Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 25 may — Sputnik. Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu qanun Azərbaycan Prezidentinin 2021-ci il 7 may tarixli sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Qanun 15 maddədən ibarətdir.
Layihəyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılacaq. Şuşa Şəhəri Dövlət Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə ediləcək.
Şuşa Şəhəri Dövlət Qoruğunun ərazisini Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələri təşkil edəcək.
Şuşa şəhərinin mühafizə zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən mühafizə rejimi tətbiq ediləcək.
Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.
Şuşa şəhərinin ərazisində arxeoloji qazıntılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nəzarəti ilə aparılacaq. Arxeoloji qazıntılar abidələrə zərər yetirilmədən aparılmalıdır. Arxeoloji qazıntılar zamanı aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qazıntı işlərinin təşkilatçısı tərəfindən qeyd edilməli, fotosu və ya videosu çəkilməlidir. Bu işlərin gedişində aşkar edilən arxeoloji materiallar dövlət mülkiyyəti hesab olunur.
Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük veriləcək.
Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.
Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək.
Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Şuşa şəhərinin ərazisində tətbiq edilən vergilər və digər məcburi ödənişlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına uyğun olaraq müəyyən ediləcək.
Bu qanunun pozulmasına görə təqsirli şəxslər Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Eləcə də oxuyun:
* Milli Məclis yığıldı
* Yeni qanun gəlir: Şuşaya kimsə təhlükə yarada bilməyəcək
* İşğaldan azad edilmiş ərazilərimizdə xəritəçəkmə işləri nə yerdədir? Rəsmi