21:05 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Qadın və uşaq, arxiv şəkli

Dövlət Komitəsi Azərbaycanda məişət zoraklığının səbəbini açıqladı

CC0 / Comfreak / child
CƏMİYYƏT
Qısa URL
50 0 0

Öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur

BAKI, 12 oktyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda məişət zorakılığı ilə bağlı görülən işlərlə əlaqədar açıqlama yayıb. Komitədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görülür: 

"Bu məsələdə biz Heydər Əliyev Fondu, BMT-nin İnkişaf Proqramı, Əhali Fondu ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər, təlimlər, dəyirmi masalar keçiririk. Konkret olaraq qadın məşğulluğu sahəsində çox uğurlu layihələrimiz var. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruzqalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı 8 rayonda Qadın Resurs Mərkəzləri yaradılıb. Xüsusilə vurğulamaq lazımdır ki, gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac vardır. Bununla bağlı "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsi çərçivəsində bir sıra mühüm sənədlərin hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul şəxsləri ilə səmərəli görüşlər keçirilib. Və cari ilin oktyabr ayında "Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması" ilə bağlı dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Konfrans təşkil edilib. "Gender Əsaslı Zorakılıqla Mübarizə Sahəsində Qurumlararası Əlaqələndirmə Şurasının Yaradılması" və "Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı"nın hazırlanması, qanunvericilik bazasının daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər ictimaiyyətə təqdim edilib. Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.) eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Bundan irəli gələrək, məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılıb. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət

zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır və təhlil olunur. Bu təhlillərin nəticəsində isə maarifləndirmə təlimlərinin hədəfləri müəyyən edilir. 2017- ci ildə BMT-nin Əhali Fondu ilə birgə keçirdiyimiz "Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat" (IMAGES) kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Həmin təhlilin nəticələrinə əsasən kişilər tərəfindən zorakılığın istənilən formasının törədilməsini ardıcıl qaydada bir neçə amillə əlaqələndirmək olar: Öz analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür. "GEM" Şkalasına əsasən gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, "qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir" və "bəzi hallarda qadın döyülməyə layiqdir") tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir.

2018-ci ildə BMT-nin Əhali Fondunun Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi ilə birgə hazırladığı "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədqiqat aparılıb və 2019-cu ildə onun ictimaiyyətə təqdimatı keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkənin müxtəlif televiziya və internet kanallarında məişət zorakılığı mövzusunda çəkilən verilişlərdə ekspertlərin iştirakını təmin edir, eyni zamanda, İctimai Televiziyada yayımlanan "Müzakirə vaxtı" verilişində "Qadın və Zorakılıq" mövzusu ekspertlərin iştirakı ilə müzakirə olunub. Bu iş davam etməkdədir. Biz yalnız dövlət qurumları və təşkilatlarla deyil, həm də vətəndaşlarla əməkdaşlıq şəklində işləyirik. Sosial şəbəkədəki hesablarımıza zorakılıq hadisələri ilə bağlı gələn mesajlar onu göstərir ki, cəmiyyətimiz də artıq bu problemə öz mövqelərini göstərməyə hazırdılar. Bu səbəbdən də fəal olan hər bir vətəndaşımıza təşəkkür edirik və demək istəyirik ki, fikirləriniz bizim üçün önəmlidir və cəmiyyət üçün faydalı olan ideyaları dəstəkləməyə hər zaman hazırıq".

Əsas mövzular