07:29 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0484
CƏMİYYƏT
Qısa URL
43 0 0

Mikayıl Müşviq küçəsi 3-də yerləşən binanın ən yaşlı sakini Şöbə Əliyeva 65 ildir hazırda qəzalı olan binada yaşayır. O, son bir neçə ildə acınacaqlı vəziyyətə düşən 2 mərtəbəli binada şəraitsizlikdən nəvəsini evləndirə bilmədiyini bildirib.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Mingəçevir ölkənin 4-cü böyük şəhəridir. Buranın adı çəkiləndə ilk olaraq ağıla gələn Kür çayı, burada yerləşən İstilik Elektrik Stansiyası olur. Son illər “Nur şəhəri” nə turizm bölgəsi kimi də səfərlər artıb. 1948-ci ildə salınan Mingəçevir səliqəli küçələri, parkları, xiyabanları ilə göz oxşayır. Amma illər keçdikcə şəhər salınan vaxtı inşa edilən bəzi binalar yararsız vəziyyətə düşüb. 73 il əvvəl taxta konstruksiya ilə inşa edilmiş Təbriz  küçəsi 2/17 və Mikayıl Müşviq 3 ünvanında yerləşən 2 mərtəbəli binalar hazırda təhlükəli vəziyyətdədir. Burada yaşayan sakinlər bildirir ki, binalar o dövrdə necə inşa edilibsə eldə qalıb. Yəni mənzillərdə nə hamam otağı var, ayaqyolu isə həyətdə ümumi istifadədədir. Bina sakini Nabat Həmidova Sputnik Azərbaycan-la söhbətində kanalizasiya xəttinin olmadığını, bu səbəbdən çirkli suları qablara yığıb əlləri ilə daşıdıqlarını deyib: 

“Hansı əsrdir, hansı dövrdür, şəhərdə su qızıdırıb üzr istəyrəm, vannada yuyunasan. Mən əlimi yumaq üçün gözləməliyəm ki, uşağım dursun mənim əlimə su töksün, mən əl-üzümü yuyum. Sonra da o çirkli suyu aparıb atmalıyıq harasa. Gecə olan da ümumiyyətlə problemdir. Bizim evdən 500 metr məsafə var ayaqyolu arasında, işıq yox, lap olsa da gecə hara getsin camaat? 2014-cü ildə şəxsən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov özü bura gəlib baxış keçirib. Binanın qəzalı olması haqda dəfələrlə aktlar tərtib olunub. O, cümlədən də həmin vaxt akt tərtib olunub. Bir il müddətinə bizim yəni bu binaların köçürülməsi və bizi yeni mənzillərlə təmin edilməsi haqqında söz verilib. O vaxtdan da biz gözləyirik”.

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qəzalı yaşayış evinin sakini

Mikayıl Müşviq küçəsi 3-də yerləşən binanın ən yaşlı sakini Şöbə Əliyeva 65 ildir hazırda qəzalı olan binada yaşayır. O, Sputnik Azərbaycan-a açıqlamasında son bir neçə ildə acınacaqlı vəziyyətə düşən 2 mərtəbəli binada şəraitsizlikdən nəvəsini evləndirə bilmədiyini bildirib:

“10 ildir mənim nəvəm əsgərikdən gəlib, hələ ailə qura bilmir. Heç bir qapıya elçi gedə bilmirik ev dərdindən. Binada ayaqyolu yox, hamam yox. Aftafanı götürüb düşürəm aşağı. Mən 90 yaşında arvad necə düşüm? Cavan vaxtı düşmüşəm, daha indi düşə bilmirəm. 1956-dan da burada yaşıyram”.

  • Mingəçevirdə qəzalı yaşayış evinin sakini
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə qəzalı yaşayış evi
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə qəzalı yaşayış evi
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə qəzalı yaşayış evinin sakini Şöbə Əliyeva
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə qəzalı yaşayış evinin sakini Yaver Ibrahimova
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə qəzalı yaşayış evinin sakini Nabat Hemidova
    © Sputnik / Rahim Mammadov
1 / 6
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə qəzalı yaşayış evinin sakini

İllərdir adıçəkilən ünvan yaşayanlar binanın külək, yağışdan sonra hər an çökəcəyindən narahatdılar. Həmçinin burada həşəratların çoxluğu sakinləri qorxuya salıb. Bina sakini Yavər İbrahimova deyir ki, bəzən gecələri yatmırlar.

“Evdə hər cür həşərət olur. Siçovullar, ilan, qurbağa. Allaha and olsun kələz də olur, gecəni səhərə kimi qorxa-qorxa yatırıq. Səhər açılanda sevinirik ki, nə yaxşı işıqlandı buralar. Gündüz vaxtı o həşəratlar çoxda yaxın gəlmir adama. Hara baxırsan siçovulla doludur” - deyə o bildirib.

Qeyd edək ki, hazırda qəzalı vəziyyətdə olan bina sakinləri üçün 6 il öncə, 40 mənzilli bina tikilməsi üçün şəhər ərazisində yer ayrılıb. Müvafiq sənədlər isə adiyyatı qurumlara göndərilib. Bu haqda Sputnik Azərbaycan-a Mingəçevir Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Əsas mövzular