06:22 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
62411

Ekspertlər deyirlər ki, havanın temperaturu 41 C olduğu günlərdə işləri dayandırmaq lazımdır. Çünki günvurma nəticəsində bədbəxt hadisə ola bilər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son iki gündə havalar nisbətən küləkli və sərin keçsə də, mütəxəssislərin proqnozuna görə, bu il yay digər illərlə müqayisədə daha isti olacaq. İyul-avqust aylarında hərarət normadan 3-5 dərəcə yüksək, yəni, bəzi günlərdə 45 C-dən çox isti ola bilər.

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib, bəzi sahələrin fəaliyyətinə məhdudiyyət qoyulsa da, tikinti sektoru üçün bu məhdudiyyət yoxdur. Amma tikintinin də öz məhdudiyyətləri var. Əmək Məcəlləsinə görə, hava 41 C olduğu təqdirdə bu işçilərin də işi dayandırılmalı və ya müəyyən fasilələr verilməlidir.

Ancaq təəssüflər olsun ki, bu ölkədə olan tikinti şirkətlərinin əksəriyyəti bu qanuna məhəl qoymurlar.

Tikinti məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət tərəfindən müəyyən edilmiş təhlükəsizlik qaydaları var. Qaydalara görə, fərqli hava şəraitindən işçilərin işləmə müəyyən normativlərlə təsdiq edilib.

"Tikinti-quraşdırma sahəsi xüsusi bir sahədir. Böyük tikinti şirkətlərində, dövlət tikinti idarələrində tikintidə təhlükəsizliyə nəzarət (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi - SƏTTƏM) şöbələri tərəfindən təmin edilir. Bu şöbə hər gün iş başlayanda hava şəraiti ilə bağlı yoxlama aparır və işçinin sahəyə buraxılmasına icazə verir" – deyən ekspert bildirib ki, bu gün özəl şirkətlərdə bu şöbələr yoxdur. Çünki SƏTTƏM şöbələrinin saxlanılması böyük pullar tələb edir. Bura şöbə əməkdaşlarının əmək haqları, təhlükəsizlik texnikalarının qurğularının geyimlərinin alınması və s. daxildir.

E. Azadovun fikrincə, özəl sektorda şirkətlər bu şöbəni yaratmır və ya bu sahə üzrə ixtisaslaşmış şirkətləri cəlb etmirlər: "Əslində hər hansı bir şirkət iş görmək istəyirsə və SƏTTƏM şöbəsi yoxdursa, o bununla bağlı aidiyyatı dövlət və ya özəl sektora müraciət etməklə əməyin mühafizəsi ilə bağlı tədbirlər planı aparmalıdır. Və buna uyğun əməyin mühafizəsini təmin etməlidir”.

Azadov hesab edir ki, tikinti şirkətləri xərclərini azaltmaq məqsədilə ilə bu kimi qanuni addımlar atmırlar.

"Çox zaman tikinti şirkətləri sifarişləri özləri həyata keçirmir, podrat şirkətlərə və ya fiziki şəxslərə həvalə edərək, əməyin mühafizəsi istiqamətində yaranan problemlərdən də boyun qaçırmış olurlar. Bu səbəbdən də tikinti sahələrində bədbəxt hadisələrin sayı artır. Günvurma, donvurma, hündürlükdən yıxılma və s. kimi hadisələr baş verir" – deyə Azadov bildirib.

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tikintidə təhlükəsizlik qaydaları Əmək Məcəlləsi ilə tənzimlənir: "Məcəllənin 233 maddəsinə görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və ya iş dayandırılır".

Hüquqşünas bildirib ki, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tikinti sahəsi təhlükə potensialı ən yüksək olan sahələrdəndir.

Belə ki, istehsalatda baş verən qəzalara, bədbəxt hadisələrə baxanda da görmək olur ki, ən çoxu tikinti sektorunun payına düşür: "Nəzərə alsaq ki, tikinti meydançasında yükqaldıran kranları, ağır yük maşınları, normadan artıq qabaritli nəqliyyat vasitələri, qaldırıcı mexanizmlər var, dəmir-beton işləri və hündürlükdə işlərin görülməsi həyata keçirilir, tikinti sahəsində olan təhlükə riskinin nə dərəcədə olduğunu başa düşərik. Ona görə də tikintidə təhlükəsizlik qaydalarına, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına mütləq qaydada ciddi əməl edilməlidir".

Ekspert qeyd edir ki, hər gün işçilərə ilkin təlimat verildikdən sonra işə başlanmalıdır. Yeni avadanlıq və yaxud texnika gələrsə təlimat keçdikdən sonra işləməyə icazə verilməlidir. Tikinti sahədə qoruyucu vasitələrdən, kaska, əlcək, eynək, qoruyucu kəmər, iş ayaqqabısı və digər zəruri avadanlıqlar ilə təchiz edilməlidir.

Nurəliyev həmçinin əlavə edib ki, havanın temperaturu 41 C olduğu günlərdə işləri dayandırmaq lazımdır.

"Gün hündürlükdə çalışanlara daha tez vurur. Hündürlükdə çalışan şəxslər kaska və ya papaqlardan istifadə etsələr belə, gün altında işləmək olmaz. Siz təsəvvür edin ki, ani ehtiyatsızlıq nələrə səbəb ola bilər. Məsələn işçi 40 C günün altında çalışırsa, günvurma baş verirsə, onun hündürlükdə halı dəyişə bilər, huşunu itirə, əlində olan materialları yerə sala və ya özü yerə düşə bilər. Bu hal isə tikinti şirkəti üçün böyük məsuliyyət yaradır" – deyə o, vurğulayıb.

Ekspert bildirir ki, günün qızmar saatlarında saat 11:00-16:00 aralığında tikintidə, hündürlükdə, açıq havada işləmək təhlükəlidir və buna tikinti şirkəti ciddi nəzarət etməlidir.

Əsas mövzular