CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süpürülən talelər - Bir fotodan daha artıq

© Sputnik / Nigar IskanderovaŞövkət Kəlbiyeva qızı Ayanla
Şövkət Kəlbiyeva qızı Ayanla - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
"Mən heç kimə əyilən, baş əyən insan deyiləm. O çətin günlərimdə də kiməsə ağız açmadım. Qaynanmış suyumuz, bir də quru çörəyimiz olub. Kimsə gətirib qapımdan quru çörək asıb, gizlincə o çörəyi götürmüşəm".

BAKI, 20 may — Sputnik, Nigar İsgəndərova. Bəlkə də bu tənha qadının çəkdiyi əzablarının nə olduğunu anlamaq çoxumuza çətin olar... Bəlkə də onu ancaq özü kimiləri anlayar - anası, qardaşı, bacısı, həyat yoldaşı olmuş şəxs, bu nikahdan doğulan iki övladı və qaynanası tərəfindən atılanlar, tərk edilənlər...

"Bəs görəsən, belə qadınları daha məğrur, daha qürurlu və yıxılmaz edən nədir?" deyə düşündükdə yenə də övlad sevgisinin hər şeyə üstün gəldiyini görürsən. Həmsöhbətimiz Şövkət Kəlbiyeva kimi... O, bu gün yanında saxladığı övladı, gəlinciyi olan Ayanla həyatdan bərk-bərk yapışıb, onunla böyüyür, onunla gülür, onunla əylənir. Ayan dünyaya gələndən ananın da gülüşləri dəyişib, həyata onun gözləri ilə baxır...

1987-ci il təvəllüdlü Şövkət Kəlbiyeva uşaq ikən ana olanlardandır. Bəlkə də onun kimi birisi üçün ana olmağı, bu hisslərin doğurduğu məsuliyyəti anlamaq çətin olardı. Qəhrəmanımız isə tamamilə fərqlidir. Ayanın gözündən bunu açıq-aşkar görmək, Ayanın dilindən bunu eşitmək mümkündür.

Söhbət artıq bir müddətdir ki, sosial şəbəkədə fotoları yayılan, qısa zamanda hər kəsin ən sevimli qəhrəmanlarına çevrilən Ayan-Şövkət, daha dəqiq desək, ana-bala cütlüyündən gedir. Məlum fotoda süpürgəçi işləyən ananın sadəcə olaraq çarəsizlikdən övladını özü ilə yollarda gəzdirdiyi görünür.

© Sputnik / Nigar IskanderovaŞövkət Kəlbiyeva qızı Ayanla
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Şövkət Kəlbiyeva qızı Ayanla

Bir fotonun danışdığından daha artıq nələr var, görəsən? Ana və gəlinciyi görmək üçün hazırda onların yaşadığı ünvana - "Azərbaycan Uşaqlar Birliyi"nə üz tuturuq. Qarşımızda əzabkeş ana ilə hər şeyə dözən, aclıq, yoxluq, kimsəsizliyin dadını, bəlkə də hər kəsdən daha yaxşı anlayan Ayan dayanıblar.

Ayan öncə çəkiliş heyətimizə yaxın gəlmir, ərköyünlük edərək qışqırır, "yox, yox..." deyir.

Qızcığazın anası Şövkət xanımın həyatı atasını itirdikdən sonra dəyişib. Bir sözlə, atası dünyadan köçdükdən sonra heç kəs ona arxa-dayaq durmayıb. Böyüdüyü ailədəki münasibətdən yaxa qurtarmaq üçün 16 yaşında ailə həyatı qurub. 14 illik evlilik həyatından 3 övladı dünyaya gəlib:

"Keçmiş həyat yoldaşım ailəyə baxan deyildi, ancaq özünü düşünürdü. O, övladlarını heç düşünən deyildi. Dözdüm, dözdüm, amma artıq bacarmadım, boşandım. Kağız üzərində 14 il evli olsaq da, təxminən 5-6 il birgə yaşadıq. Sonra anasının yanına, rayona getdi, elə orada da yaşadı. Mən isə Bakıda qalıb övladlarımı böyütdüm.

Birgə yaşadığımız müddətdə, ayrıldıqdan sonra da mənim üçün çətinlik elə eyni dərəcədə olub. Çünki evli olduğumuz müddətdə də mən işləyirdim, ailəyə özüm baxırdım. Onun üçün iş tapırdım, gedib ev tikirdi. Amma nə olsun, evin pulunu alandan sonra rayona gedirdi, yenə də bütün yük mənə düşürdü. Ailəli ola-ola evlərə getmişəm, günü 10 manata, ev-eşikləri təmizləmişəm, uşaqlarımın qarnını doyurmağa çalışmışam".

© Sputnik / Nigar IskanderovaAyan
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Ayan

Deyəsən, söhbətin bu yerində Şövkət xanımın yarasını təzələmiş olduq. Keçmiş həyat yoldaşı iki övladını ondan ayırıb: "İki böyük oğlum 13-14 yaşlarındadır. Əvvəl zəng edirdim, əlaqə saxlayırdım, danışırdım. Amma son zamanlar artıq onlar məni təhqir edirlər deyə danışmıram, əlaqəni kəsmişəm".

Ana deyir ki, heç onlar üçün darıxmır da: "Çünki övladlarım özlərini dərk edəndən nə qədər əziyyət çəkdiyimi görüblər. Birini belimə bağlamışam, birini yanımda daşımışam, o əziyyətlə onları böyütmüşəm. Hər şeyi onlara görə etdiyimi görürdülər, bununla belə onların mənə belə münasibət göstərməsini qəbul edə bilməzdim. Onları o boyda edim, əziyyətimi heçə vurub atalarını seçsinlər, onun sözü ilə məni təhqir etsinlər, bunu heç zaman qəbul etmərəm".

Artıq iki il yarımdır ki, övladları atalarındadır: "Rəsmi olaraq təxminən 1 ildir ki, boşanmışıq. Mən uşaqları özüm saxlamaq istəyirdim. Amma görünür ki, ataları uşaqlarla kənarda danışıb və onlar atalarında qalmağı seçiblər. Amma qonşularım şahiddirlər ki, övladlarım heç zaman atalarını istəməyiblər.

Aradakı soyuqluq cehiz problemindən başlayıb: "Anam mənə cehiz verməmişdi. Ona görə keçmiş həyat yoldaşım hər dəfə mənimlə dava edirdi, təhqir edirdi, qaynanam adam içində məni pərt edirdi ki, get, anan verən cehizləri çıxart qonaqların qabağına. Bir sözlə, evlilik həyatında günüm heç xoş deyildi. Ailəsi də keçmiş həyat yoldaşımı mənə qarşı qızışdırırdı".
© Sputnik / Nigar IskanderovaŞövkət Kəlbiyeva qızı Ayanla
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Şövkət Kəlbiyeva qızı Ayanla

"Anam əvvəldən demişdi ki, cehiz verməyəcəm. Yoldaşım da bunu bilirdi. Əslində çox da imkansız ailədən gəlməmişəm. Hətta o biri qızına verdiyi cehizlərin ard-arası kəsilmirdi. Amma mənə vermədi", - deyə o əlavə edib.

Hazırda isə qadın tənhadır, yəni, dar günündə kömək, imdad umacaq bir kimsəsi yoxdur: "Öz ailəm, yəni anamgillə tamamilə soyuğam, heç həyatımda da olmalarını istəmirəm. Onları görmək belə istəmirəm. Hər zaman sözün düzünü dediyim üçün ailəm məni istəməyib. Evimiz anamgillə yanaşıdır, amma onu görmək istəmirəm. Onlar məni heç indi də axtarmırlar. Bilirsiniz necədir, yıxılana balta vuranlar çox olur".  

O, boş divarlar arasında günlərlə övladı ilə birgə səssiz, ac qalıb, kimsənin də bundan xəbəri olmayıb: "Bu günlərdə övladımı səhər tezdən özümlə işə aparmağımın səbəbkarı da anamdır. Çünki uşağıma baxmadılar, yandırdılar. Məsuliyyətsizlik etdilər, övladımın ayaqları yandı. Demirəm ki, bilə-bilə ediblər, amma ən azından səhlənkarlıq olub. Bu neçə il bir yerdə qalmışam balamla, bir dəfə də başına bir iş gəlməyib, yəni, yanmayıb.

Anamgil domino oynayıb, uşağa baxmayıblar, uşaq da sobaya düşüb. İndiyədək də mənə köməklik edən yox idi ki, uşağımı sağaldım. Ayan göbəkdən aşağı yanıb, şah damarı yanıb, şikəstliyə doğru gedir. Övladımı müalicə etdirmək üçün kredit götürdüm, onu xəstəxanada yatızdırdım, iynə-dərmanını elətdirdim. Maaşımı da bank çıxırdı deyə dolanmaq üçün heç bir vəsaitimiz qalmırdı.

Artıq uşağı həkimə aparmışıq, Kəmalə xanım (sığınacağın rəhbəri Kəmalə Ağazadəni nəzərdə tutur - red.) lazım olan hər şeyi, dava-dərmanını alıb. Özü həkimə aparıb-gətirəcəyini deyib. Bir il müddətində uşağı həkimə aparıb-gətirmək lazımdır. Müalicə 1 il müddətində mütəmadi aparılmalıdır. Ən azı uşağım sağalanadək buradayam".

© Sputnik / Nigar IskanderovaAyan
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Ayan

O nə sosial yardım, nə də övladına görə müavinət alır. Maaşı 480 manat civarında olsa da, onun da böyük hissəsi bank kreditinə gedir. Övladı növbəti dəfə biganəliyin qurbanı olmasın deyə ana hər səhər qızcığazı özü ilə işə aparır. Səhər tezdən Ayan özünün ən gözəl geyimlərini geyinib-keçinir, saçına düzən verəndən sonra anası ilə yola çıxır, anası küçə süpürür, o isə yanında sakitcə oturur, oynayır.

"Axşam 8-ə işləmiş gəlib evə çatırıq. Elə olur ki, yorulur, daşın üstündə oturub yatır. Aparıb onu mağazaların birində piştaxtanın üstündə yatırdırdım. Amma Ayan bir dəfə də olsa balaca canı ilə "ana, yoruldum" demirdi. Heç mən özüm də yoruldum demirdim", - deyə Şövkət xanım köks ötürərək danışır.

Artıq qarşımızdakı məğrur, əyilməz qadının obrazını daha aydın görməyə başlamışdıq: "Mən heç kimə əyilən, baş əyən insan deyiləm. O çətin günlərimdə də kiməsə ağız açmadım. Qaynanmış suyumuz, bir də quru çörəyimiz olub. Kimsə gətirib qapımdan quru çörək asıb, gizlincə o çörəyi götürmüşəm. Onu suya batırıb üstünə şəkər tozu qatıb övladımla yemişəm. Amma heç kəsə deməmişəm ki, acam, çörək ver. Övladım, "məni parka apar" deyib, amma pulum olmadığı üçün başını qatıb geri qaytarmışam. Maşın sürmək istəyib, bilirəm ki, onlar bahadır, gücüm çatmaz, yalandan aldadıb demişəm ki, "maketdir, əsl maşın deyil"".

© Sputnik / Nigar IskanderovaAyan
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Ayan

Şövkət xanım özü geyinməyib övladını geydirən analardan biridir: "Övladımı onun-bunun paltarları ilə böyütməmişəm. Özüm onun-bunun paltarını geysəm də, hər zaman övladıma təzə geyim almışam".

O, həm çöldə fəhləlik edir, həm də ev adlandırdığı, damından su daman evində. Yağış yağanda övladının başına su dammasın deyə özünü daha gərgin əməyə verib: "Xətai rayonunda yaşayıram, taxta daşıyıram, daş daşıyıram. Daşı daş üstünə qoyuram ki, yağış yağanda övladımın başına su tökülməsin. Amma artıq gücüm çatmır. Yağış yağanda qısılırdıq bir divara ki, Alahım, yağış tez kəssin".

Qəhrəmanımız ən çox övladının istəklərini qarşılaya bilməməsinə görə peşmandır: "Tam dürüst valideyn olmamağıma üzülürəm. Övladımın çox arzularını yerinə yetirə bilməməyimə peşmanam, üzülürəm".

Tənha qadın nə etməlidir? Şövkət xanım özü kimi olan belə qadınlara səslənir: "Mənim kimi, tamamilə köməksiz qadınlar hədsiz azdır. Düzdür, adıma ləkə yaxmaq istəyən, başqa təkliflər verənlər də olub. Deyiblər, "gəl səni saxlayaq", razı olmamışam. "Ev tut, evinin kirayəsini verim" deyənlər də olub. Nə məqsədlə dediklərini bildiyim üçün imtina etmişəm. Özüm kimi tənha qadınlara arzu edirəm ki, mən necə əziyyətlərə qatlanmışamsa, onlar da qatlansın, pis yolun yolçusu olmasınlar. Hər zaman adım təmiz, başım dik gəzmişəm. Nə etmişəmsə, övladıma görə etmişəm. Sabah qapımı döyməmiş deməsinlər ki, onun anası filankəsdir".

© Sputnik / Nigar IskanderovaŞövkət Kəlbiyeva qızı Ayanla
Süpürülən talelər  - Bir fotodan daha artıq - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Şövkət Kəlbiyeva qızı Ayanla

Bir qədər öncə bizimlə dostlaşan Ayanla artıq parkdayıq. Parkı körpə səsi, qığıltısı bürüyüb... Bəlkə də insanların ən xoşbəxt ola biləcəyi yer məhz uşaq parklarıdır. Çünki heç bir səbəb olmadıqda belə, onlar bizim yaşamaq üçün tək səbəblərimiz olur, ən böyük dayaqlarımız olur, yıxılmamaq üçün ən güclü, etibarlı əlimiz olur.

Elə biz də bir qədər orada uşaqlarla birgə xoş zaman keçiririk... Bu arada Ayanla söhbətləşirik də...

- Ayan, ən böyük arzun nədir?

- Reklama çəkilmək istəyirəm...

 

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

* "Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

* İşsizlik bir əzab, işləmək başqa - Tək valideyn övladlarını hara qoymalıdır

 

Xəbər lenti
0