18:24 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
755 0 0

Ekspert: "Bir problem də həmin qurumların menecmentindəki boşluqlar ilə bağlıdır. İstilik tariflərin qaldırılması çıxış yolu deyil, xüsusən indiki şəraitdə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. "Bu gün "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz"a 30 milyon manatdan çox borcu var". Sputnik Azərbaycan xəbər verir ki, bunu bir neçə gün öncə Xəzər TV-də yayımlanan "Birinci Studiya" verilişinə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O, bildirib ki, borc məsələsinin köklü həlli yoxdur: "Yenə də yəqin ki, "Azəristiliktəchizat" ilin sonunda dövlətə müraciət edəcək və quruma köməklik göstəriləcək. Bizdə olan məlumata görə, "Azəristiliktəchizat"da istiliyin dəyəri qazın borcunu tam ödəməyə imkan vermir. Yenə borc problemi yaranıb. İlin sonuna bu borcun artacağı istisna deyil".

Borc problemi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, ölkədə pul kütləsinin azlığı prosesi müşahidə edilir: "Pul kütləsinin az olması ödənişlərlə bağlı ləngimələrin, problemlərin yaranmasını şərtləndirir. Pul kütləsinin aşağı olması işgüzar fəallığın aşağı olması deməkdir. İşgüzar fəallığın aşağı olması gəlirlərin aşağı olmasıdır. Ona görə də ödəmə qabiliyyəti həm müəssisələrdə, həm də fiziki şəxslərdə olduqca aşağıdır. Belə olan halda biz görürük ki, qurumlar arasında, eyni zamanda fiziki şəxslər tərəfindən ödənişlərin reallaşdırılması ilə bağlı ciddi problemlər yaranıb. Bunun başlıca səbəbi pul kütləsinin az olması və işgüzar fəallığın aşağı olmasıdır".

"Azəristiliktəchizat" dövlət tərəfindən dəstək almazsa, borcların ödənilməsində problemlər yaranacaq. Burada bir problem də həmin qurumların menecmentindəki boşluqlar ilə bağlıdır. İstilik tariflərin qaldırılması çıxış yolu deyil, xüsusən indiki şəraitdə" – deyə ekspert bildirib.

"Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirib ki, istilik tarifləri dövlət tərəfindən tənzimlənən tariflər siyahısında getdiyinə görə, bu, Tarif Şurası tərəfindən müəyyən edilir: "İstilik tarifləri maya dəyərindən bir neçə dəfə aşağıdır. Hətta istilik haqlarının 100 faiz yığıldığı halda belə "Azəristiliktəchizat" zərərlə işləyir və borcu ödəmə imkanı olmur. Borcun tam ödənilməməsi bununla bağlıdır".

Onu da qeyd edək ki, hazırda əhali qrupu üçün istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat (aylıq), qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25 manatdır (aylıq).

Əsas mövzular