13:22 23 Noyabr 2017
Canlı yayım
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanmasi ilə əlaqədar mətbuat konfransı

Fətva verildi: Özünə xəsarət yetirmək olmaz!

© Sputnik / Irade CELIL
XƏBƏRLƏR
Qısa URL
2292 0 0

"Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir"

BAKI, 14 sentyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası bu gün Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Sputnik Azərbaycan-ın məlumatına görə, fətvada deyilir:

"Hicri-qəməri təqvimlə 1438-ci il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni hicri 1439-cu ilin başlanğıcı — Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.

Məhərrəm ayı müqəddəs aylardan biridir. Bu ay həzrət peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

Məhərrəm ayının 10-u —Aşura günü 2017-cü il oktyabr ayının 1-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi olmaqla təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət yetirməməlidirlər.

Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməlidirlər. Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca Allahın Lütfü kimi dəyərləndirirlər.

Onlar bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə, multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə, Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar".

Əlaqədar

Bakı sakinləri Aşura günü ehtiyacı olanlar üçün qan verirlər
Azərbaycanda Aşura mərasimləri ləğv olunacaq
Teqlər:
Aşura günü, Məhərrəm ayı, fətva, Qazılar Şurası, QMİ, Qafqaz Müsəlmanları İdarəsi, İmam Hüseyn

Əsas mövzular