21:20 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
84

Azər Hüseynov: "Çox istərdik ki, burada paltarlarını dəyişib döyüşə gedən oğullarımız elə əşyalarının ardınca da özləri gəlsin"

BAKI, 27 may — Sputnik, Emin Əlisahib. Sizə təqdim edəcəyimiz növbəti yazı Vətən müharibəsinə yollanan gənclərimizin özəl əşyaları haqdadır. Daha doğrusu, bir neçə gün əvvəl hazırladığımız reportajın davamıdır, desək yanılmarıq. O əşyalar qaytarılmaq üçün sahiblərini gözləyirdi. Yazıb işıqlandırdıq. Sputnik Azərbaycan-ın bu xəbərindən sonra həmin əşyaların sahiblərindən bəziləri bizimlə əlaqə saxladı. 44 günlük Vətən müharibəsinə yollanarkən öz əşyalarını Alıbəyli kənd tam orta məktəbində qoyub gedən o qəhrəmlardan birini sizə tanıdacağıq.

Vətən müharibəsinə yollanarkən, şəxsi əşyalarını Ağdam rayon Alıbəyli kənd tam orta məktəbində qoyub gedənlərdən biri də Bərdə rayon Mehdili kənd sakini Şamxal Əbülfət oğlu Cəfərovdur. Şamxal deyir ki, 44 günlük Vətən müharibəsindən aylar keçməsinə baxmayaraq, əşyalarının bu günə kimi qorunub saxlanılması onun üçün gözlənilməz olub. O, şəxsi əşyaları haqda məlumatı Sputnik Azərbaycan-da yayımlanan "Rahibin son yazısı: Döyüşə gedirik, silməyin, xatirə" adlı yazını oxuduqdan sonra xəbərdar olub:

"Sputnik Azərbaycan xəbər saytında xəbərləri oxuyurdum. Qarşıma maraq doğuran başlıqlı xəbər çıxdı. Daxil oldum xəbəri oxudum və orda bağlamaların şəkli qoyulmuşdu. Bir bağlamanın da üzərində mənim adım, soyadım və yaşadığım yer yazılmışdı. Gözlərimə inana bilmədim, bağlama mənə məxsus idi və çox sevindim, çünki o əşyalarımın və paltarlarımın mənim üçün xüsusi bir anlamı var. Dərhal sizinlə əlaqə saxladım".

© Sputnik / Emin Alisahib
Bərdə rayon Mehdili kənd sakini Şamxal Cəfərov

Müsahibimizlə birlikdə yollanırıq Alıbəyli kənd tam orta məktəbinə. Buradan onun şəxsi əşyalarını götürəcəyik. Şamxal danışır ki, o da 44 günlük Vətən müharibəsində iştirak etmək üçün bura, kənd orta məktəbinə gəlib və burada mülki paltarlarını hərbi geyimlə əvəz edərək, cəbhəyə yollanıb:

"Könüllü kimi qeydiyyatdan keçmişdik. Sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsindən zəng gəldi. Dedilər ki, sabah saat 4-dən 6-ya kimi burada olmalısınız. Ayın 29-da komissarlığa gəldik. Ordan da bizi Ağdamda bir məktəbə, yəni bura - Alıbəyli kənd məktəbinə gətirdilər. Burada mülki formaları çıxardıq, hərbi formaları geyinib ön xəttə, döyüşə yollandıq".

Müsahibimiz deyir ki, o, Ağdam rayonunun azad edilməsində fəal iştirak edib. Müharibə qurtarandan sonra isə onlar evlərinə dönüblər. Qələbə ilə qayıdan igidlərimizin isə sevincdən paltarları da yada düşməyib:

"Sağ-salamat evinə qayıdan uşaqların sevinc hissi o qədər böyük idi ki, paltarlarımız, şəxsi əşyalarımız belə yada düşmədi. Doğrusu, həm paltarlarımızı hansı ünvanda dəyişdiyimiz yadımızda deyildi. Həm də fikirləşdik ki, paltarlarımızı bu vaxta kimi saxlamazlar, yəqin ki, atıblar. Xəbəri saytınızda oxuyanda çox sevindim. Sizinlə əlaqə saxladım ki, gəlib buradakı paltarlarımı, şəxsi əşyalarımı götürüm. Sputnik Azərbaycan xəbər agentliyinin bütün kollektivinə təşəkkür edirəm ki, bu xəbəri yayımladı. Məktəbin kollektivi də sağ olsun, onlara da təşəkkür edirəm ki, bizim əziyyətimizi bu cür ali qiymətləndirib, əşyalarımızı qoruyub saxlayıblar. Məndə döyüş yoldaşlarımın bəzilərinin əlaqə nömrələri var, onlarla da əlaqə saxlayıb şəxsi əşyalarının burada olması barədə məlumat verəcəyəm".

© Sputnik / Emin Alisahib
Bərdə rayon Mehdili kənd sakini Şamxal Cəfərovun bağlaması

Vətən müharibəsinin qəhrəmanlarından olan bu müsahibimizin bura gəlişi də elə ən çox məktəb kollektivini sevindirdi. Döyüşə yollanan əsgərlərimizin özəl əşyalarını qoruyub saxlayanlardan biri olan məktəbin müəllimi Azər Hüseynov deyir ki, həm əsgərimizin paltarının arxasınca gəlməsinə, həm də onun döyüşdən sağ-salamat qayıtmasına çox sevinirlər:

"Sizə məktəbin rəhbərliyi və kollektivi adından təşəkkürümüzü bildiririk ki, bunu işıqlandırdınız və ictimailəşdirdiniz. Ən azından bu gün başlanğıc olaraq, bir nəfər sizin vasitənizlə gəlib, şəxsi əşyalarından ibarət bağlamanı götürdü. Bu da bizim üçün çox xoş oldu. Biz onu qoruduq, saxladıq və bu gün öz sahibləri müharibədən sağ-salamat qayıdıb, öz paltarını götürür. Bu, bizim üçün çox xoşdur".

Müsahibimiz onu da əlavə edib ki, bu ünvandan hazırladığınız reportajdan sonra artıq bir neçə nəfər məktəbə zəng edərək, gəlib əşyalarını aparacağını bildirib. Azər Hüseynov bildirir ki, gələn zənglər arasında üzüntülü xəbərlər də var:

"Aldığımız bir xəbər bizi məyus etdi. Bir ana zəng edib dedi ki, övladı şəhid olub. Vətən müharibəsi zamanı bura Azərbaycanın müxtəlif bölgələrindən könüllü və Səfərbərlik Xidmətindən çağırılan gənclərimiz gəlirdi. Həmin bağlamanın sahibi olan şəhidimiz də Göyçay rayonunun Cəyirli kəndindəndir. Anası zəng edib dedi ki, "balamın son xatirəsidir o əşyalar. Onları mütləq mənə çatdırın. Mən balamın iyini bundan sonra o əşyalardan alacağam". Biz şəhidimizin paltarını tapıb çıxardıq. Onu müəyyən vasitələrlə şəhidimizin ailəsinə çatdıracağıq. Amma çox təəssüf ki, o gəncin şəhid xəbərini eşitdik. Çox istərdik ki, burada paltarlarını dəyişib, döyüşə gedən oğullarımız elə əşyalarının ardınca da özləri gəlsin".

© Sputnik / Emin Alisahib
Şamxal Cəfərov və Azər Hüseynov

Qeyd edək ki, hazırda Alıbəyli kənd tam orta məktəbində Vətən müharibəsinə yollanan qəhrəmanlara məxsus 300-ə yaxın bağlama saxlanılır. Bu bağlamaların bura qoyulduğu vaxtdan 8 ay ötür. O, qəhrəmanların özləri və yaxud ailələri istənilən vaxt əşyalarını gəlib götürə bilərlər. Bunun üçün Ağdamın Alıbəyli kənd tam orta məktəbinin kollektivi daim sizin yolunuzu gözləyir.

Həmçinin oxuyun:

Rahibin son yazısı: “Döyüşə gedirik, silməyin, xatirə” - FOTO

Əsas mövzular