02:06 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
2180 0 0

Daxili turizmdə sığorta sistemi işləmədiyindən, bu zaman turistlər çarəsiz durumda qalırlar. Hansısa hoteldə xəsarət alırlarsa, müalicə xərcini özləri ödəyirlər.

BAKI, 1 avqust — Sputnik. Türkiyə də bir neçə gün əvvəl başlanan meşə yanğınları ölkənin əsas turizm kurortlarını əhatə etdiyindən, turizm sektoruna ciddi problemlər yaratmağa başlayıb. Yanğın hadisəsi zamanı xarici turistlər həyəcan yaşayıblar.

Manavqatda başlayan yanğınlar əsas turizm kurortu olan Bodruma da yayılıb. Hotellərdəki turistlər təxliyə edilib. Meşə yanğını Bodrumdakı məşhur "Titanic Hotel"ə yaxınlaşıb. Hoteldə olan bütün qonaqlar dəniz yolu ilə təxliyə edilərək yaxınlıqdakı başqa hotellərə köçürülüb. Bu hadisə Azərbaycanda turizm sahəsində sığorta məsələsini yenidən gündəmə gətirib. Qeyd edək ki, koronavirus pandemiyası dövründə turizmin inkişaf etdiyi bir çox ölkələrə səyahət imkanı məhdudlaşdığından, daxili turizmə tələbat artıb. Amma bugünədək daxili turizmdə sığorta sistemi işə düşməyib.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili turizmdə sığorta sisteminin işə düşməsi günün tələbidir: "Pandemiya ilə əlaqədar gəlmə turizm demək olar ki, işləmir. İndi turizm sektoru daxili turizm hesabına ayaqda dayanıb. Amma daxili turizmdə hələ də sığorta sistemi işə salınmayıb. Ona görə də, turizmin inkişaf etdiyi bölgələrə üz tutan vətəndaşların qaldıqları hoteldə, istirahət mərkəzində başına hər hansı hadisə gəlsə, onlar köməksiz qalırlar. Turizm obyekti sahibi buna görə heç bir məsuliyyət daşımır".

M.Ağakərimovun sözlərinə görə, meşə yanğınları olmasa da, Azərbaycanda daxili turistlər arasında qaldıqları hoteldə zəhərlənən, hovuzlarda xəsarət alanlar olub: "Ötən il Nabrandakı "Atlant" istirahət mərkəzində 10 yaşlı uşaq hovuzda boğulub. 2013-cü ildə Nabran qəsəbəsinin ərazisindəki "Nabran" istirahət mərkəzində azyaşlı İmran Cəfərzadə hovuzda çimərkən su çəkən borunun pərlərinin arasına düşərək şikəst olmuşdu. Daxili turizmdə sığorta sistemi işləmədiyindən, bu zaman turistlər çarəsiz durumda qalırlar. Hansısa hoteldə xəsarət alırlarsa, müalicə xərcini özləri ödəyirlər", - deyə M.Ağakərimov bildirir.

Turizm eksperti deyir ki, turizm sığortası işləmədiyindən turizm mərkəzləri işə bəzən məsuliyyətsiz yanaşırlar. Onun sözlərinə görə, daxili turizmdə sığorta sisteminin işə düşməsi həmin obyektlərin məsuliyyətini də artıracaq: "Əgər daxili turizmdə sığorta sistemi işləsə, hər hansı hotelin müdiriyyəti, meneceri məsuliyyət hiss edər. Çünki belə halda müştəriyə dəymiş ziyanı ödəmək həmin turizm obyektinin üzərinə düşür. Belə olanda turizm obyekti yeməyin keyfiyyətindən tutmuş təhlükəsizliyə qədər hər bir məsələyə diqqətli yanaşır".

M.Ağakərimov bildirir ki, daxili turizmdə sığorta sisteminin işə düşməsi turizm sektorunda qiyməti cüzi artıra bilər. Çünki sığorta xərci avtomatik olaraq turist "putyovkası"nın üzərinə gəlir. Amma nəticədə turist sığortalandığından hər hansı hadisə baş verdikdə çıxılmaz vəziyyətə düşmür.

Azərbaycan Hotel Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam Sputnik Azərbaycan-a bildirib ki, daxili turizmdə sığortanın tətbiq edilməsi vacib məsələdir. Amma bunda sığorta şirkətləri də aktiv olmalıdırlar. G.Sağlamın sözlərinə görə, hazırda ölkəmizdəki sığorta şirkətləri xarici ölkələrə səyahət sığortası təqdim edirlər. Amma daxili turizmdə sığorta tətbiq edilmir: "Çox təəssüf ki, daxili turizmdə bu günə qədər yalnız Şahdağda qış turizm növündə turistlərlə sığorta müqaviləsi imzalanır. Turizmin digər sahələrində sığorta sistemi işləmir. Bu isə turistləri istirahət zamanı yarana biləcək problemlə baş-başa qoyur", - deyə G.Sağlam bildirir.

G.Sağlam daxili turizmdə sığortanın tətbiqinin xidmət səviyyəsinin yüksəlməsinə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə gətirib çıxartdığını bildirir. Onun sözlərinə görə, bu, turizm müəssisələrinin müştərilərə münasibətdə məsuliyyətini artırır.

Əlaqə saxladığımız sığorta şirkətlərindən də daxili turizmə sığorta məhsulu təklif etmədiklərini bildirdilər. "Xalq Sığorta" şirkətindən bildirdilər ki, xaricə səyahət sığortası olsa da, daxili turizmlə bağlı belə məhsulları yoxdur.

Sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda daxili turizmdə sığortaya tələbat yoxdur. Ekspert bildirir ki, sığorta şirkətləri daxili turizmdə sığortanın tətbiq edilməsinin tərəfdarıdır. Onu sözlərinə görə, sığorta şirkətləri belə bir məhsul təklif etsələr də, Azərbaycanda turistlər buna maraq göstərmir: "Azərbaycanda daxili turizmdə sığortanın tətbiqi məcburi deyil. Buna görə də, turistlərin çoxu istirahət zamanı sığortaya müraciət etmirlər. Amma Avropa Birliyi ölkələrinə səyahət sığortası vacibdir. Hətta bəzi ölkələr səyahət zamanı sığorta olmadıqda viza vermir. Daxili turizmdə bu məsələ könüllüdür", - deyə ekspert bildirir.

İ.İbrahimov deyir ki, daxili turizmdə sığorta sistemi işləmədiyindən turistlər istirahət zamanı xəstələndikdə, yaxud hər hansı arzuolunmaz bədbəxt hadisə baş verdikdə problemlərini özləri həll etmək məcburiyyətində qalırlar.

Müstəqil sığorta eksperti Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sığorta şirkətləri daxili turizmdə sığorta məhsulu təklif etməkdə passivlik göstərir. Onun sözlərinə görə, sığorta şirkətləri yenilikdən çəkinir, yaxud bu perspektivi anlamırlar. Halbuki turizm sığortası bazarda kifayət qədər mənfəətlidir. Ə.Bayramov deyir ki, bu sığorta məhsulu çox ucuzdur.

Dövlət Turizm Agentliyindən isə bildirdilər ki, hazırda daxili turizmdə sığorta könüllüdür. Amma yaxın gələcəkdə daxili turizmdə sığortanın icbari olmasının qanunvericiliyə salınması nəzərdə tutulur. Daxili turizmdə sığorta sisteminin işə salınması üçün sığorta şirkətləri ilə də görüşlərin keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun:

* Türkiyədəki 107 yanğından 98-i nəzarət altına alınıb

* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

* Antalya alov içində - dəhşət saçan fotolar

Əsas mövzular