12:40 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
15 0 0

Şimal, qərb regionlarında və sahilyanı ərazilərdə sürəti 5-10 m/s olan küləkli günlərin sayının davamlı artması tendensiyası müşahidə edilir.

BAKI, 15 iyun – Sputnik. Bu gün dünyada Beynəlxalq küləklər günü kimi qeyd edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bu tarixlə bağlı fikirlərini bölüşüb:

“Qədim zamanlardan insanlar əsas təbiət ünsürlərindən biri olan küləyə böyük önəm verməklə, ondan öz məqsədləri üçün faydalanmağa çalışıblar. Əhali müxtəlif fəaliyyət sahələrində küləyin gücü və enerjisini tətbiq etməyi öyrəniblər. Onun gücündən yelkənli gəmilərdə, yel dəyirmanlarında, su quyularında və s. istifadə ediblər.

Eyni zamanda, onun yaranma səbəblərini, səciyyəvi xüsusiyyətlərini də daha ətraflı öyrənməyə çalışıblar. Külək havanın hərəkət etməsidir. Hava isə fiziki qanunlara uyğun olaraq ekvator və qütblər arasında yaranan temperatur fərqi nəticəsində hərəkətə gəlir. Hava ekvatordan qütblərə doğru, bir sözlə, istidən soyuğa doğru hərəkət edir.

Lakin bu prosesə digər amillər də təsir göstərir: Yer kürəsinin firlanması, müxtəlif səth örtüyünə (kontinentlər və okeanlar) və fərqli relyef formalarına (düzənliklər, dağlar) malik olması və s. Bu amillər hava kütləsinin müxtəlif istiqamətdə hərəkətini müəyyən edir. Bu səbəbdən də fyon, briz, bora, səmum, sirokko və digər küləklər də məlumdur.

Bu küləklər adətən, çox da böyük olmayan əraziləri əhatə edir və onların yaranmasında yerli şərait mühüm rol oynayırlar. Yerli əhali bu küləkləri özlərinə məxsus şəkildə adlandırırlar. Məsələn, Abşeronda uşaqlıqdan hamıya şimal və cənub küləklərinə verilən Xəzri və Gilavar adları məlumdur. Bizim bu Xəzri və Gilavar küləklərimizə çox sayda əfsanələr, şeirlər, yazılıb, mahnılar qoşulub.

Abşeronda su quyuları üzərində qurulmuş çoxsaylı pərlər yaşlı nəslin yaddaşında hələ də qalmaqdadır. Əcdadlarımızın külək enerjisindən istifadə təcrübəsi bizim həyatımıza yeni texnologiyalar şəklində qayıtmaqdadır. Azərbaycanda, xüsusən də Abşeronda küləkli günlərin sayı az deyil. Bunu bizim çoxillik meteoroloji müşahidələrimiz də təsdiq edir.

Şimal, qərb regionlarında və sahilyanı ərazilərdə sürəti 5-10 m/s olan küləkli günlərin sayının davamlı artması tendensiyası müşahidə edilir. 2009-cu ildən rəsmi olaraq hər ilin 15 iyun tarixi Beynəlxalq Küləklər Günü kimi qeyd olunur. Burada əsas məqsəd ictimaiyyətin və mütəxəssislərin diqqətini külək enerjisi potensialının istifadəsinə cəlb etməkdir”.

Əsas mövzular