18:52 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
CƏMİYYƏT
Qısa URL
27 0 0

Deputat: "Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Bu, eyni zamanda, fiskal ödənişlərin artırılması baxımından da vacibdir"

BAKI, 12 mart — Sputnik. "Bir neçə il öncə inventarlaşdırılmasına başlanılan qeydiyyatsız evlərin rəsmiləşdirilməsi ilə bağlı prosedurların hazırlanması prosesinin bu il intensivləşəcəyi gözlənilir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, indiyədək Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb: "Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanması, qeydiyyat prosesinə başlanılması iqtisadi baxımdan da vacibdir. 

İlkin qiymətləndirmələrə görə, Azərbaycanda 500 minədək sənədsiz tikili var. Onlardan 400 mini paytaxt və Bakıətrafı ərazilərdədir. Bizim qiymətləndirmələr göstərir ki, sənədsiz tikililərin təxminən 60 mini təhlükəli və ya qanunla inşaata icazə verilməyən ərazilərdə yerləşir. Bunlar əsasən neft buruqları, yüksəkgərginlikli elektrik xətlərinin altında, mavi qaza yaxın olan ərazilərdə inşa edilən evlərdir. Eyni zamanda, evlərin bir qismi kənd təsərrüfatına yararlı torpaq sahələrində inşa edilib. Həmin torpaqlarda evlərin inşa edilməsi qanunla qadağan hesab olunur".

"Kənd təsərrüfatına yararlı torpaq sahələrindəki tikintilərə gəldikdə isə, bir ərazidə kütləvi şəkildə evlər inşa edilibsə, o zaman həmin torpaqların təyinatı dəyişilməsi məqsədəuyğun olardı. Əgər həmin ərazi kütləvi deyilsə, o zaman onlara ayrıca baxılıb qərar verilə bilər. Eyni zamanda, evlər yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşirsə və elektrik xəttini yeraltı etmək mümkündürsə, o zaman bu da sənədləşmə ilə bağlı heç bir problem yaratmaya bilər", - deyə deputat qeyd edib.

Millət vəkilinin sözlərinə görə, gözlənilir ki, növbəti mərhələdə qeydiyyatsız evlərin sənədləşməsinə başlanılacaq: "Bu sahədə Rusiya modelindən istifadə olunması məqsədəuyğun olardı. Yəni, nisbətən aşağı ödənişli dövlət rüsumu ilə qeydiyyatsız evlərin qeydiyyatı həyata keçirilə və həmin şəxslərin mülkiyyət hüquqları tanına bilər. Bu, eyni zamanda, fiskal ödənişlərin artırılması baxımından da vacibdir".

Teqlər:
deputat, Bakı, Azərbaycan, model, Rusiya, ev, sənəd

Əsas mövzular