18:48 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
CƏMİYYƏT
Qısa URL
Bakı qarın əsarətində (30)
5410

"Biri gedir Badamdarda ev tikir, sonra gəlib deyir ki, mənə xətt çək. Daha düşünmür ki, bunun maliyyə xərci dövlət büdcəsində nəzərdə tutulmayıb. Ya da ki, dövlət deməyib ki, gəl burada qaz çək" - Nüsrət Qasımov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Bir neçə gündür ki, havanın temperaturu düşüb, respublikanın bir çox ərazilərində, eyni zamanda da Bakı və Abşeronda qar yağıb. Havaların şaxtalı keçməsi ilə əlaqədar fevralın 23-ü axşam saatlarından kommunal xidmətlər üzrə fəaliyyət göstərən qurumlar gücləndirilmiş rejimə keçdiklərini bildirdilər.

Bəs maraqlıdır, əhali göstərilən xidmətlərdən razı qaldımı, hansı ərazilərdə problemlər müşahidə edildi?

Abonent Sevinc xanım deyir ki, aşağı "Güzdək" qəsəbəsində bu günlərdə işıq, qaz, su ilə bağlı çoxsaylı problemlər oldu: "Problemlərimiz bitib-tükənmir. Yoldan, nəqliyyatdan tutmuş işıq, qaz, su ilə bağlı da problemlərimiz var. Xüsusən belə şaxtalı günlərdə bu problemlər bir qədər də artdı, suyu fasilələrlə verdilər".

Ötən gün Lökbatan ərazisində də işığın verilişində müəyyən məhdudiyyətlər olub. Sumqayıtda, "Kristal Abşeron"a məxsus binada isə fevralın 23-ü axşam saatlarından işıqların kəsildiyi deyilir. Abonentlər Yasamal rayonunun bəzi ərazilərində də işıqların sönməsindən şikayətlidirlər. 7-ci mikrorayonda isə qazın adi günlərlə müayisədə zəif olduğu bildirilir. Sakinlər ötən gün müəyyən saatlarda Xırdalanda, Masazırda işıqların sönməsindən gileyli olublar. Abonent Raminə Məmmədova deyir ki, Abşeronda demək olar ki, nə qaz, nə su, nə də işıq var.

Sosial şəbəkədə təşkil etdiyimiz sorğudan isə bəlli olur ki, abonentlərin əksəriyyəti məhz "Azərışıq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindəm narazıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti dəyərləndirib. O istehlakçılardan fərqli olaraq vəziyyətin qənaətbəxş olduğunu deyib: "Son günlərlə bağlı elə bir şikayət yoxdur. Kommunal xidmətlər üzrə 2 milyon yarımadək abonent var. Bu xidmətlərlə 10, 50, 100 şikayətin olması normaldır. Köhnə binalara insanlar su üçün motor qoyurlar, gecə də ayaz vurur, partladır. Bunu problem etmək düzgün deyil axı".

Ekspert bölgələrlə bağlı vəziyyəti isə bu cür dəyərləndirir:

"Bölgələrdə şaxta 16 dərəcəyə çatıb. Bizim xidmət sahələri bu şaxtaya hazır deyil. Artıq yüklənmələr olur. Sovet dövründə necə idi?! Evdə 2-3 dənə lampa, televizor, bir soyuducu, bir də radio olurdu, vəssalam. İndi ət maşını, tozsoran, paltaryuyan maşın, qabyuyan maşın, ev üçün qızdırıcılar, soyuducular, televizorlar var. Axı xidmət sahələri buna hazır deyil. Öncələr naqilin en kəsiyini az götürürdülər, indi belə yüklənmədə naqillərin ötürücülük qabiliyyəti zəifləyir, qızır. Bununla da yanğın əmələ gəlir".

Onun sözlərinə görə əsas problem sistemin köhnə olmasından qaynaqlanır. Ekspert deyir ki, bölgələrdə köhnə xətlərin yenilənməsinə ehtiyac var: "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" ASC, "Azəristiliktəchizat" ASC satış təchizatçısıdırlar. Onlar qazandıqları pullarla öz xərclərini ödəyirlər. Dövlət tərəfindən isə bu kommunal xətlərin yenilənməsi üçün büdcədən vəsait ayrılmalıdır".

"Biri gedir Badamdarda ev tikir, sonra gəlib deyir ki, mənə xətt çək. Daha düşünmür ki, bunun maliyyə xərci dövlət büdcəsində nəzərdə tutulmayıb. Ya da dövlət deməyib ki, gəl burada qaz çək. Villa tikən şəxs bunun üçün cibinə də baxmalıdır, xətlərin çəkilməsini də düşünməlidir", - deyə ekspert digər problemə toxunub.

O, standartlardan kənara çıxmaların fəsadlarından da danışıb: "Standartlarda yazılıb ki, 1 yarımdüymədən, yəni 15 metrlik qaz borusundan ancaq bir evi təmin etmək olar. Lakin Sabunçuda,  Ramana, Binə kimi ərazilərdə 15 qonşu da 1 yarımdüymədən, qaz borusundan yararlanır. Belə bir vəziyyətdə təzyiqi artırmaq qorxuludur. 0.5 millimetrdən çox alçaq təzyiqdə qaz kəmərinə qaz vermək qadağandır", - deyə o əlavə edib.

Ekspert bildirir ki, tədricən köhnə binalar sökülüb, yeni binalar tikildikcə bu problem aradan qalxacaq.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi əhali xətləri üzrə ayın 23-də 32 milyon kub metrə yaxın qaz qəbul etdiyini bildirib. Qurumun mətbuat katibi Ceyhun Səfərov havaların soyuması ilə əlaqədar olaraq son bir neçə gündə qazın verilişində artım olduğunu açıqlamışdı: "Ötən ilin eyni dövrü, 2020-ci ilin 23 fevral tarixi ilə müqayisə etsək, 6 milyon kubmetr artıq qaz qəbul olunub. Havaların daha soyuq olması ilə laqədar olaraq tələbat böyük olduğundan qazın qəbulunda da artım olub. Fevralın 21-də hava mülayim olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə qazın verilişində 8 milyon kubmetr artım olmuşdu".

Fevralın 17-dən 21-dək isə gündəlik olaraq qazın verilişində azı 4 milyon kubmetr artım olub. Lakin görülən bu işlərlə yanaşı bəzi ərazilərdə qazın verilişində məhdudiyyətlər olmuşdu. C.Səfərov bunun səbəbini açıqlayaraq bildirmişdi ki, şaxtalı hava ilə əlaqədar olaraq minik avtomobillərinin qaz xətlərinə çırpılması nəticəsində bəzi ərazilərin qaz təchizatında problemlər yaranmışdı, mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilələr olmuşdu.

"Azərişıq" Tarif Şurasına müraciətlə bağlı açıqlama verdi>>

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vaqif Aydınoğlu bu günlərdə Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sisteminin təşkil olunduğunu qeyd etmişdi. O bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmalarla əlaqədar qəza xidmətinin əməkdaşları tərəfindən işlərin görüldüyün qeyd edib.

Mövzu:
Bakı qarın əsarətində (30)
Teqlər:
ekspert, AİB, işıq, qaz, su, Azərbaycan, Bakı, xidmət, kommunal

Əsas mövzular