Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 24 fevral — Sputnik. Hidrometeoroloqlar havanın fevral ayının 24-dən kəskin pisləşəcəyi barədə məlumat yaysalar da, yağan qar kommunal qurumların üzünü qara elədi. Paytaxt Bakıda yollar buz bağladı, nəqliyyatın hərəkəti iflic oldu. Baxmayaraq ki, aidiyyəti qurumlar hələ qış girməmiş yolların təmizlənməsi üçün kifayət qədər sayda texnikanın, duz və qum ehtiyatının olduğunu bəyan etmişdi. Sputnik Azərbaycan-ın Bakının Səbail rayonu, 20-ci sahə ərazisində apardığı müşahidələr zamanı yolların buz bağladığı, nəqliyyatın hərəkətinin çətinləşdiyi, sərnişinlərin isə taksilərin ümidinə qaldığı məlum olub.
Bakıya yağan qar məhəllədaxili yollarda hərəkəti çətinləşdirmişdi. Yollarda sürüşən avtomobillərin sürücüləri insanların köməyi sahəsində çətin vəziyyətdən çıxmağa çalışırdı. 20-ci Sahə ərazisində məhəllədaxili yollar buz bağladığından, hər kəs ehtiyatla hərəkət edirdi. Heç nəqliyyatın intensiv olduğu 20-ci Sahə dairəsində də vəziyyət ürəkaçan deyildi. "Bakubus" avtobuslarının çoxu son dayanacaqda dayanaraq yolların açılacağını gözləyirdi. Arasında texniki xidmət gözləyənlər də vardı. 125, 127, 53, 6, 5 saylı avtobuslar isə müəyyən məsafəyə qədər sərnişin daşıya bilirdi. Odur ki, sərnişinlərin çoxu taksi xidmətindən istifadə edirdi.
Çovğunlu hava, buzlu yollar taksilərə tələbatı artırdığı üçün qiymətlər də bahalaşmışdı. Hər zaman 20-ci Sahədən Azneft dairəsinə bir sərnişini 1 manata aparan taksilər adambaşına qiyməti 3 manata qaldırmışdılar. 20-ci Sahədən Azneft dairəsinə taksilər 10 manata, buradan "Elmlər Akademiyası" metro stansiyası yaxınlığına isə 15 manata aparırdılar. Halbuki, adi günlərdə bu qiymət 6 manatı keçmirdi. 20-ci Sahə dairəsindən Lökbatana isə taksi 20 manatdan aşağı sərnişin aparmırdı. Burada həmsöhbət olduğumuz taksi sürücüsü qiymətlərin yollar buz bağladığı üçün artırıldığını söylədi. Valeh Kərimov adlı taksi sürücüsü deyir ki, bu havada yola çıxmaq taksilər üçün də risklidir. Ona görə də qiymətlərin bahalaşması normaldır:
"Sərnişinlərdən indiyə qədər qiymətə narazılıq edən olmayıb. Hamı yollarda vəziyyəti görür. Camaatda pul yoxdur. Çox adam taksini qoyub piyada gedir".
Burada taksi sürücüləri bildirdilər ki, Yasamal istiqamətinə ümumiyyətlə sərnişin daşımırlar. Səbəbini isə Yasamalda yolların buzlu olması, çoxlu sayda qəza baş verməsi ilə əlaqələndirdilər: "Bu havada elə taksilər var ki, işləmir. Çünki hər an hansısa avtomobil sürüşüb gəlib vura bilər. Bakıda zəncirvari qəzalar çox olur. Ona görə də taksidə qiymətlər nisbətən bahalaşıb".
Bakı-Salyan yolu 22 ərazisində isə sərnişinlərin çoxu dayanacaqda qalmışdılar. Onlar 125 və 127 saylı avtobusların yollardakı vəziyyətə görə gec-gec işlədiyini söylədilər. Apardığımız müşahidələr zamanı yollara qum və duz səpilməsinin şahidi olmadıq. Reportaj hazırladığımız müddətdə yalnız gözümüzə bir qartəmizləyən maşın dəydi. Yaranmış vəziyyət Bakı sakinlərini də narazı salmışdı. Dayanacaqda azyaşlı oğlu ilə avtobus gözləyən Esmira Kazımova bildirdi ki, yollar buz bağladığı üçün işə gec getsə də, hələ yolda qalıb: "Mən xəstəxanada işləyirəm. Əslində saat 9:00-da növbə dəyişməliydik. Amma mən hələ işə gedib çıxa bilməmişəm. Uşağı anamgilə qoyub, oradan işə getməliyəm. Çünki bu gün növbədəyəm. Avtobus 20 dəqiqədir ki, gəlmir, taksilər də qiyməti bahalaşdırıblar".
Bibiheybət qəsəbəsi istiqamətində də avtobusların və digər avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb. Bunu Bibiheybətdən 20-ci Sahəyədək piyada gələn sakin İlhamə Məmmədova söyləyir. Onun sözlərinə görə, Bibiheybətdə nəinki avtomobillər, adamlar belə hərəkət edə bilmirlər.
Paytaxta yağan qar kommunal qurumların yarıtmaz fəaliyyətini sözün əsl mənasında üzə çıxartmışdı. Baxmayaraq ki, səhər saatlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarının gecədən etibarən qarın təmizlənməsi işlərinə başladığını bəyan ediblər. Maraqlıdır, əgər gecə saatlarından yollar qardan təmizlənibsə, yollara duz və qum səpilibsə, Bakının Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri), Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu, Bakı dairəvi yolda avtobuslar hansı səbəbdən sərnişin daşıya bilmir?
Bakı Şəhər İcra Hakimiyyətindən və AAYDA-dan yolların qar və buzdan təmizlənməsi işinin davam etdiyini söylədilər...