CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvanları günvurmadan necə qorumalı?

© AR Ministry of AgricultureKəlbəcərdə yaylaqlarda qoyunçuluq təsərrüfatı
Kəlbəcərdə yaylaqlarda qoyunçuluq təsərrüfatı - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
İsti havada heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünürsə, bu, narahatlıq üçün əsasdır.

Hazırda yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı heyvanları arasında günvurma hallarına daha çox rast gəlinir. Belə hallarda heyvanların məhsuldarlığı 25-30% aşağı düşür. Bu baxımdan sahibkarların günvurma hallarının kliniki əlamətlərini bilməsi və bunlara qarşı mübarizə tədbirlərini aparması vacib şərtlərdən biridir.

Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadla xəbər verir ki, günvurma kəskin formalı xəstəlik olub, bilavasitə günəşin düz şüalarının baş beyinə təsiri nəticəsində sinir mərkəzlərinin pozulması ilə səciyyələnir. Xəstəliyə bütün növ kənd təsərrüfatı heyvanları tutulur. Heyvanlar uzun müddət qızmar günəş altında saxlandıqda günvurmaya daha tez mәruz qalır. Günəşin başlıca olaraq düz, infraqırmızı şüalarının baş nahiyəsində uzun müddət təsiri sayəsində baş beyin qabığı qızır, beyin qabığında temperatur normadan 2-3 dərəcə artıq olur. Baş beyin və onun qabığında hiperemiya və ödem əmələ gəlir, kəllədaxili təzyiq yüksəlir. Nəticədə baş beyin qabığında funksiya pozğunluqları başlayır, tənəffüs mərkəzi və damarları hərəkət etdirən mərkəzlərin fəaliyyəti pozulur. Bunlar ürək və ya tənəffüsün iflicini verərək, ölümə səbəb olur.

Əlamətləri

Əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan huşunu itirərək yıxılır, bəbəkləri genəlir, reflekslər kəskin surətdə zəifləyir.

Ürək-damar və tənəffüs sistemi üzvlərində dəyişiklik əmələ gəlir: selikli qişalar sianozlaşır, nəbz dalğaları kiçilir, damarlar qanla kifayət qədər dolmur, ürəyin tonları pozulur, tənəffüs tezləşir və ritmi dəyişir, aritmiya müşahidə olunur. Xəstə heyvana vaxtında müvafiq baytar yardımı göstərildikdə 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində mövcud olan pozğunluqlar aradan qaldırılır, lakin heyvanda ümumi zəiflik hələ bir neçə gün davam edir. Əks halda, müalicə aparılmadıqda və günəşin düz şüalarının təsiri aradan qaldırılmadıqda heyvanda koma halı başlayır: heyvan yerə yıxılır, reflekslər itir, qıcıqlara cavab reaksiyası vermir, qeyri-iradi olaraq sidik və nəcis ifraz edir, tənəffüs çətinləşir, nəbz zəifləyir. Başın və bədənin dərisi isti və quru olur.

Profilaktik tədbirlər

Yaylaq şəraitində heyvanları günvurmadan qorumaq üçün qaya kölgəsi, axar çay sahili, küləkdöyən və ya meşəlik ərazilərdə saxlanması məqbul hesab edilir. Günün sonunda bütün heyvanların hərəkətləri və duruşuna diqqət yetirilməlidir. Odur ki, heyvan sahibləri və fermerlər yay dövründə daha diqqətli olmalıdırlar.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, isti hava şəraitində kənd təsərrüfatı heyvanlarını günün isti vaxtlarında, yəni saat 11:00-dan 17:00-dək günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına riayət etməklə kölgədə saxlamaq və sərin su ilə təmin etmək lazımdır. Həmçinin baytar həkiminin nəzarəti altında ektoparazitlərə qarşı tədbirlər həyata keçirilməli, xəstə heyvanın yemləmə və bəslənməsinə diqqət yetirilməli, əsasən, asan həzmə gedən yemlər və təmiz içməli su verilməlidir.

Eləcə də oxuyun:

Xəbər lenti
0