İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 29 mart — Sputnik. Bir müddət öncə Ekologiya Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi Xəzər dənizini çirkləndirən mənbələrin adını açıqladı. Müəyyən oldu ki, Bakıda Xəzəri ən çox çirkləndirən Hövsan kanalıdır. Bu kanal vasitəsi bəzi qəsəbələrin tullantı suları Xəzərə axıdılır. Bu sular isə Xəzəri çirkləndirir, ekosistemə təsir edir və bu da birbaşa insan sağlamlığı üçün təhlükəlidir.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsin əməkdaşı Nərmin Babaşova qeyd edib ki, Sabunçu rayonunun Balaxanı, Sabunçu, Zabrat-1, Zabrat-2, Ramana və Yeni Ramana qəsəbələrində formalaşan tullantı suları isə Hövsan kanalı vasitəsilə birbaşa sahil zolağına, oradan da dənizə axıdılır.
O, qeyd edib ki, Xəzəri ən çox çirkləndirən axarların Suraxanı rayonu ərazisində formalaşdığı məlum olub. Rayon ərazisində formalaşan tullantı suları bir neçə axar, o cümlədən Abşeron magistral kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən sahil zolağından dənizə axıdılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, hələ sovet dövründən ətraf qəsəbələrin tullantı suları Hövsan kanalı vasitəsilə Xəzərə axıdılır.
Xəzərin suyunu çirkləndirməklə yanaşı Hövsan kanalı Xəzərdə çirkləndirici maddələrin miqdarının artmasına səbəb olub.
Qeyd edək ki, Hövsan kanalı Bakı şəhərində Xəzər dənizinə ən çox təmizlənməmiş tullantı suları axıdan kanaldır. Məlumatlara görə, kanal vasitəsillə hər gün Xəzər dənizinə 100 min kubmetr tullantı suları axıdılır.
Əvvəllər kanalın qapalı kanal formasına salınması və dənizə çıxışı qarşısında Bioloji Təmizləyici Qurğunun tikilməsi nəzərdə tutulsa da, ancaq 4 km-ə yaxın hissəsi qapalı formaya salınıb. Qalan hissə isə açıq formadadır.
Kanalın dənizə töküldüyü yerdə isə təmizləyici qurğu tikilməyib. Bu isə o deməkdir ki, tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılır.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis Ərəstun Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirb ki, "Balaxanı Oil", "Suraxanı Oil", "AzGerneft" MMC-də, eləcə də, Zabrat-1, Zabrat-2, Ramana, Sabunçu, Suraxanı və Binə qəsəbələrində yığılan tullantı sular Hövsan kanalına axıdılır.
Qeyd edək ki, adı sadalanan ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur.
"Bu qədər çirkli su Xəzər dənizinə tökülür. Biz bununla bağlı artıq SOS siqnalı vermişik. Axıdılan çirkab suları, ekotoksiloji, fiizki-kimyəvi tullantı sularının hamısı Xəzər dənizinin ekos sisteminə təsir edir" - o bildirib.
Onun sözlərinə görə, yeni kanalın çəkilməsi məsəsləsi gündəmə gəlib. Belə ki, bundan sonra ərazidə təmizləyici qurğular quraşdırlacaq. Sular təmizləndikdən və zərərsizləşdirildikdən sonra yeni kanalla axıdılacaq.
Həsənov vurğulayıb ki, bu istiqamətdə layihələr artıq hazırdır, yaxın zamanlarda yəqin ki, işə başlanacaq.
Eyni zamanda onu da qeyd edək ki, Hövsan kanalında "Azərsu" ASC-nin heç bir təmizləyici sistemi yoxdur.