08:15 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
45311

Şəhərdə karantin rejiminin əksinə olaraq icazəsiz gəzənlərdən, həyətində çay süfrəsi düzəldərək, qonşuları başına yığanlardan tutmuş, qadağalara rəğmən sükan arxasına keçənlər, rayonlara icazəsiz getmək istəyənlərə qədər pozuntular qeydə alınır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Ötən ilin sonlarında Çinin Uhan əyalətində yayılan koronavirus təhlükəsi ilin əvvəlində mart ayında özünü Azərbaycanda da göstərməyə başladı. Elə həmin dövrdə Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını pandemiya elan etdi. Apreldən başlayaraq ölkədə karantin rejimi elan edildi, iaşə obyektləri, ticarət mərkəzləri, iş yerləri fəaliyyətini dayandırdı.

Karantin günləri başlayanda rejimə alışmaq, sərt qaydalara riayət etmək o qədər də asan deyildi. İnsanların düşüncələrində olan qeyri-müəyyənlik narahatlığa səbəb olurdu. “Pandemiya nə zaman bitəcək?”, “Normal həyata nə zaman qayıda biləcəyik?” sualları bu gün də hamını narahat edir.

Ancaq qaydalar nə qədər sərtləşdirilsə də, onu pozmağa çalışanların sayı azalmır. Şəhərdə karantin rejiminin əksinə olaraq icazəsiz gəzənlərdən, həyətində çay süfrəsi düzəldərək, qonşuları başına yığanlardan tutmuş, qadağalara rəğmən sükan arxasına keçənlər, rayonlara icazəsiz getmək istəyənlərə qədər pozuntular qeydə alınır. Bir müddət öncə belə faktların sayı nisbətən azalsa da, son günlər qayda pozuntularının sayı yenidən artmağa başlayıb. Xüsusən də, icazəsiz rayonlara səfər etmək, istirahət mərkəzlərinə üz tutmaq istəyənlərin sayı artıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin günlərində elə vaxtlar olub ki, 1500 nəfər cərimə edilib. Amma son günlər bu rəqəm azalıb: "İnsanlar bilərəkdən karantin qaydalarını pozurlar. Xüsusən taksi sürücüləri, sərnişindaşıma ilə məşğul olan şəxslər qaydaları pozurlar. Elə şəxslər var ki, karantin rejimi qaydalarının pozulmasına görə dəfələrlə cərimələnib. Amma buna etinasız yanaşır, yenə də qayda pozmaqda davam edir və deyir ki, nə qədər yazılsa da, cərimələri ödəməyəcək".

Ekspert isə xəbərdarlıq edir ki, "ödəməyəcəyəm" deyib qaydaları pozmaq gələcəkdə problemlərə səbəb olacaq: "Məsələn, məhkəmə qaydası ilə həmin cərimələr vətəndaşlardan tələb ediləcək və ya hər hansı bir əşya müsadirə ediləcək. Yəni vətəndaşlar bu məsələlərdə diqqətli olmalıdılar".

Onun sözlərinə görə, eyni zamanda, cərimələrin tətbiq edilməsində qeyri-obyektivlik vəziyyətlər də olur.

"Məsələn, vətəndaşlar olub ki, onlar portaldan qeydiyyatdan keçsələr də, icazələri ləğv edilib və onlar cərimə ediliblər. Bu məsələyə yenidən baxmaq lazımdır. Burada vətəndaşlar qayda pozan şəxs deyil, bilmədən qayda pozan şəxslərdir. Digər tərəfdən, insanlar hansısa yolla rayonlara gedirlər, qayıdanda postlarda həmin şəxslər saxlanılır. Şəxslərin Bakı qeydiyyatı olmuş olsa belə, onlara 200 manat məbləğində cərimə yazandan sonra Bakıya buraxırlar. Heç kim müəyyən edə bilməz ki, həmin vətəndaşlar rayona nə zaman gedib. Bu şəxslərin cərimə edilməsi bir qədər sual altındadır. Bu hal insanları narazı salır. Yəqin ki, aidiyyəti qurumlar bu məsələyə yenidən baxacaqlar. Qanunda belə bir maddə yoxdur ki, vətəndaş rayona gedibsə, Bakıya gələndə cərimə edilməlidir. Yəni bu məsələlər araşdırılmalıdır" – deyə ekspert əlavə edir.

İnsanlar isə karantin qaydaları pozmaqda davam edirlər. Məsələn, Bakı sakini olan Cavid Cəfərovun sözlərinə görə, karantin tətbiq edilən ilk günlərdə qaydalara əməl etməyə çalışıb. Amma sonra o da əksəriyyətin qaydalara əməl etmədiyini görərək, qaydaları pozub: "Mən maskayla gəzə bilmirəm, nəfəsim çatmır. Həm də özümü narahat hiss edirəm. Həm də daha məni xəstəliyə yoluxmaq qorxutmur. Bir candır verəcəyik də".

Psixoloq Ramin Hacıyevin fikrincə, karantin qaydalarını pozmaq da psixoloji vəziyyətlə əlaqəlidir: "İnsan elə bir varlıqdır ki, qadağan edilənin dalınca qaçır. Əldə edə bilmədiyini sevir. Məsələn, karantin tətbiq edilməmişdən öncə elə şəxslər vardı ki, ancaq iş-ev rejimində yaşayırdı. Onlar əyləncələri sevməz, vaxtları olmazdı. İndi belə şəxslər də əyləncə istəyir. Çünki əvvəl azadlıq idi, istədiyini edə bilirdi. İndi bu azadlıq qaydalarla tənzimlənir. Məhz buna görə, karantin müddəti uzun zamandır davam etməsinə baxmayaraq, qaydalara əməl etməyənlər var".

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular