Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həyatı yerin altında axtaraq - içməli su barədə qorxunc proqnozlar gəlir

Abunə olmaq
Ümumilikdə kəhrizlərin sayına görə Cəbrayıl rayonu bölgədə xüsusi ilə seçilib. Cəbrayılda Məhəmməd bəyin, Hüseyn ağanın və Çinar kəhrizlərinin suyu ilə buğda üyüdülən çoxsaylı su dəyirmanları işlədilib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Su insanın həyatında və bütövlükdə təbiətin fauna və florasının mövcudluğunda mühüm əhəmiyyət kəsb edən təbii sərvətlərdən ən qiymətlisidir. Bu günlərdə baş verən bir hadisə yaxın illər üçün bu nemətə görə əndişələnməyə əsas verir: ABŞ-ın fond birjasında artıq su satmağa başlayıblar. Bununla bağlı "RBC Capital Markets"in icraçı direktoru və analitiki Din Drey belə rəy verib ki, iqlim dəyişikliyi, quraqlıq və insanların sayının artması sonrakı illərdə su çatışmazlığı problemi yaradaraq onun qiymətini ən çox müzakirə olunan mövzuya çevirə bilər. Həmçinin qeyd olunub ki, hazırda 2 milyard insan su problemi yaşayan ölkələrin vətəndaşıdır, dörd il sonra isə dünyanın, demək olar ki, üçdə ikisi su qıtlığından əziyyət çəkə bilər.

Şuşa şəhərindən görüntü - Sputnik Azərbaycan
Bu həftə Şuşaya yeni mənbədən içməli su çatacaq

Litrində ümumi duzların miqdarı 1 pramdan az olan sular – şirin su, ekoloji baxımdan təmiz su adlanır. Suda duzların miqdarı artdıqca ondan istifadə edən insanların sağlamlığında problemlər yarandığı kimi, əkin sahələrində suvarmalar aparıldıqca torpaqlarda da duzların toplanması prosesi gedir. Torpaqlarda şorluq dərəcəsi yüksəldikcə, bitkilərin məhsuldarlığının azalması ilə bərabər, keyfiyyəti də aşağı düşür.

Bu barədə Sputnik Azərbaycan-a danışan ekspert Fərzəli Həsənov bildirib ki, Yer kürəsində mövcud yaşayışın mövcud olduğu bütün dövrlərdə insanlar şirin su mənbələrini aşkar etmək, ondan səmərəli istifadə yollarını axtarmaq istiqamətində mütəmadi olaraq müəyyən işlər görüblər.

Onun sözlərinə görə, dünyada yerüstü şirin su ehtiyatları 1 mln kubkilometrdirsə, yer səthindən aşağıdakı 1 km-lik qalınlığında yeraltı təbəqədəki sulu laylarda 4 mln. kubkilometr həcmində təmiz və ya az minerallaşmış su ehtiyatının olması proqnozlaşdırılır. Yeraltı sulu laylarda toplanmış şirin su ehtiyatlarından və ya digər üsullarla istifadəni insanların mədəniyyət tarixi ilə yaşıd qəbul etmək olar:

"Kəhrizlər tikməklə yeraltı sulardan məişətdə və eyni zamanda əkinçilikdə istifadə olunmasının tarixi çox qədim dövrlərdən başlayıb. Kəhriz – yeraltı şirin suların yer səthinə öz axını ilə çıxması üçün tikilən qurğudur. Xalq hidrotexnikasının ən böyük nailiyyəti olan kəhriz – (su toplayan qalereya, yeraltı lağım, tunel) İran İslam Respublikasında, Qafqazda və Orta Asiyada "kəhriz", Afrika qitəsində "foqqora", ərəb ölkələrində "qanat" adlandırılıb".

Ekspert vurğulayıb ki, kəhrizlər adətən dağətəyi düzənliklərdə tikilir. Kəhrizin baş quyusu sulu laya kimi qazılır. Relyefə uyğun olaraq düzən hissədə yer səthindən başlamaqla, baş su quyusu istiqamətində, suyun axacağı maillik saxlanılması şərti ilə bu işi görənlərin boylarının hündürlüklərinə uyğun olaraq (təxminən 1,7-1,9 m) tunel formasında tikilir. Başlanğıc hissədə qazılan torpaq heyvan dərisindən (əsasən inək) düzəlmiş torbalarla (dol) kənara daşınır. Torpağın mexaniki tərkibindən asılı olaraq başlanğıc hissədə uçma təhlükəsi olan hallarda tunelin yanları və bəzən tavanı da daşla hörülür. Kəhrizlərdə qalereyanın (tunel, yeraltı lağım) eni 70-80 sm qəbul edilir. Bu işi görən insanlara "kankan" deyiblər.

Fərzəli Həsənovun sözlərinə görə, kankan sözü fars dilində yeraltı qalereya yaradan mənasında işlədilib. Qalereyanın ölçüləri artdıqca iş şəraiti yaxşılaşır, əksinə, görülən torpaq işlərinin həcmi isə çoxalır: "Odur ki, hər bir kankan qrupu işə başlayarkən yerli şəraitə uyğun olaraq yaradacaqları qalereyanın ölçülərini özləri seçir. Qalereyanın uzunluğu sulu layın vəziyyətindən və baş quyunun yerindən asılı olaraq 500-200 m intervalında dəyişir. Baş sulu quyunun dərinliyi relyefdən və şəraitdən asılı olaraq 10-50 m, bəzi hallarda hətta 100 metr olub.

Строительно-монтажные работы трубопроводов - Sputnik Azərbaycan
"Azərsu" ASC vədinə əməl etdi - Neftçalaya içməli su verildi

Quyulara kəhrizin gözləri deyirlər. Quyular ventilyasiya rolu oynamaqla yanaşı, qazılmış qruntun daşınma məsafəsinin tənzimlənməsinə şərait yaradır. Yəni kəhrizin yer səthinə çıxan hissəsindən müəyyən məsafədə aralaşdıqdan sonra düşər və digər alətlərlə şam işığında qazılmış qrunt dola yığılaraq şaquli quyulardan çarxlar vasitəsi ilə yer səthinə çıxarılır. Qazılan qrunt kütləsinin yer səthinə daşınma məsafəsi və quyuların köməkliyi ilə əlverişli ölçülərdə dəyişməz saxlanılır.

Kəhrizlərdə qalereyanın sulu laya daxil olan hissəsində kənar hissələr və tavan daşlarla hörülmədikdə qısa müddət ərzində qalereya uçur. Yəni kəhrizləri ilkin su sərfində uzun müddət işlətmək mümkün olmur.

Tarixi mənbələrdən aydın olur ki, Assuriya, Babilistan və qədin İran dövlətlərində kəhrizlər olub. Müəyyən dövrlərdə romalılar Suriyada, türklər isə Kiçik Asiyada kəhrizlər tikdirib onun suyundan istifadə ediblər.

Orta Asiyada, Zaqafqaziyada, Yaxın və Orta Şərqdə, Afrikanın Şimal hissəsində, Mərkəzi Asiyada yerləşmiş ölkələrdə çox qədim dövrlərdən başlamaqla kəhriz sularından istifadə olunub. Ancaq İran İslam Respublikasının ərazisidə tarixin müəyyən dövrlərində 80-100 minlərlə kəhrizin suyundan istifadə olunub.

Araşdırmalar göstərir ki, insanlar tarixən kəhrizlərin yaxınlığında məskunlaşıblar. Başqa su mənbələri olmayan ərazilərdə kəhrizin suyu quruduqda bir qayda olaraq insanlar yaşayış yerlərini dəyişiblər.

Kəhrizlər, icmalar, bir qrup insanlar və ya şəxsi insanlar tərəfindən tikilib. Tikilmə şəraitindən asılı olaraq kəhrizlərin adları yaranıb. Kəhriz sularının istifadənin şərtlərini də sahibkar və ya sahibkarlar müəyyənləşdiriblər.

"Ayrıca sahibi olan kəhrizlərdən yalnız bu ailəyə məxsus olanlar istifadə edə bilirdilər. Digər insanların kəhriz sularından istifadəsi üçün razılıq olmalı idi. Yəni sahibkarların icazəsi olmadan kəhrizdən suvarma və digər məqsədlər üçün istifadə etmək olmazdı", - deyən F. Həsənov bildirib ki, kəhrizlərdə axan suyun sərfi adətən saniyədə 20-100 litr intervalında dəyişib. Ancaq dünyada qalereyasının uzunluğu və su sərfinə görə çox böyük kəhrizlər də olub.

Əfqanıstanda qalereyasının uzunluğu 30 km, su sərfi saniyədə 2500 litr olan kəhriz tikilib. Pakistanda mövcud olan bu kəhrizlərin təsir zonasında əkin sahələrini və bağları suvarmaq üçün 1955-ci ildə 2,097 kubkilometr həcmində kəhriz suyundan istifadə edilib.

Mənbəyini Qarabağdan götürən çayların suyu hər gün yoxlanmalıdır - ekspertdən xəbərdarlıq>>

İranda tikilmiş kəhrizlərin qalereyasının ümumi uzunluğu təxminən 270 min km, su sərflərinin cəmi isə saniyədə 560 kubmetr olub. Müəyyən dövrlərdə ümumi suvarılan sahələrin yarısı, yəni 1,5 mln hektar ərazi kəhriz suları ilə suvarılıb. 1980-ci ilin məlumatlarına görə, İran ərazisində işlək vəziyyətdə olan kəhrizlərdən istifadə etməklə, ölkənin su təchizatında və suvarmada tələb olunan suyun 20 faizi ödənilib.

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının ərazisində 1917-ci ilə yalnız Yelizavetpol (Gəncə), Şuşa və Cəbrayıl qəzalarında 1160 kəhriz işlək vəziyyətdə olub. Bu kəhrizlərin suyu ilə əhalinin su təchizatından əlavə, 39 min hektar meyvə bağları və əkin sahələri suvarılıb. Azərbaycanda ən çox kəhriz tikilmiş bölgə Naxçıvan MR-in ərazisidir. 1955-ci ildə Naxçıvan ərazisində işlək vəziyyətdə olan 356 kəhrizin illik axın həcmi 85,9 mln. kubmetr olub.

Qarabağ regionunda olan kəhrizlər sularının gur olması və ekoloji baxımdan təmizliyi ilə digər bölgələrdəkindən fərqlənib. Qarabağda XIX əsrin axırlarında Əhməd bəy Cavanşirin kəhrizlərinin təsir zonasında 1100 hektar meyvə bağları və əkin sahələri suvarılıb:

"Ümumilikdə kəhrizlərin sayına görə Cəbrayıl rayonu bölgədə xüsusi ilə seçilib. Cəbrayılda Məhəmməd bəyin, Hüseyn ağanın və Çinar kəhrizlərinin suyu ilə buğda üyüdülən çoxsaylı su dəyirmanları işlədilib. 1991-ci ildə Cəbrayıl rayonu ərazisində 72 kəhriz işlək vəziyyətdə erməni işğalında qalıb. 1953-cü ildə ölkəmizin ərazisində 185 kəhriz işlək vəziyyətdə olub. Onların müəyyən hissəsi ermənilərin işğal etdikəri ərazilərdə yerləşib".

F.Həsənov qeyd edib ki, ümumilikdə XX əsrin ikinci yarısından başlamaqla kəhrizlərin tədricən insanların istifadəsindən çıxması prosesi gedib. Əsas səbəblərdən biri kimi kəhriz tikintisində və onun işlək vəziyyətdə saxlanmasında ağır iş şəraitinin, böyük zəhmət tələb edən insan əməyinin olması amilini göstərmək olar. "Hazırda kəhrizin tikilməsi üçün tələb olunan vəsaitin çox olması ilə yanaşı, bu işi görəcək insanların tapılması ən böyük problemdir. Yaşadığımız dövrdə müxtəlif markalı maşınlardan istifadə edərək quyular qazmaqla, nasosların köməyi ilə yeraltı şirin sulardan istifadə etmək kəhriz tikintisi ilə müqayisədə çox az vəsaitlə başa gəldiyindən yeni kəhrizlərin tikintisi, demək olar ki, dayandırılıb. Unutmaq olmaz ki, kəhriz suları ekoloji baxımdan ən keyfiyyətli təmiz sudur. Şəraitdən asılı olaraq mövcud kəhrizlərdən səmərəli istifadə olunması istiqamətində işlərin görülməsinə böyük ehtiyac var", - deyə o bildirib.

Xəbər lenti
0