16:02 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
727

"Aslanın erkəyi, dişisi olmaz" məsəlini əməli, cəsurluğu ilə sübut edən Arəstə Baxışova Azərbaycan qadınlarının mərdlik simvoluna çevrilib.

BAKI, 4 iyun — Sputnik. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın heykəli hazırlanır. Bu barədə Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevaya şəhidin qardaşı Vüqar Baxışov məlumat verib. O bildirib ki, Arəstə Baxışovanın heykəlini gənc heykəltaraş Müstəqil Balayev hazırlayır. V.Baxışov bildirib ki, bacısının heykəlinin hazırlanması onları da yaxşı mənada təsirləndirib: "Biz sevinirik ki, bütün şəhidlər kimi mənim bacım da unudulmur".

V.Baxışov hələ ki şəhidin heykəlinin haraya qoyulacağı barədə qərar verilmədiyini bildirib.

Qeyd edək ki, bu, heykəltaraş Müstəqil Balayevin ilk işi deyil. O, bundan əvvəl Arəstə Baxışovanın büstünü də hazırlamışdı.

M.Balayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəhid xanımın heykəli onun diplom işidir. M.Balayev bildirib ki, heykəl üzərində son tamamlanma işləri aparılır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi olan M.Balayev şəhidin heykəlinin diplom işi olması barədə qərarı özü verdiyini söyləyir. Onun sözlərinə görə, bundan öncə də o, qardaşı ilə bir neçə şəhidin büstünü hazırlayıb.

M.Balayev bildirir ki, şəhidlərin büst və heykəllərini qürurla hazırlayır. Gənc heykəltaraş deyir ki, qorxmaz, kişi əzmli A.Baxışovanın heykəli gələcək nəslə həm də örnək xarakteri daşıyacaq. "Aslanın erkəyi, dişisi olmaz" məsəlini əməli, cəsurluğu ilə sübut edən Arəstə Baxışova Azərbaycan qadınlarının mərdlik simvoluna çevrilib.

© Photo : Courtesy of Vyugar Bahyishov
Şəhid Arəstə Baxışovanın heykəli

M.Balayev hazırda heykəlin üzərində son tamamlama işləri aparıldığını söyləyib.

Müstəqil Balayev Masallı rayonunun Qasımlı kəndində heykəltaraş ailəsində doğulub. Atası İlqar Balayev heykəltaraşdır və sevib-seçdiyi sənəti öz övladlarına da öyrədib. Heykəltaraşlar ailəsi bundan öncə də Vətən uğrunda canını fəda etmiş insanların barelyeflərini hazırlayıblar: "Atam İlqar Balayev mənə və qardaşım Aqşinə bu sənəti öyrədib. Özüm Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsiyəm. Bundan öncə də bir çox şəhidlərimizin barelyeflərini qardaşımla birlikdə hazırlamışıq".

"Şəhid Mayor Anar Novruzovun büstünü hazırlamışıq. Həmin büst Ərçivan qəsəbəsində yerləşdirilib. Baş leytenant Əlimərdan Quluzadənin büstünü qardaşımla birlikdə hazırladıq. Ondan sonra Tovuz şəhidlərinin 12 barelyefini hazırlamışıq. Daha sonra 5 şəhidin barelyefini hazırlamışıq".

Xatırladaq ki, Vətən müharibəsinin tək şəhid xanımı olan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Hərbi tibb qulluqçusu, çavuş Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Onun iki övladı bizə əmanət qalıb. Allah rəhmət eləsin!

Eləcə də oxuyun:

  • Yüzlərlə qəhrəmanın yeganə şəhid bacısı: "Yubileyi son ad günü oldu"

  •  Polad Həşimov, Xudayar Yusifzadə və "Dəmir yumruq" kubik-rubikdən ibarət sənətə necə döndü

  •  İkinci Qarabağ müharibəsinin şəhid xanımı - O, ön cəbhəyə könüllü yollanmışdı

  •  İkinci Qarabağ müharibəsinin yeganə şəhid xanımı təltif olundu

  •  Sputnik Azərbaycan yeganə qadın şəhidimiz Arəstə Baxışovanın ailəsinə mükafat təqdim etdi

Teqlər:
heykəl, Arəstə Baxışova, xanım, şəhid

Əsas mövzular