanma və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən istifadəsi qadağan edilib.

“TikTok” əlinə keçən məlumatı bazaya yollayır

Kiçik bir mobil əlavənin ABŞ-da belə bir qorxu yaratması nə qədər təəccüblü görünsə də, elə də əsassız deyil. Amerikanın dünyaya ixrac etdiyi böyük platformaların, demək olar, hamısı istifadəçi məlumatını toplamaq, həmin bazanı reklam və ya digər məqsədlə istifadə etməklə məşğuldur. Mətbuatda hər yaranan qalmaqaldan sonra “Apple” və ya “Facebook” rəsmiləri nəsə bir mənasız açıqlama verməklə problemdən yayınmağa çalışırlar. Amma “iPhone” telefonları dünyanın hər yerində dəqiqliklə izlənilir və hər qurğu bir komanda ilə tam sıradan çıxarıla bilər. Hər yerdə izlənilən telefonları eyni dəqiqliklə “Facebook” da izləyir. Əgər alınmasa, “Google”, “Youtube”, “Twitter”, “Instagram”, “WhatsApp" bu işə davam edirlər. Burada beynindən bir fikir keçir, birinci hərfini axtarış sistemində yazan kimi süni intellektin idarə etdiyi “Google” onu sənə dəqiqliklə təklif edir. Elə bil fikirlərini oxuyur.

“TikTok” məlumat toplamaq baxımından sadalanan platformaları xeyli geridə qoyub. Əlinə keçəni bazaya yollayır. Beləliklə, ABŞ-ın indiyəcən etdiyini başqa formada təkrarlayır. Tramp administrasiyası da bunun qarşısını almaq üçün bir sıra tədbiri görməyə məcbur olub.

“TikTok” məhkəmə çəkişməsinə getmədi

2019-cu ildə ABŞ Federal Ticarət komissiyası “TikTok”u həddi-buluğa çatmamış şəxslərin məlumatını topladığı üçün 6 milyon dollar miqdarında cərimə edib. “TikTok” 13 yaşdan aşağı uşaqlar barədə valideyn icazəsi olmadan məlumat topladığı üçün cəzalandırılıb. Hətta bəziləri kiçik yaşlı uşaqların videolarını da silmək məcburiyyətində qalırlar.

Bir müddət sonra ABŞ hakimiyyəti “TikTok”un sahibi olan “ByteDance” şirkətinə qarşı yoxlama aparır. Amerikalılar şirkətin "Musical.ly" xidmətini əldə etməsinin problem törədəcəyini dərk edirlər. ABŞ-ın Xarici investisiyalar üzrə komitəsi bu müqavilənin milli maraqlara nə qədər təhlükə törətdiyini araşdırmağa başlayır.

2020-ci ildə Tramp administrasiyası daha sərt mövqe tutmaqla “TikTok”u daxili bazardan çıxarmağa cəhd edir. Avqustun 6-da Trampın imzaladığı fərman “ByteDance” şirkəti və Çinə məxsus “WeChat” şəbəkəsinin sahibi “Tencent” şirkəti ilə hər hansı əməkdaşlığı qadağan edir. Bu qaydanı pozan ABŞ şirkətlərinə qarşı sərt sanksiyaların tətbiq ediləcəyi bildirilir. Növbəti mərhələ “TikTok”un ABŞ-da bloklaşdırılması ilə nəticələnə bilərdi.

Bir qədər sonra Tramp nə istədiyini də açıq-aydın ifadə edir. “Tik-Tok” ABŞ bazarında qalmaq üçün mütləq öz səhmlərinin müəyyən hissəsini yerli şirkətlərdən birinə satmalıdır. Əks halda, daha sərt sanksiyalar qaçılmaz olacaq. Çin öz haqqını məhkəmədə qorumaq niyyətində olsa da, bir müddət sonra qapalı danışıqların aparıldığı aşkara çıxır. Hətta “TikTok”un baş icraçı direktoru Kevin Mayer “siyasi vəziyyətin dəyişməsini” əsas gətirərək istefaya gedir. O bildirib ki, “TikTok” məhkəmə çəkişməsinə getməyəcək, ABŞ hakimiyyəti ilə müəyyən razılığa gəlmək mümkün olacaq.

Çin “TikTok”u ABŞ-la bölüşməli olsa da, şəbəkəni qoruyub saxlaya bilib

Tərəfləri razı sala biləcək razılıq artıq əldə edilib. “TikTok”un alınmasına maraq göstərən "Microsoft" şirkəti rədd cavabı alıb, əsas müştəri qismində “Oracle” şirkəti çıxış edir. Tramp da müqavilənin imzalanmasına ilkin razılıq verdiyini bəyan edib. Bir sözlə, müqaviləni imzalanması noyabrın 12-dək yekunlaşmalıdır. Təkliflər paketində maraqlı fikirlər yer alıb. “TikTok”un əməliyyatları yeni yaradılacaq şirkətə  – “TikTok Global”a ötürüləcək. Bu şirkətin səhmlərinin 20%-ni ABŞ-a məxsus “Oracle” və “Walmart” alacaq. ABŞ da daxil olmaqla dünyanın digər ölkələrində də servisi məhz “TikTok Global” reallaşdıracaq. Səhmlərinin 40%-nin Amerika fondlarına məxsus olduğunu nəzərə alsaq, faktiki olaraq şəbəkənin idarə olunması ABŞ-dakı investorların əlinə keçəcək. Amma Çin bazarında idarəetmə tam olaraq elə “ByteDance”ın əlində qalacaq. 

Beləliklə, uzun qarşıdurmadan sonra razılaşma əldə edilib. Uzun sürən müharibədə sülh müqaviləsinin imzalanması mümkün olacaq. Çin “TikTok”u ABŞ-la bölüşməli olsa da, hər halda bütün dünyaya təsir edən bir şəbəkəni qoruyub saxlaya bilib. Bir müddət qlobal müstəvidə sakitlik bərqərar olacaq.

Çox yəqin, Çinin artıq ehtiyat planı da hazırlanıb. Belə şəbəkələr, virtual oyunlar, digər texnoloji yeniliklər dayanmadan gündəmə gələcək. ABŞ-ın ona təhlükə ola biləcək hər platformanı neytrallaşdırmağa gücü çatacaqmı? Bu sual okeanın o tayında, yəqin, bir çox siyasət adamını düşündürür. Çinin artan qüdrəti Ağ Ev administrasiyasını çox narahat edir.

Əsas mövzular