BAKI, 15 iyul — Sputnik. Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu ilə evdar xanım Radə Qurbanovanın övladı, dörd uşağından biri Xudayar Yusifzadənin bu gün doğum günüdür. Ailəsi şəhidimizin ölümündən sonrakı ilk doğum gününü onu sevənlərlə birgə qeyd edib.
Məlahətli, ürəyəyatımlı səsi ilə oxuduğu “Vətən yaxşıdır” mahnısıyla tanımışdıq onu. Vətən torpağına ayaq basmanın xoşbəxtliyi gülən gözlərindən oxunan şəhidimiz cəbhədə canı, qanı ilə vuruşan minlərlə vətən övladından biri idi. Gizir Xudayar Yusifzadə ölümündən əvvəl çəkilən görüntüləri ilə hər kəsin ürəyinə hakim olmuşdu. Hər kəs sevirdi onu...
Ailəsi ilə vida söhbəti
Şəhidin qardaşı Məhəmməd Yusifzadə Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyib ki, ataları Xudayarın dünyaya gəlişindən 24 gün sonra dünyasını dəyişib. “Xudayar 1998-ci il iyulun 15-də dünyaya göz açıb. 24 gün sonra atam dünyadan köçüb. Xudayar bizə əmanət, yadigar qalmışdı. Uşaqlıq illərindən hərb sahəsinə maraqlı bir uşaq idi. Əsgərlikdən gəldikdən sonra yenidən sərhəd qoşunlarına yazılmaq istəyirdi. Yazıldı da”.
Ömrünü Vətənin müdafiəsinə həsr etmək istəyən gizir buna nail olur. Vətənin müdafiəsinə qalxır və göstərdiyi şücaət və xatirələri ilə dastana çevrilir. Qardaşı deyir ki, Xudayarın ilk döyüşü Kəlbəcər istiqamətində olur: “Öncə Kəlbəcər istiqamətində döyüşlərdə iştirak etdi. Daha sonra Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətinə gəldilər. Zəngilan istiqamətində gedən döyüşlərdə qardaşım şəhid oldu”.
Qardaşı Xudayarın ölümündən bir gün əvvəl ailəsi ilə danışdığını da bildirir: “Həmişəki kimi deyib-gülürdü ancaq. Zarafat edirdi. Amma onun bizimlə son danışığı oldu”.
Acı və qürur dolu ömür yolu
Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Atasız böyüyən Xudayar nənə-babasının himayəsində olub. Xudayar hərbi xidmətdə olarkən atasından qalan ev elektrik naqillərindəki qısaqapanmadan yanaraq külə dönür və onlar kirayədə yaşamalı olurlar. İşləmək üçün paytaxta yollanan Xudayar və ailəsi taleyin çətinlikləri qarşısında əyilmirlər. Tale onu elə istədiyi kimi hərbi sahəyə gətirib çıxarır və elə ömrünü də arzuladığı kimi Vətənin müdafiəsi yolunda fəda edir.
O, 2016-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və “gizir” hərbi rütbəsi alıb. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə təlimlərə qatılıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan uğrunda gedən döyüşlər zamanı Ağbənd istiqamətində şəhid olub.
“Xudayar təkcə mənim yox, xalqın oğludur”
“Xudayar təkcə mənim yox, xalqın oğlu idi. Baxın görün xalq onu necə sevir. Mən desəm ki, Xudayar mənim oğlumdur, onu sevənlərə haqsızlıq olar. Xudayar xalqın oğlu idi”.
Bu sözləri isə şəhidimizin anası Radə Qurbanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O deyib: “Xudayar haqqında nəsə danışmaq artıqdır. Xudayar özü öz sözünü deyib, gedib. O, təkcə özü üçün yox, həm də bütün şəhidlərimiz üçün danışıb. Bu gün Azərbaycan xalqı da şəhidinin sözünü deyir. Bugünkü gündə ona olan sevgi, ona olan məhəbbət açıq-aydın görünür. Mən bir ana kimi demək istəyirəm ki, Xudayar mənim yox, Azərbaycan xalqının oğludur”.
Şəhidin anası həmçinin bu günün özəl olduğunu və Xudayarın məhz döyüş təlimlərinə bu gün könüllü olaraq yazıldığını da qeyd edib.
“Xudayar Polad Həşimovun şəhadətə yetdiyi gün könüllü təlimlərə yazılıb. Hər ikisi ilə də bütün Azərbaycan xalqı fəxr edir. Allah hər ikisinin də şəhadətini mübarək eləsin. Bütün şəhid analarına bir sözüm var. Bizim övladlarımız qəhrəmandırlar və biz onlarla fəxr etməliyik. Allah bütün şəhid analarına səbir və dözüm versin”.
Qorxmaz döyüşçü
“Xudayar olduqca gözəl qardaş olub. Onun haqqında Xudayarı tanıyan kimdən soruşsan, eyni sözləri eşidəcəksən. Qorxmaz döyüşçü idi. Bu gün hər kəs onun doğum gününə toplaşıb. Azərbaycanda elə bir şəxs tapmazsan ki, Xudayarı tanımasın, onu xoş xatirə ilə anmasın. Bütün şəhid analarının qarşısında baş əyirik. Onun anasına Allahdan səbir diləyirik. Biz şəhidlərin hesabına qalib olduq. Bütün şəhidlərin qarşısında baş əyirik. Allah Azərbaycan xalqına hər zaman Xudayar kimi igid oğullar nəsib etsin ki, biz Xudayar kimi ürəyi Vətənlə döyünən, ruhunda, əqlində, dilində Vətən sözü olan ərənlərimizlə fəxr edək. Ruhun şad olsun, igidimiz”, - qazi Rail Yusubov Xudayarla bağlı xatirələrini bizimlə bölüşərkən deyib.
Xudayar Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
2021-ci il fevralın 18-də Xudayar Yusifzadənin təhsil aldığı Bərdə şəhərinin Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində onun büstünün açılış mərasimi olub. Xudayar Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə bəstələnmiş mahnını ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlandırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Eləcə də oxuyun:
-
Öz toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdıran "Akula" ləqəbli şəhid mayorun duaları
-
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısı açıqlandı
- Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə
-
"Dumanlar başımda dastana döndü" - səyyar sərgiyə mövzu oldu
-
Kraliçanın olduğu tədbirdə "Xudayar təsnifi" səsləndi – britaniyalılar heyran qaldılar