CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN son qadın qətlinə aydınlıq gətirdi: "Barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir"

© Sputnik / Murad OrujovСилуэт человека
Силуэт человека  - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
DİN rəsmisinin sözlərinə görə, ilk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı.
BAKI, 5 avqust — Sputnik. Ailə-məişət zəminində daxil olan bütün müraciətlər Daxili İşlər Nazirliyiniin nəzarətinə götürülür.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusunu cavablandırarkən deyib. O ötən gün həyat yoldaşı tərəfindən öldürülən qadınla bağlı səslənidirlən iddialara diqqət çəkib.
E.Hacıyev bildirib ki, paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar paylaşılır və polisi daha çox müzakirə obyektinə çevirməyə çalışırlar:
"Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının "ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm" kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib".
E.Hacıyev bildirir ki, cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq görülüb.
Buna baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alınıb: "İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir".
"Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət-profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür", - E.Hacıyev əlavə edib.
Qonşuya sığınan qadının öldürülməsi
Qeyd edək ki, ötən gün saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.
Sosial şəbəkə istifadəçilərinə cavab
DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bu hadisə ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialara cavab verib.
O, bildirib ki, sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanuna müvafiq tədbir görülməməsi ilə əlaqədar hüquqi və rəsmi əsası olmayan iddialar yayılıb:
"Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.
Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S. Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib".
Qeyd edək ki, ötən ay ərzində də bir neçə dəfə ailə-məişət mübahisələri zəminində qadınların həyat yoldaşları tərəfindən qətlə yetirilməsi faktları qeydə alınıb.
Həmçinin oxuyun: 
* Bakıda qonşu kişinin evinə sığınan qadın əri tərəfindən öldürüldü
 
Xəbər lenti
0