Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 27 aprel — Sputnik. "İstilik mövsümünün dayandırılması ilə əlaqədar olaraq "Azəriqaz" İstehsalat Birliyi hər hansı bir qərar qəbul etmir. Bir müddət öncə bizə Energetika Nazirliyi tərəfindən tövsiyə xarakterli bir məktub daxil oldu. Bu məktub təkcə "Azəriqaz" İB-yə deyil, o cümlədən də digər aidiyyəti qurumlara və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdi. Bu məktubda bəzi günlərdə hava şəraitinin soyuq keçməsi nəzərə alınaraq istilik mövsümünün aprelin 30-dək uzadılması tövsiyə olunmuşdu. Bu tövsiyəyə əməl edərək, biz Energetika Nazirliyindən daxil olan məktubu əsas götürüb qazanxanaların qaz təchizatını ondan öncəki qərarda göstərilən 25 aprel tarixindən daha beş gün uzatdıq".
Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov deyib.
C.Səfərov qaz təchizatının dayandırılması məsələsinə aydınlıq gətirib: "Üzərimizə düşən öhdəlik qaz təchizatını həyata keçirtmək idi ki, istilik mövsümü davamlı olsun. Lakin bundan sonra bizə sifarişçimiz olan "Azəristiliktəchizat" ASC-dən ötən gün səhər saatlarında telefonoqram daxil oldu. Burada isti suya ehtiyacı olan qazanxanaları çıxmaq şərti ilə digər qazanxanaların qaz təchizatının dayandırılması göstərişinin verilməsi xahiş olunurdu. Onlar sifarişçi tərəfdir, qazın qəbulunu istəmirlərsə, biz qazın verilişini dayandırmalıyıq. Bu səbəbdən də qazanxanalara qaz təchizatı dayandırıldı".
Qeyd edək ki, Bakı şəhəri və respublikanın rayonlarında istilik mövsümü 15 noyabrdan 15 aprelədək olur. Dağlıq və dağətəyi rayonlarda isə bu tarix 1 noyabr -1 may tarixi olaraq müəyyənləşdirilib.