12:37 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
45110

Həkimlər deyirlər ki, insanların Bakıdan kütləvi axın etdikləri bölgələrdə yoluxma sayının artdığının 14 gündən sonra şahidi olacağıq.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən ölkənin 9 rayonunda sərt karantin rejiminin tətbiq edilməsi ötən həftə paytaxt əhalisinin rayonlara axını ilə müşahidə olundu. Paytaxtdan çıxışına postlarda icazə verilməyən sakinlər müxtəlif yollarla Bakını tərk etməyə müvəffəq oldular.

İki gün karantin rejiminə riayət etməmək üçün Bakını min bir əziyyətlə, fırıldaqla tərk edənlər dünən səhər eyni qaydada paytaxta qayıtmağa cəhd etdi və çox təəssüf ki, çoxları da buna nail oldu. Hansı ki, onların paytaxtdan çıxması və qayıtmasına qadağa da onların özləri, sağlamlıqları üçün qoyulub. Bəs görəsən, Bakının koronavirusa görə "narıncı" zonaya daxil edilməsinə rəğmən paytaxt sakinlərinin rayonlara axını bölgələrimiz üçün hansı təhlükəyə səbəb ola bilər?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtdan rayonlara kütləvi axın bölgələrimizdə koronavirusun yayılmasını sürətləndirəcək: "Sərt karantin qərarını havadan qəbul etməyiblər. Bu qərar ona görə verilib ki, Bakı-Abşeronda virusa yoluxma faizi böyükdür. Camaat burdan gedib rayonlardakı insanları da yoluxdurmasın. Amma nə oldu? Hərə bir yolunu tapıb "qəhrəmanlıq" göstərərək rayonlara getməyə müvəffəq oldu. Onların arasında sözsüz ki, xəstə olanlar da vardı. Bu da sözsüz ki, onların üz tutduqları rayonlarda yoluxma faizini artıracaq. İnsanlar elə düşünürlər ki, təbiət qoynunda təmasda olursa, yoluxma olmayacaq. Bu çox absurd fikirdir. Əgər elə olsaydı, biz insanları Bakıda və digər 8 rayon və şəhərdə evə qapamazdıq".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 14 gündən sonra rayonlarda virusun yayılma arealı daha da genişlənəcək: "Çox təəssüf ki, insanlar sərtləşdirilmiş karantin rejiminin mahiyyətini dərk etmirlər. Bu virusdan indi bizi ancaq özünütəcrid, sosial məsafə, əllərin gigiyenası, tibbi maska qoruya bilər. Amma əks vəziyyət müşahidə olunur. İnsanlar virusu özləri ilə bölgələrə daşıyırlar. Heç kəs anlamaq istəmir ki, əgər virusun yayılma ehtimalı olmasa, turizm məkanları hər kəsin üzünə açılar, gediş-gəlişdə olan maneə aradan qalxar. Ötən həftəki situasiyanın sorağı ayın sonunda gələcək. Biz insanların Bakıdan kütləvi axın etdikləri bölgələrdə yoluxma sayının artdığının 14 gündən sonra şahidi olacağıq".

Ə.Rüstəm bildirir ki, rayonlarda yoluxma sayı artarsa, xəstəxana və həkim çatışmazlığı qaçılmazdır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həftəsonu Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə bildirib ki, insanların əksəriyyəti Bakıda iş yerlərinin qapalı, qeydiyyatlarının rayona olmasından istifadə edib şəhərdən çıxıblar.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 6-7-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda, iyunun 14-15-dən isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Amma görünən odur ki, sərtləşdirilmiş karantin günlərində Bakıda qalmaq istəməyən sakinlər bölgələrimizə axışır. Halbuki, paytaxt Bakı bu gün koronavirusa yoluxma sayına görə siyahıya başçılıq edir. Azərbaycanda ən çox koronavirusa yoluxma Bakıda qeydə alınıb - 50,2%. Koronavirusinfo.az saytının məlumatına görə, daha sonra ən çox yoluxma 12,4%-lə Gəncə-Qazax və 12,3%-lə Abşeronda qeydə alınıb. Ümumilikdə, virusa yoluxma Aranda 8,8%, Lənkəranda 7,2%, Dağlıq Şirvanda 1,8%, Şəki-Zaqatalada 1,7%, Quba-Xaçmazda 1,5%, Yuxarı Qarabağda 1,2% təşkil edib. Yoluxmanın 2,9%-i xaricdən gələnlərdə qeydə alınıb. Ölkə üzrə ən az yoluxma isə 0,05%-lə Naxçıvanda olub.

Əsas mövzular