11:30 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
51620

"Rusiyanın məşhur sərgi muzeylərinin birindən Hüseyn Hüseynzadənin arxiv fotolarının nümayişi üçün bizə təklif gəldi. Lakin biz bunu təşkil edə bilmədik. Çünki oğlu etiraz elədi"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Maraqlı və yaradıcı sənətlərdən biri də fotoqraflıqdır. Bu peşə də böyük istedad, yaradıcılıq tələb edir. Həmsöhbətimiz 1998-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvü olsa da, aktiv fəaliyyəti son 10 ilə təsadüf edir.

İşinin incəlikləri, qarşılaşdığı çətinliklər haqda Sputnik Azərbaycan-a danışan Rauf Umud bu sənətə gəlişinin təsadüfi olduğunu deyir: "Bir müddət Azərbaycan Dövlət Televiziyasında çalışmışam.

 Lakin oranın tələblərinə uyğun olmadığım üçün AzTv-də uzun müddət qalmadım. Cəzalanmayım deyə özüm oranı tərk etdim. Kino sahəsində də çalışmışam, operator kimi. Burada bəzi şeylər məni qane etmədiyi üçün fotomüxbir kimi fəaliyyətə başladım. Bu da təxminən ötən əsrin 80-ci illərinə təsadüf edir". 

Həmsöhbətimizin fikrincə, günümüzdə fotojurnalistika xeyli zəifləyib: "Səbəb texnikadan istifadənin daha əlçatan olmasıdır. Amma düşünürəm ki, bu gün fotomüxbirin fəaliyyəti elə xəbər hazırlayan, yazan müxbirlər qədər vacibdir. Elə fotolar var ki, özündə böyük bir mənanı ifadə edir. Yəni o fotonu gördükdən sonra məqaləni oxumağa gərək qalmır. Özü hadisəni danışan foto, məncə, ən mükəmməlidir".  

R.Umud sərgilərin təşkili ilə bağlı problemlərinin olduğunu da vurğulayır:

"Bizim əsas problemlərimizdən biri də sərgi işimizin axsamasıdır. Düzdür, bunadək xaricdə bir neçə sərgimiz təşkil olunub. Lakin fərdi və yaddaqalan sərgilərimizin sayı çox azdır. Bəzən şəxsi münasibətlərimizə görə sərgi salonları tərəfindən bizə pulsuz yerlər təklif olunur. Mədəniyyət Nazirliyi də xərci qarşılamaqla bizə yerlər təklif edib. Amma bu istiqamətdə olan əsas problemlərdən biri sərgilərin yalnız kiçik auditoriyanı cəlb etməsi, bütün ictimaiyyətə açıla bilməməsidir".

O, itkilərinin qazanclarından daha çox olduğu qənaətindədir: "Azərbaycan fotoqraflıq sənəti tarixində Hüseyn Hüseynzadənin yadda qalan portretləri çox olub. Onlardan biri də “Neftçilər”dir. Bu yaxınlarda Rusiyada məşhur sərgi muzeylərinin birindən Hüseyn Hüseynzadənin arxiv fotolarının nümayişi üçün bizə təklif gəldi. Lakin biz bunu təşkil edə bilmədik. Çünki oğlu buna etiraz edərək bildirdi ki, atasının əlavə reklama ehtiyacı yoxdur. Təsəvvür edin ki, bu gün itirdiyimiz qazancımızdan daha çoxdur. Fotoqrafların taleyi, onların keçmişi ilə bağlı Azərbaycan Fotoqraflar Birliyi olaraq nəsə əldə etməyə çalışsaq da, buna nail olmaq getdikcə daha da çətinləşir. Sanki adamlarla dil tapmaq bir az qəliz olub. Çünki insanlar başqa cür düşünürlər".

"Gələcəkdə Azərbaycan Foto Evinin yaranacağına ümid edirəm. Düşünürəm ki, bu baş verərsə, bütün itirilmiş əsərlər tapılar və gələcəkdə hansısa fotoların itməsinin qarşısı alınar", - deyə həmsöhbətimiz əlavə edib.

 Azərbaycanda bu sənətin iki əsrədək yaşının olduğunu deyən R.Umud bəzi nüanslara da toxunub: "Birlik olmalıdır, fotoqrafların birliyi. Birlik olarsa, sənəti sevənlər bir yerdə olacaqlar. Kimisə tənqid edirsənsə və buna görə o şəxs birlikdən çıxıb gedirsə, deməli, şöhrət axtarırmış. Birlik naminə bu ittifaqa gəlmisənsə, elədiyin işə tək özün qiymət verməməlisən.

Digər problemimizdən də sizə danışım. Bizdə ilin fotoqrafı titulu verilir. Biz onu kor-koranə deyil, fotoqrafın bir illik fəaliyyətini araşdıraraq veririk. Amma əsas problem bu titulun bir şəxsə ikinci dəfə verilməməsidir. Mən bunun əleyhinəyəm. Çünki bu, pay deyil ki, camaatın arasında bölək. Hər il bu titulu qazanmaq lazımdır. Lakin belə bir şərtin qoyulması artıq rəqabətliliyi aşağı salır. Ola bilər ki, kimsə bu titulu 5 dəfə qazansın. Bizim fotoqraflarımızdan biri olan İlqar Cəfərov ilin fotoqrafı mükafatı qazanmışdı. Sonradan biz ona fotomüxbir mükafatını verəndə dedilər ki, o onsuz da bundan yüksək mükafatı alıb. Bu, düzgün yanaşma deyil. Çünki istər-istəməz fotomüxbirin, fotoqrafın paslanmasına səbəb ola bilər. Bir mükafat bir şəxsə bir neçə dəfə verilsə, artıq digər fotoqraf da rəqabətə girəcək, düşünəcək ki, necə olur ki, biri bu titulu 5 dəfə qazanıb, amma mən bir dəfə də olsa, qazanmamışam. Bu zaman həmin şəxs qarşı tərəfin tərəqqisinə baxıb özündə olan çatışmazlıqları görə biləcək".

 R.Umud elədiklərinin bəzən yaradıcı insanlar arasında müəyyən qısqanclıqla qarşılandığını vurğulayır. "Halbuki həmin işlərin 99 faizi elə onların da xeyrinədir, - deyən həmsöhbətimiz məkan probleminə də toxunub. - Bizim insanları dinləyəcək bir yerimiz yoxdur. Yəni Azərbaycan Fotoqraflar Birliyinin mənzilinin olmaması işimizi çətinləşdirir. Düşünürəm ki, ayrıca binamız olsaydı, rahat oturub işləyərdik. Belə olan halda isə biz müxtəlif şəxslərlə ancaq mesajlar, telefon danışıqları ilə əlaqə saxlayırıq. Əlbəttə, bütün bunlar da yaradıcı şəxslər arasında münasibətləri daha da soyudur".

Sənətdə yaş məhdudiyyətinin olmadığını vurğulayan həmsöhbətimiz bir az da ötən illərdən söz açıb: "Tanınmış fotoqraf Faiq Rəcəbli 84 yaşınadək bu işlə məşğul oldu. Düşünürəm ki, heç bir sənətdə yaş məhdudiyyəti olmamalıdır. Məncə, yaş məhdudiyyəti insanların ömrünə vurulan ən böyük qayçıdır. Sən bu yaşa çatmısan, bunu eləyə bilməzsən, deyib niyə kiminsə boynuna nəsə qoymalıyıq? Olur ki, saytda, yaxud da qəzetdə hansısa peşə sahibinə aid bir foto getməlidir. Amma reportaj üçün gedəndə bəzən lazım olan şəxsləri tapmaq olmur. Bu zaman yaradıcı düşüncəni işə salmalı olursan. Yəni hazırladığımız reportaja uyğun olaraq həmin sənətkara, peşəyə aid nəyisə kadra alıram. Məsələn, bir dəfə meşəbəyinin fotosu lazım idi. Gedib meşəbəyini tapmadım. Bir kötüyün üstünə baltanı qoyub şəklini verdim".  

Sənəti qazanc mənbəyi hesab etməyən fotoqraf bəzi şəkilləri ümumiyyətlə yayımlamadığını bildirir: 

"1993-cü il idi, çəkdiyim şəkillərə görə fotoaparatımın lentlərini məndən tələb etdilər, mən isə cibimdə olan boş lentləri onlara verdim. Daha sonra həmin o lenti məndən alan polis dedi ki, bir sifarişim var, onu edərsən. Növbəti gün o sifariş üçün gələndə gizlətdiyim lentdən çıxardığım fotoları ona göstərdim. Həmin şəxs dəhşətə gəldi.  Amma sonradan mən bu şəkilləri heç yerdə nümayiş etdirmədim".  

 Son olaraq sənəti ilə bağlı ümidli olduğunu dilə gətirir: "Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim bu sahədə gördüyüm işlər az olmayıb. Ötən ilin mayında üç gün beynəlxalq foto günləri keçirtdik. Bundan başqa, Gürcüstanda və Azərbaycanda foto günləri təşkil etdik. Bu sərgilər də böyük maraqla qarşılandı. Eyni zamanda da Qlobal Fotoqraflar Birliyinin Azərbaycan üzrə nümayəndəsiyəm. Bu birlik də bizə müəyyən töhfələr verir".

Əlaqədar

Azərbaycanlı fotoqrafla zamanın dayandığı şəhərə səyahət - FOTOREPORTAJ
“Üçüncü gözün” sahibi: "Xonça tutub, təhlükəyə atılmaq vacib deyil"
Fotoqraf Azərbaycan fotojurnalistikası haqqında: soyuq münasibət var
Azərbaycanlılar hansı fotolara maraq duyur - fotoqraf danışır
Teqlər:
müsahibə, sənət, fotoqrafiya, fotoqraf

Əsas mövzular