CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı dastana dönən şəhidimizin doğum günüdür

© Photo : Sirxan MammedovYusifzade Xudayar
Yusifzade Xudayar - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Hər kəsin qəlbinə yol açan şəhidimiz yaradıcı insanların da diqqətindən kənarda qalmayıb. Onun şərəfinə bir neçə heykəltaraş büst hazırlayıb, rəssamlar onun portretini çəkiblər. Bir çox musiqiçilər isə "Xudayar təsnifi"ni sintez ediblər.

BAKI, 15 iyul — Sputnik. Bu gün adı dastana dönən şəhidimiz Xudayar Yusifzadənin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, torpaqlarımızı azad edənlərdən biri olan şəhidimizin bu gün 23 yaşı tamam olur. O, 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası — Bərdənin tanınan qarmon ustası Müslüm Yusifzadə Xudayarın doğumundan 24 gün sonra vəfat edib.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və gizir hərbi rütbəsi alıb.

2020-ci ildə Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bundan başqa, Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini mahnı kimi ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində fenomenə çevrilib. Azərbaycanın Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordeni laureatı Əlibaba Məmmədovun bəstəsi olan mahnı "Xudayar təsnifi" adlandırılıb.

Hər kəsin qəlbinə yol açan şəhidimiz yaradıcı insanların da diqqətindən kənarda qalmayıb. Adı dastana dönən şəhidimizin şərəfinə bir neçə heykəltaraş büst hazırlayıb, rəssamlar onun portretini çəkiblər. Bir çox musiqiçilər isə "Xudayar təsnifi"ni sintez ediblər.

Allah rəhmət eləsin!

Eləcə də oxuyun: 

Xəbər lenti
0