20:20 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər

Qız evində toydur, oğlan evinin xəbəri yox – Bakıda yeni problemli ərazi yaranır

© Sputnik / Zulfiyya Guluyeva
CƏMİYYƏT
Qısa URL
482 0 0

“Uçuq daxmanın altında ölərəm, amma evimi tərk etmərəm” – Murtuza Muxtarov küçəsində yaşayan sakinlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. Bu günlərdə Nazirlər Kabineti "Qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə dartıazaldıcı yarımstansiyanın tikintisi ilə bağlı torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi" barədə qərar qəbul edib. Bu qərara əsasən, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində dartıazaldıcı yarımstansiyanın tikintisi ilə əlaqədar 0,0606 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində yerləşən vətəndaşlara məxsus yaşayış obyektlərini dövlət ehtiyacları üçün alan orqan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib. Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Metropoliteninə yarımstansiya tikintisi üçün ayrılan ərazidə olub, sakinlərlə söhbətləşib.

Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
© Sputnik / Zulfiyya Guluyeva
Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər

Dövlət ehtiyacı üçün alınacaq ərazini tapmaq elə də çətin olmadı. Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə adlanan ərazi sən demə "Nizami" metrostansiyasının arxasında, el dili ilə desək lap şəhərin "göbəyində" yerləşirmiş. Ünvanda olarkən onu da öyrəndik ki, yarımstansiyanın inşası üçün ayrılan ərazinin bir hissəsi uzun illərdir ki, avtodayanacaq kimi istifadə edilirmiş. Bir neçə ay öncə həmin ərazidən avtomobillər çıxardılıb, qapısına metronun loqosu vurulub. Digər hissə isə evlərin yerləşdiyi əraziyə düşür.

Bu barədə bizə Murtuza Muxtarov küçəsində doğulub boya-başa çatan Elçin Ramazanov məlumat verdi. E. Ramazanov deyir ki, metroya yaxın yerləşən bu ərazidə illər öncə uçuq evlər olub. Sonra ərazidən hüzur mərasimləri keçirilən zaman boş məkan kimi istifadə edilib. Amma illərdir ki, bu boş ərazi dayanacaq kimi istifadə edilir: "Mən ikinci qrup əliləm. Gözümü açıb babamı, atamı burada işləyən görmüşəm. Ailə başçılarımız bu dayanacaqdan evə çörək pulu gətiriblər. Onlardan sonra da mən bu işlə məşğul olmuşam. Amma bir neçə aydır ki, çörək pulumuzu əlimizdən alıblar. Bakı Metropolitenindən bizə gəlib dedilər ki, ərazini boşaldın, metro ilə bağlı araşdırma aparılacaq. Yerə qurğular salıb araşdırma apardılar. Ardınca da buraya avtomobillərin girişini qadağan etdilər. İndi gördüyünüz kimi camaat avtomobillərini küçədə park edir".

E. Ramazanovun sözlərinə görə, boş ərazidən dayanacaq kimi istifadə edilərkən küçədə avtomobillər də sərbəst hərəkət edirmiş: "Bizə hələlik bir söz deyən olmayıb. Ərazidəki evlərin söküləcəyini də ilk dəfədir ki, sizdən eşidirik. Bura bizim ata-baba yurdumuzdur. Evləri sökürlərsə, gərək sakinləri də razı salsınlar".

Həmsöhbətimiz ərazidəki evlərin çox az hissəsinin "kupça"sı olduğunu söyləsə də, digər sakinlər bunun əksini bildirdilər.

Elçin Ramazanov
© Sputnik / Zulfiyya Guluyeva
Elçin Ramazanov
Murtuza Muxtarov küçəsində dünyaya göz açan Əliağa Əhmədov burada yaşayanların köklü bakılı olduğunu söyləyir. Onun sözlərinə görə, ömrünün ixtiyar çağında dədə-baba yurdunu tərk etmək onun üçün çox çətindir. Amma Ə. Əhmədov ərazidəki evlərin sökülməsinin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, hələ bir neçə il öncə buradakı evlərin qəzalı olduğu barədə Dövlət Komissiyası tərəfindən rəy verilib. Amma sakinlər üçün yeni evlər verilmədiyindən, heç kəs öz evini tərk etməyib: "Bu mülk mənə atamdan yadigardır. Uşaqlığımız da, yaxşı-pis günlərimiz də bu evdə keçib. İndi ailəmlə birgə bu qəzalı evdə yaşayıram. Həyat yoldaşım onkoloji xəstədir. Məni də siz gəlib elə iş başında "yaxaladınız". "Avtoyuma" məntəqəsində "moyşik" işləyirəm. Evimizə çörək pulunu buradan aparıram. Evimizin sahəsi 54 kvadrat metrdir. Kim burada evlərin sənədsiz olduğunu deyirsə, inanmayın. Hansı qapını döysəniz, hər bir sakinin "kupça"sı var. Bu evlər qədimdən tikilib. Sovet dövründə hansı ev sənədsiz idi ki? Bizə hələ evlərin söküləcəyi barədə heç kəs heç nə deməyib. İndi sizdən eşidirik ki, dövlət ehtiyacı üçün alınıb yarımstansiya tikiləcək. Yaxşı, biz dövlətin qanununa qarşı çıxmırıq, nədə ki, yarımstansiyanın tikintisinə mane olmaq fikrindəyik. Bircə xahişimiz var ki, dövlətimiz bizim bu ərazidə doğulub boya-başa çatdığımızı, hamımızın şəhərdə işlədiyini nəzərə alsın. Bu ünvanda yeni tikilən evlərin bir kvadrat metrinin qiyməti 3000 manatdır. Heç olmasa hər kvadrat metrə 2500 manatdan versinlər ki, biz də buraya yaxın bir yerdə ev ala bilək. Əgər pul kimi vermək istəmirlərsə, onda bu küçə ilə üzbəüz yaşayış binası tikilir. Oradan kimə neçə kvadrat metr düşürsə, o qədər də sahəsi olan mənzil versinlər. Amma bizim heç birimizin gedib bu ərazidən uzaqda yaşamaq fikrimiz yoxdur. Çünki hamımızın işi öz yaşadığımız yerin ətrafındadır. Mənim yoldaşım ağır xəstədir. Poliklinikaya getmək, həkim gətirmək lazım olanda dağa-daşa düşmürük. Özüm də səhər bir tikə çörəyimi yeyib iki qapı bu tərəfdə işimi görürəm. Oğlum, qızım da həmçinin. Bizə ərazidə evlərin real qiymətini nəzərə alıb kompensasiya versələr, yaxud da mənzillə təmin etsələr, "Allah görəcəyiniz işə xeyir versin" deyib halallıqla evimizi tərk edəcəyik. Əks halda, uçuq daxmanın altında ölərəm, amma evimi tərk etmərəm..."

Əliağa Əhmədov
© Sputnik / Zulfiyya Guluyeva
Əliağa Əhmədov

Biz ərazidə olarkən digər sakinləri evlərində tapmasaq da, qonşular buradakı mənzillərin hər birinin "kupça"sı olduğunu söylədilər.

Amma müşahidə zamanı evlərin çoxunda yaşamağın insan həyatı üçün təhlükəli olduğu da diqqətimizdən qaçmadı. Qapısını döydüyümüz mənzillərdən birinin həyətində üst mərtəbədəki tirlər çürüyərək aşağı doğru əyilmişdi. Bir qədər sürətli külək, yaxud da zəlzələ kifayətdir ki, həmin tirlər qoparaq yerə düşsün.

Elə mənzillərin də çoxu nəmişlik, rütubət qoxuyurdu. Sakin Ə. Əhmədov da mənzilini bir neçə dəfə təmir etdiyini, metronu su basandan sonra divarların nəmişlikdən qopduğunu söyləyir.

  • Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    © Sputnik / Zulfiyya Guluyeva
  • Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    © Sputnik / Zulfiyya Guluyeva
  • Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin logosu
    "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin logosu
    © Sputnik / Zulfiyya Guluyeva
  • Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    © Sputnik / Zulfiyya Guluyeva
  • Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    © Sputnik / Zulfiyya Guluyeva
  • Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 6
© Sputnik / Zulfiyya Guluyeva
Murtuza Muxtarov küçəsi, 430-cu məhəllə ərazisində yerləşən evlər

Qeyd edək ki, sözügedən ünvanda bir neçə mənzillə yanaşı iaşə obyektləri də var. Sakinlər həmin obyektləri sahiblərinin icarəyə verdiyini, özlərinin bu ünvanda yaşamadığını söylədilər. Obyektdə çalışanlar isə ərazidəki tikililərin söküləcəyi barədə onlarda məlumat olmadığını bildirdilər. Bircə onu qeyd etdilər ki, ərazidəki digər yaşayış evlərinin fasadı dəyişdirilsə də, bu binada təmir işlərinə başlanılmayıb. Səbəb də, yaşayış binasının qəzalı vəziyyətdə olmasıdır.

O ki qaldı yarımstansiyanın inşa ediləcəyi ərazidəki evlərin söküləcəyi tarixə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qərar yeni verilib. Hələ ki evlərin sakinləri ilə görüş olmayıb: "Bu qərarla bağlı qanunvericiliyə uyğun şəkildə lazımi tədbirlər görüləcək. Qərarın sənədi bizə yeni gəlib. Təşkilati və texniki məsələlərə bundan sonra başlanılacaq".

Əsas mövzular