Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dumanlar başımda dastana döndü" - səyyar sərgiyə mövzu oldu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidCəbrail rayonunda
Cəbrail rayonunda - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısından götürülüb.

BAKI, 6 iyul — Sputnik. "YARAT" Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət "Dumanlar başımda dastana döndü" adlı qrup sərgisini təqdim edir. Sputnik Azərbaycan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.

"YARAT"ın "Dumanlar başımda dastana döndü" adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya "YARAT" Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Ənənəvi olaraq "Dumanlar başımda dastana döndü" səyyar sərgisi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünya və virtual reallıq mövzularını araşdırıb, həmçinin incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Məhsəti Gəncəvi" Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

"Dumanlar başımda dastana döndü" qrup sərgi iyulun 8-də Gəncə şəhərində "Məhsəti Gəncəvi" Mərkəzində (Əttarlar küçəsi, 1) açılacaq. Sərgi sentyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

Xəbər lenti
0