02:02 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
605 0 0

Hər şey bizim əlimizdədir: Bütün dünya damcı üsuluna keçdiyi vaxtda, biz hələ də artıq ziyan verən köhnə selləmə üsulunda qalmışıq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Son illər Azərbaycanda su qıtlığı müşahidə edilir. Bu il isə qıtlıq özünün ən kəskin şəkildə göstərdi. İş o yerə çatdı ki, Bakının bəzi ərazilərinə su verilməsi qrafik rejiminə qaytarıldı. Rayonlarda isə suvarma üçün su tapılmır.

Ekspertlər qıtlığı yağıntıların az olması ilə bərabər, olan su ehtiyatlarından düzgün istifadə edilməməsi, suvarma zamanı su itkisinə yol verilməsi və s. ilə əlaqələndirirlər. Mütəxəssislərin fikrincə, kənd təsərrüfatında su qıtlığının əsas səbəbi suvarma zamanı su itkisinə yol verilməsidir.

Kənd təsərrüfatı ekspertləri bildirirlər ki, bölgələrdə hələ də kənd təsərrüfatı sahələrində suvarma işləri dədə-baba üsulu, başqa dillə desək, "selləmə" üsulla ilə aparılır. Bu isə torpaqların şoranlaşmasına səbəb olmaqla yanaşı, su itkisinə də gətirib çıxarır.

Qeyd edək ki, CISCO şirkətinin rəhbərləri ilə videokonfrans formatında görüş zamanı ölkə başçısı da bu məsələyə toxunmuşdu. O, qeyd etmişdi ki, bəzi hallarda Azərbaycanda su itkisi 40 və hətta 50 faiz təşkil edir: "Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik".

Prezident həmçinin qeyd edib ki, münbit torpaq ehtiyatımız məhduddur. Bu səbəbdən də kənd təsərrüfatı məhsulları ilə özümüzü təmin etmək və ixrac qabiliyyətimizi gücləndirmək üçün biz məhsuldarlığı artırmalıyıq: "Bu isə yalnız müasir texnologiyaların tətbiqi nəticəsində mümkündür".

Əkinçilik təsərrüfatı ilə məşğul olan Seyfəl Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, əvvəllər suvarma sistemləri yaxşı inkişaf etmədiyi üçün suvarma arxlar vasitəsilə həyata keçirilib: "Böyük əkin sahələrinin yaxınlığında olan arxlara gün ərzində su verilir və bu arxlardan əl üsulu ilə əkin sahələri suvarılırdı".

S.Məmmədov deyir ki, məhsulun çox olmasında suvarmanın böyük əhəmiyyəti var: "Vegetasiya dövründə bitkini inkişafı üçün suvarmaya ehtiyac var. Suvarma bitkilərin suya olan tələbatını təmin edir və faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır. Hazırda suvarmanın müxtəlif formaları var. Bura səthi suvarma, damcılı suvarma, torpaqaltı suvarma daxildir".

Onun sözlərinə görə, suvarma rejimi bitkilərin inkişaf dövrü, onların suya olan tələbatına uyğun olaraq aparılmaldır. Amma təəssüf olsun ki, bəzən bu uyğunluq nəzərə alınmır.

Fermer qeyd edir ki, belə uyğunluğa əməl edilərək, suvarmanın aparılması torpağın münbitliyini artırır.

Böyük əkin sahələrində suvarılmanın düzgün aparılmaması torpaqların eroziyasına səbəb olur, torpaq əkin üçün yararsız vəziyyətə düşür. Bu səbəbdən də suvarma aparılan zaman torpağın relyefi nəzərə alınmalıdır.

"Məsələn, yamac ərazilərdə torpaq daha az suvarılmalıdır. Çünki bu zaman torpaqların doyması və sürüşmələr meydana gələ bilər", – deyə o əlavə edib.

Fermer qeyd edib ki, suvarma zamanı su itkisinə yol verməmək üçün damcılı suvarma üsulu daha uyğundur. Belə ki, bu zaman həm bitki ehtiyacı olan suyu almış olacaq, həm də su itkisinə yol verilməyəcək.

"Biz əvvəllər suvarmada daha çox quyu suyundan istifadə edirdik. Çünki quyu suyu içiləcək qədər şirin olmur. Ondan ancaq suvarma üçün istifadə etmək mümkündür. İndi isə quyu sularının miqdarı da azalıb", – deyə S.Məmmədov bildirib.

S.Məmmədovun fikrincə, su itkisinin qarşısının alınması üçün əkin sahələrində olan suvarma texnikalarına, suvarma sistemlərinə güclü dövlət nəzarəti olmalıdır. Damcılama suvarma sistemi məcburi formaya salınmalıdır.

Əsas mövzular