12:34 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
967 0 0

"Verilən təhsilin keyfiyyəti ilə alınan vəsait adekvat deyil. Çünki universitet məzunlarının yalnız 42 faizi işlə təmin olunur" - Kamran Əsədov

Nigar isgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. İki gün öncə Bakı Dövlət Universitetində tələbələr təhsilin ödənişsiz əsaslarla olması üçün 2 saylı korpusun üzərindən "Pulsuz Təhsil" şüarının olduğu banner asaraq etirazlarını ortaya qoyublar. Universitetin mətbuat katibi Pərvanə İbrahimova bu məsələyə münasibət bildirərək, müəyyən kateqoriyaya aid tələbələrin təhsil haqqından azad olunduğunu bildirib. 

P.İbrahimova qeyd edib ki, ölkə başçısının sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər".

Mətbuat katibinin sözlərinə görə, hazırda bu kateqoriyaya aid olan 2327 nəfər tələbə təhsil haqqından azaddır. Bundan başqa, tələbələr üçün daha bir imkan da yaradılıb. Belə ki, tələbələr təhsil haqqını il ərzində hissə-hissə ödəmək imkanına malik olublar.

Qeyd edək ki, hazırda BDU-da 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır. Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb.

Maraqlıdır, ümumiyyətlə Azərbaycanda təhsil ödənilən vəsaitə uyğundurmu?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında ümumi vəziyyəti qiymətləndirib: "Azərbaycanda 51 ali təhsil müəssisəsi var, burada təhsil alan tələbələrin sayı isə 164 mindir. Bu ilin əvvəlinə aid olan rəqəmə görə, 164 min tələbənin 31 faizi ödənişsiz, digərləri isə ödənişli təhsil alıb. Hazırda Azərbaycanda ən yüksək təhsil haqqı ADA universitetindədir, 6 min 500 manatdır.  İkinci yerdə ən yüksək təhsil haqqı Xəzər Universiteti, daha sonra isə ən yüksək təhsil haqqı Bakı Dövlət Universitetinin Hüquq fakültəsindədir. Ən aşağı təhsil haqqı isə Azərbaycan Dillər Universitetindədir, 1000 manatdır. Ümumilikdə isə ali təhsil müəssisələrində təhsil haqqı 2500-3500 manat arasında dəyişilir".

"Təəssüflər olsun ki, ali təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirdikdə real bazar qiymətləri və bu pulu ödəyəcək şəxslərin durumunu başa düşə bilmirlər. Bütün ölkələrdə təhsil haqqı təhsil alan tələbəyə xərclənəcək vəsaitləri nəzərə alaraq müəyyən olunur. Bizdə isə bu məbləğ rektorların istəyi ilə müəyyənləşir. Fikir verin, eyni ixtisas üzrə Bakıda təhsil haqqı 2500, regionlarda isə 1500 manatdır", - deyə ekspert əlavə edib.

K.Əsədovun sözlərinə görə, ölkəmizdə təhsil haqları insanların maddi vəziyyətindən qat-qat yüksəkdir. Bu səbəbdən də kifayət qədər şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün təhsillərini yarımçıq qoyub: "Bu gün Azərbaycanda təhsil haqları reallığı əks etdirə bilmir. Düşünürəm ki, ödənişsiz plan yerlərinin sayını artırmaq, eyni zamanda da təhsil haqlarını əlli faiz azaltmaqla təhsilin əlçatanlığını təmin etmək mümkün olar. Ümumiyyətlə, hazırda Azərbaycanda ödənişli təhsillə ödənişsiz təhsil arasında elə bir fərq yoxdur. Onlar eyni auditoriyada birgə dərs alırlar. Əslində bu belə olmamalıdır. Tələbə ödəniş etdiyi üçün ona daha keyfiyyətli təhsil verilməlidir. Bundan başqa, özəl universitetlərlə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Bu gün dünyada özəl universitetlər ən reytinqlisi hesab edildiyi halda, Azərbaycanda abituriyentlər yalnız çöldə qalmamaq üçün, yəni ali məktəbə qəbul üçün özəl universitetlərə sənəd verirlər".

Onun sözlərinə görə, təhsil haqlarının artırılması zamanı inflyasiya nəzərə alınır. Məsələn, kommunal haqlarda artımın olması da bu rəqəmlərə təsir edir: "Lakin bunu da kompensasiya etmək olar. Yəni təhsil alacaq tələbələrin sayını nisbətən artırmaqla da bu problemi həll etmək olar".

Ekspert Azərbaycanda verilən təhsilin alınan vəsaitə adekvat olmadığını vurğulayır: "Universitet məzunlarının yalnız 42 faizi işlə təmin olunur. Dövlət qulluğu və digər imtahanlarda universitet məzunlarının nəticələri aşağıdır. Bu da onu göstərir ki, universitetlər adlıqları pulun müqabilində keyfiyyətli təhsil verə bilmirlər".

Ekspert tələbə kreditindən də söz açıb: "Azərbaycanda ümumiyyətlə tələbələrə kreditlərin verilməsi prosesi yanlışdır, burada şərtlər olduqca ağırdır. Bundan başqa, məbləğ və tələbə sayı məsələsi də düzgün deyil".

Təhsil eksperti magistratura təhsilinin əmək bazarındakı önəmini şərh edir

K.Əsədov bildirir ki, bu gün dünyanın ən aparıcı ölkələrində 100 faiz pulsuz təhsil anlayışı yoxdur: "Dövlət sadəcə olaraq pulsuz təhsillə bağlı müəyyən plan yerləri açır. Yüksək bal toplayan tələbələrin yetişməsi üçün onlara pulsuz təhsil imkanı verir. Son olaraq isə Azərbaycanda 46 min plan yerinin 21 mini pulsuz oldu".

Əsas mövzular