CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sım - Şah İsmayılın nəslindən olan alimlərlə Rüstəm-Zalın pəhləvan nəvələrinin kəndi

© Sputnik / Rahim MuradovPadşah daşı
Padşah daşı  - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Vaxtı ilə Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Sımın ərazisindən Naxçıvana aparan ticari yollar da keçib. Bu kəndin sakinləri deyirlər ki, onun yaşı eramızdan əvvələ gedib çıxır.
BAKI, 8 avqust — Sputnik. Lənkərandan cənubda, təxminən 55-60 km aralıda, Astara rayonunun ucqar dağ kəndi var. Bu, qədim yaşayış məskənlərindən biri olan Sım kəndidir. Sım Talış dağlarının qoynunda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Kəndin flora və faunası çox zəngindir və buna görə də qədim dövrlərdən başlayaraq insanlar burada məskən salıb yaşayıblar.

Sım kəndinin tarixi və adı

Uzun illər kənddə həkim işləmiş 75 yaşlı Talıb Salayev Sputnik Azərbaycan-a kəndin tarixi və adının mənası haqqında danışır: "Bizim kəndin tarixi desək ki, eramızdan əvvəlki tarixə gedir çıxır, yanılmarıq. Çünki bunu sübut edən tarixi dəlillər var. Məsələn, kəndin adının Sım olmasını müxtəlif cür izah edilir. Qədimdə kənd pəhləvanlar məskəni olub və hətta Ute adlanan meydan ki var, orada pəhləvanlar güləşərmişlər. "Sım" sözü yerli dialektə əsasən, daşlıq yer kimi anlaşılır. Digər fərziyyəyə əsasən isə "Samyə", talış dilindən tərcümədə kölgəlik deməkdir. Həmçinin Sım "toxum" deməkdir, 3-cü variant isə belədir: babalarımızın dediklərinə əsasən, ərazidə Sam tayfası yaşayıb. Yəni, "Şahnamə"dən də tanıdığımız məşhur pəhləvan Rüstəm-Zalın oğlu Samın övladlarının tayfası. Ona görə də kəndin adı Sam sözündən Sım sözünə çevrilib. Fikrimcə, ərazi daşlıq olduğundan birinci variant daha çox uyğun gəlir".
© Sputnik / Rahim MuradovSım kənd sakini Talıb Salayev
Talıb Salayev - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sım kənd sakini Talıb Salayev

Kənddə qədim dövrlərdən yaşayış olmasını sübut edən dəlillər

"Ərazidə tapılan maddi-mədəni nümunələr əsasən erkən orta əsrlərə, V-XI əsrlərə aiddir. Hətta Sasanilərin hakimiyyəti illərində Sım və Sımətrafı kəndlərdə daş körpülər inşa edilib. Bu körpülərin qalıqları hazırda qalmaqdadır". Bunu isə kənd məktəbinin tarix müəllimi Nəbi Xalıqov deyir.
"Kənddə 7 su dəyirmanı olub, bunlardan 5-nin yeri müəyyən edilib. Dəyirmanlardan birinin hazırda daşları da tam yerində qalıb. Həmin dəyirman XVIII əsrdə burada yaşamış Şeyx Abbas Ərdəbili tərəfindən inşa etdirilib. Su dəyirmanı hazırda işlək vəziyyətdədir. Kəndin özündə və ətrafında qədim dövrə aid çoxlu tikinti materialları - kərpiclər aşkarlanıb. Həmin kərpiclərin eni və uzunluğu 20 sm ölçüdədir. Bu tikinti materialları V-VI əsrə aid edilir. Bu ərazidə böyük yaşayış məskəni olub. Kənddə pirlərin yerləşdiyi ərazilərdə İbrahim peyğəmbərin dövrünə aid edilməsi ehtimal edilən mərtəbəli-pilləvari qəbirlər də var".
© Sputnik / Rahim MuradovSım kəndində "Padşah daşı"
Padşah daşı - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sım kəndində "Padşah daşı"

Qədim dövrlərə aid daş ocaqlar və "Padşah daşı"

"Sımın digər hissəsində eni təxminən 1, uzunluğu isə 2 metr olan qəbirüstü daşlar var. Bu daşlar da çox qədim dövrlərdə hazırlanıb. Kənddə həmçinin üzərində ərəb dilində yazılar və ən əsası mixi yazıları olan daşlar da var. Sımın ərazisində içəriləri oyulmuş daşlar var. Qədimdə axşamlar dini mərasimlər keçirilən zaman həmin daşların içərisinə yağ töküb məşəl kimi yandırıblar", - Xalıqov sözünə davam edir.
Nəbi müəllim kənddə üç qədim məhəllə olduğunu bildirir: "Bunlardan biri Ute məhəlləsidir ki, ən qədim məhəllədir. Padşah daşı, padşah çarhovuzu və qədim qəbiristanlıq da həmin məhəllədə yerləşir. Rəvayətlərə əsasən, Sım ərazisində padşah yaşayıb. Padşah həmin daşın üzərində oturar, sağında-solunda isə vəzir-vəkili oturarmış. Cinayət törədənlər çayın kənarında yerləşən daşın yanına, padşahın hüzuruna gətirilirmişlər. Mühakimə olunanlara ya yerindəcə ölüm cəzası verərək onları dərədən atırmışlar, ya da Ute məhəlləsindən təxminən 3 km yuxarıda, Ballı qayanın arxasında dustaqxanaya, cəza çəkməyə göndərirmişlər. Bu gün də həmin dustaqxananın daş qalıqları qalmaqdadır. Qədim dialektə əsasən, Ute güllü-çiçəkli məkan deməkdir. Kəndin digər iki məhəlləsi isə Qədim Sım və Dəyirman məhəllələridir".
© Sputnik / Rahim MuradovSım şəlaləsi
Sım şəlaləsi - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sım şəlaləsi

Sımda hər zaman təhsil və sənətkarlığa böyük diqqət olub

"İstər Sovet hökuməti qurulandan əvvəl, istərsə də SSRİ dövründə Sım öz mədəniyyəti və sənətkarlığı ilə məşhur olub. Sovetlər dönəmindən əvvəl kəndimizdə ibtidai dini məktəb olub. Həmin məktəbdə Molla Fərəc adlı kəndimizin axundu dini dərslər deyib", - deyən Nəbi Xalıqov əlavə edir ki, Molla Fərəc onun ulu babası Şeyx Salehin qardaşı olub və o, İraqda 25 il dini təhsil aldıqdan sonra qayıdaraq dərs deyib.
"Baxmayaraq ki, kəndimiz dağ kəndidir, qədimdə burada dulusçuluq, dəmirçilik, toxuculuq və hətta zərgərlik olub. Kəndin mərkəzində isə qədimdə ərzaq məhsullarının saxlanılması üçün çox böyük küplərin qalıqları aşkar edilib. Bu da qədimdə kənddə əkinçiliyin, əsasən də taxılçılığın inkişaf etməsini sübut edir", - deyir Xalıqov.
© Sputnik / Rahim Muradov
Ute mehəlləsi - Sputnik Azərbaycan
1/4
© Sputnik / Rahim MuradovSim kəndi
Sim kəndi - Sputnik Azərbaycan
2/4
Sim kəndi
© Sputnik / Rahim MuradovPadşah çarhovuzu
Padşah çarhovuzu - Sputnik Azərbaycan
3/4
Padşah çarhovuzu
© Sputnik / Rahim Muradov
Üzərində mıxlı yazılar olan daş - Sputnik Azərbaycan
4/4
1/4
2/4
Sim kəndi
3/4
Padşah çarhovuzu
4/4

Sımın ərazisindən İrana, oradan da Naxçıvana gedən ticari yollar

Sımın ərazisində qədimdə Cənubi Azərbaycandan şimala gedən yol olub: "İndi həmin ərazi Lərj adlandırılır və oraya Lərj yolu deyilir. Lərj yolu talış dilindən tərcümədə palçıqlı yol deməkdir. İndi həmin yolun üzərində sərhəd qurulub, yəni yolun bir hissəsi İran İslam Respublikasının, digər bir hissəsi bizim kəndin ərazisindədir. Qədimdə kənd camaatı Lərj yolundan istifadə edərək ticarət üçün Ərdəbilə gedərdi. Hətta kənd camaatı bəzən bazarlıq etmək üçün Astaraya deyil, bu yoldan keçərək Ərdəbilə gedərmiş. Bundan əlavə, kənddə Firəng yolu da var ki, Çar Rusiyasının hakimiyyəti illərində bu yolla kəndin ərazisində olan meşədən gəmiqayırma üçün və çəlləklərin hazırlanması üçün yararlı ağaclar daşınıb. Onu da qeyd edim ki, Sımın ərazisindən Naxçıvana aparan ticari yollar keçib".
© Sputnik / Rahim MuradovSım kəndində qədim qəbiristanlıq
Qədim qebristanlıqlardan biri - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Sım kəndində qədim qəbiristanlıq

Sım sakinlərinin inancı və qədim qəbiristanlıqlar

"Sım kəndinin əhalisi İslama qədər atəşpərəst olub, təxminən VIII əsrdən başlayaraq isə kənddə İslam dinini qəbul edib müsəlman olublar. Kənd əhalisi talışlardır və burada olan məkanların adlarının əksəriyyəti talış dilindədir. Sımın ərazisində 12 qədim qəbiristanlıq mövcuddur. O qəbiristanlıqlarda elə qəbirlər var ki, bir neçə nəfəri bir qəbirdə dəfn ediblər. Böyük ehtimalla qədimdə bu ərazidə döyüşlər gedib. Orta əsr müharibə qaydalarına əsasən, döyüşdə həlak olanları bir növ kütləvi məzarlıq kimi bir yerdə dəfn ediblər", - Xalıqov bildirib.
Nəbi müəllim ulu babasının Şah İsmayıl Xətainin nəslindən olduğunu vurğulamağı da unutmur: "Bizim nəslimizin banisi Şeyx Abbas XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Sıma köçüb. Şeyx Abbasın ulu babaları isə Ərdəbildə yaşayıblar. Bunlardan Şeyx Mir Baba Həmzə, Şeyx Mirələm, Şeyx Nəsrulla, Şeyx Mir Abbasın adlarını çəkə bilərəm. Şeyx Mir Baba Həmzə XIV əsrdə yaşayıb və Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiyəddinin kürəkəni olub. Şeyx Mir Baba Həmzə Ərdəbil mahalında kəndlərin birində yaşayıb, orada dünyasını dəyişib və məqbərəsi də orada yerləşir. Elə Şeyx Mirələm də orada dəfn edilib. Şeyx Mir Abbas və Şeyx Nəsrullah Sıma yaxın Sibbiyət kəndində dəfn ediliblər. Yaxın dövrlərdə rayon rəhbərlərinin göstərişi ilə Şeyx Nəsrulla ilə Şeyx Mir Abbasın məqbərəsi əsaslı şəkildə təmir edilərək bərpa olunub. Bu şəxslərin hamısı öz dövrlərinin böyük alimləri olublar. Buna görə də həmin şəxslərin məqbərələri yerli sakinlər tərəfindən müqəddəsləşdirilib və indi də ziyarət olunmaqdadır".
Eləcə də oxuyun:
"Götür məni getdiyin yerə", yaxud Azərbaycanda pulsuz səyahətin qaydaları
Məhəmməd Füzulinin İraqdakı məqbərəsinin bərpası müzakirə olunub
Naftalanda təkcə müalicəvi neft deyil, həm də zəngin tarix yatırmış
Bu gözəlliyi seyr etmək artıq arzu olmayacaq
Ermənilərin Qarabağdan talayıb Gürcüstanda satdıqları heykəlləri Azərbaycan pulla alıb
Xəbər lenti
0