05:58 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
85910

Nazirlər Kabinetinin 21 il əvvəl qəbul etdiyi, ağır olduğuna görə qadın əməyinin tətbiqinin qadağan olunduğu siyahıda 600-dək iş yerinin adı var. İndi onların çoxu modernləşib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 mart — Sputnik. Azərbaycanda qadınların əmək şəraiti zərərli və ağır olan iş yerlərində işləməsi ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılması üçün təkliflər hazırlanır. Bu təkliflərə görə, yalnız hamilə və himayəsində 3 yaşınadək uşağı olan qadınların belə iş yerlərində işləməsinə qadağa qoyulması nəzərdə tutulub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O qeyd edib ki, Əmək Məcəlləsindən irəli gələrək 1999-cu ildə Nazirlər Kabineti tərəfindən "Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı" təsdiqlənib. Komitə rəsmisinin sözlərinə görə, bu siyahıda qadın əməyinin tətbiqinin qadağan olunduğu 600-dək iş yerinin adı var. Həmin iş yerləri sırasında isə kənd təsərrüfatı, emal və qida sənayesi, neft-qaz hasilatı, metallurgiya sahəsi və s. var.

T.İbrahimova onu da vurğulayıb ki, siyahının təsdiq edildiyi vaxtdan sonrakı müddətdə bəzi peşələr üzrə istifadə edilən avadanlıq və texnika müasirləşib. Bu səbəbdən də həmin iş yerləri artıq ağır iş yerləri hesab edilə bilməz.

Avropa Şurasının gender bərabərliyi komissiyasının eksperti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizdə qadın və kişlərin hər sahədə bərabərliyinin təmin olunmasından və bunun əhəmiyyətindən danışıb: "Azərbaycan Respublikası BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına görə konvensiyasının üzvüdür. Xüsusən də qadınların təhsili, hüquqları ilə bağlı konvensiyanın 10-12-ci müddəaları ilə onların əmək bazarında bütün peşələrə kişilərlə bərabər əlçatanlığının təyin edilməsi üçün dövlətlərin qarşısına öhdəlik qoyulub. Azərbaycan Respublikasının qanunvericiliyinə, Konstitusiyanın 25-ci maddəsinə görə də bütün sahələrdə bərabərlik təmin edilməlidir, eyni zamanda iş fəaliyyətində də qadınlarla kişilərin bərabərliyi təmin edilməlidir".

"Bundan başqa, Azərbaycan BMT-nin 156 saylı Əmək Təşkilatları Konvensiyasına da qoşulub. Bununla bağlı olaraq Azərbaycanın uşaqlı ailələr üçün uşaq müəssisələri və xüsusi şəraitin yaradılması ilə bağlı öhdəliyi var. Bu həm də qadınların aktiv bazarda iştirakçılığını təmin etmək, ayrı-seçkiliyin qarşısının alınması üçün mühüm addımdır. Qadınlara qarşı üfüqi və şaquli ayrı-seçkiliyin aradan qaldırılması üçün təkcə dövlət komitəsi tərəfindən deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Həmkarlar İttifaqı tərəfindən də lazımi addımlar atılır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli Xidməti tərəfindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, ƏƏSMN-in Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək Müqaviləsi Bildirişləri" alt sistemində hazırda 1 576 502 min əmək müqaviləsi bildirişi var ki, onların da 712 914-nü, yəni 45.2 faizini qadınlar təşkil edir. Sistemdə əmək müqaviləsi olan qadınların 71 faizi dövlət sektorunda, 29 faizi isə qeyri-dövlət sektorunda əmək fəaliyyəti ilə məşğuldur.

Qeyd edək ki, Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən, qadınların müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi də qadağandır. Məcəlləyə əsasən, qadınların ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması və əl ilə qaldırılıb başqa yerə daşınması, 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınmasına icazə verilmir.

Əlaqədar

Yüksək maaşlı iş görəndə aldanmayın - Artıq tamah baş yara bilər
Atalar vs oğullar - iş uğrunda mübarizədə dövlət hər ikisindən qazana bilər
Örtülü bazarın tavanı çökür - İşədüzəltmə şirkətləri nəzarətə götürüləcək
Bir nöqtədə dayana bilmir, birini əldə edirsənsə, arxasınca başqa tələb gələcək

Əsas mövzular