CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşsizlik bir əzab, işləmək başqa - Tək valideyn övladlarını hara qoymalıdır

© Sputnik / Murad OrujovБакинский минимализм
Бакинский минимализм - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Elgün Səfərov: "Uşağın böyüdülməsi, hüquqlarının təmin edilməsi ilə bağlı məsuliyyət valideynin üzərindədir. Valideyn o məsuliyyəti yerinə yetirmirsə, dövlət bu məsuliyyəti tam olaraq yerinə yetirməyə hazırdır".

BAKI, 20 may — Sputnik, Nigar İsgəndərova. Bir neçə gündür ki, sosial şəbəkə 5 yaşlı Ayanın süpürgəçi olan anası ilə birgə iş başında çəkilən fotosunu müzakirə edir. Əslində, bu foto tək olan qadınların fəryadını əks etdirir. Onlar tək olduqları üçün övladlarını qoyacaq yer də tapa bilmirlər. Ayanın timsalında nə qədər belə azyaşlı var, yaxud da anası Şövkət xanımın timsalında nə qədər belə qadın var?!

Problemlə əlaqədar Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a açıqlamasında bildirmişdi ki, Şövkət kimi qadınların timsalında analara dəstəyin göstərilməsi üçün alternativ xidmətlərin yaradılmasına nail olmaq istiqamətində işlər aparacaqlar. O bildirmişdi ki, istər çörək sexləri, istər digər sex və zavodlarda işləyən, istərsə də salonlarda çalışan, yaxud da xadimə işləyən qadınlar var ki, uşaqlarını qoymağa yer tapa bilmirlər. Bu səbəbdən birlik sədri dövlət qurumlarına müraciət ünvanlayacağını qeyd etmişdi.

Millət vəkili Tahir Kərimli işləyən, tək, övladını qoymağa yeri olmayan analar üçün tək çıxış yolunu övladlarını internata həvalə etməkdə görür: "Sovet dövründə də internatlar var idi və belə olan halda valideynlər övladlarını internata qoyurdular. Həmin uşaqlar orada oxumaqla yanaşı, həm də yaşayırdılar. Valideynləri də istədikləri vaxt onları yanlarına aparırdılar. Avropa ölkələrində belə uşaqlar üçün xüsusi sığınacaqlar, yaşayış binaları, bu istiqamətdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri var. Yaxud da onlara himayəçi təyin olunur. Dövlət hesabına internat məktəbləri olmalıdır. Düşünürəm ki, belə qadınlar üçün ən optimal variant məhz internat məktəbləridir".

O, internat evləri ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: "İnternat evləri ilə bağlı xoşagəlməz hallar var. Lakin bu hallar təkcə internat məktəbləri ilə bağlı deyil. Ümumiyyətlə, narkomaniya artıb, süni narkotk maddələrin yayılması da Azərbaycanda genişlənib. Bu, internat məktəbləri ilə yanaşı, təhsil ocaqları, cəmiyyətin müxtəlif sferalarına da mənfi təsir edib. Belə halların olmasının səbəbi nəzarətin, təlim-tərbiyənin düzgün qurulmaması ilə bağlıdır".

"Ağsuda doğulub-böyümüşəm, orada 4 mərtəbəli internat evi vardı. O internat məktəbi ilə bağlı heç bir nöqsan eşitməmişdim, təlim-tərbiyə, əxlaq, bir sözlə hər bir şey öz yerində idi. Orada hətta oğlanlar siqaret belə, çəkmirdi. Əsas məsələ internat evlərinə nəzarətin olmasıdır", - deyə o əlavə edib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbayan-a açıqlamasında öncə bağçalarla bağlı problemlərin azalmasından söz açıb: "Beynəlxalq Əmək Təşkilatının 156 saylı Konvensiyası ilə hökumətin qarşısında valideynlərin hüquqları təmin edilməli və hər müəssisənin yanında uşaq bağçalarının açılması öhdəliyi var. Son illərdə də uşaq bağçalarının sayının artırılması istiqamətində müvafiq addımlar atılıb. Təxminən 10 il öncə respublika üzrə bağçalarla təminat 25 faiz idisə, hazırda bu rəqəm 60-65 faizdir. Bu da qadın və kişilərin özünüməşğulluğa cəlb olunmasına imkan yaradır".

"Uşağın böyüdülməsi, hüquqlarının təmin edilməsi ilə bağlı məsuliyyət valideynin üzərindədir. Valideyn o məsuliyyəti yerinə yetirmirsə, dövlət bu məsuliyyəti tam olaraq yerinə yetirməyə hazırdır. Yəni, uşağın hüququ pozulubsa, bu zaman dövlət məhkəmə yolu ilə hətta valideyn hüququnu da məhdudlaşdıraraq onu dövlət müəssisəsində də saxlaya bilər. Uşağın sağlamlığına, təhsilinə zərər vuran hadisə olduqda hüquq çərçivəsində valideynlər məsuliyyət daşıyır. Bağçalara yerləşdirilmə ilə bağlı problemə toxunaraq qeyd edim ki, dəfələrlə övladını təkbaşına böyüdən və onu uşaq bağçasına yerləşdirməkdə problem yaşayan qadınlar tərəfindən bizə müraciətlər daxil olub və bu istiqamətdəki problemləri həll etmişik. Bizə müraciət edən şəxslərin bağçalarla bağlı problemini aradan qaldırmışıq", - deyə o əlavə edib.

Komitə rəsmisi sosial şəbəkədə fotosu yayılan Ayanla bağlı bir nüansa da toxunub: "Qadın süpürgəçi işləyirsə, niyə övladına baxmaqda uşağın nənə-babaları kömək etmir? Bu uşağın atası haradadır? Atası niyə uşaqla məşğul deyil? Tərbiyə ilə məşğul deyilsə, niyə valideynlik hüquqlarından azad edilməyib? Təəssüflər olsun ki, bu gün valideyn məsuliyyətsizliyi uşaqların həyatlarına mənfi təsir edir. Baxın, fotodan da göründüyü kimi gündüz saatlarıdır və maraqlıdır ki, uşaq niyə evdə, yaxınlarının yanında saxlanmayıb, əgər yaxınları yoxdursa, bu zaman niyə onun bağçaya verilməsi təmin olunmayıb? Uşağı dövlət bağçasına yerləşdirmək imkanı var. Ya qohumlardan uşağa baxmaq xahiş edilməli, ya da ki, valideynlərdən biri evdə uşaqla məşğul olmalıdır. Bu mümkün olmadıqda dövlət müəssisəsi uşağa tam olaraq yiyə durmağa hazırdır".

"Lakin qeyd edim ki, bəzi hallarda valideynlər uşağın əməyindən sui-istifadə edir, uşaq əməyinin istismarına səbəb olurlar. Kənd təsərrüfatı məhsullarının istehsalında da uşaqların əməyindən istifadə olunur. Yaxud da ki, bazarlarda satışa cəlb edilirlər. Yəni, bu kimi hallar var. Bu faktlarla mübarizə işi gücləndirilməlidir. Valideynlər hüquqlarından sui-istifadə etməməli, övladları ilə bağlı öhdəliklərini yerinə yetirməlidirlər. Hər iki valideyn övladı ilə məşğul olmalıdır. Hər iki valideyn uşaqla məşğul deyilsə, niyə onların valideynlik hüququ qalır", - deyə o əlavə edib.

 E.Səfərov deyir ki, gecə saatlarında işi aparacaq ayrıca dövlət müəssisələrinin yaradılması da mümkündür: "Uşaq bağçalarının sayının artırılmasına da ehtiyac var. Bu gün uşaq bağçaları doğulan uşaqları təmin etmir".

Xəbər lenti
0