Nigar Məhərrəm, Sputnik Azərbaycan
BAKI, 18 iyun — Sputnik. Bəzən qəfil bir hadisə insanın bütün həyatını dəyişə bilir. Elə qəhrəmanımız Amid Həsənquliyev kimi.
Sputnik Azərbaycan-ın əməkdaşı bu gün Azərbaycanda fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan yeganə velosipedin ixtiraçısı Amid Həsənquliyevin hekayəsini dinləyib:
- Amid Həsənquliyev "Handbike"ın ixtiraçısı, "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin təsisçisi, başqa hansı titulları buraya əlavə etmək olar?
- Azərbaycan Milli Paralimpiya Komitəsində "handbike" idman növü üzrə baş məşqçi, "ARB" telekanalında baş qrafist dizayner və elə həmin telekanalda yayımlanan "Biz birik" proqramının aparıcısı - belə də demək olar. "Biz birik" proqramı məni Azərbaycanda həm də əlil arabasında ilk aparıcı kimi tanıdıb.
- Qəzadan danışaq, bu hadisə həyatınızda nəyi dəyişdi?
- 11 il öncə qəzaya düşəndə 28 yaşım vardı. Avtomobil qəzası nəticəsində 11 və 13-cü fəqərə zədəsi aldım. Əslində nə zamansa belə bir hadisənin olacağı heç ağlıma belə gəlməzdi. Təsəvvür edin ki, sağlam həyat tərzi yaşa və 28 ildən sonra bir qəza səni ayaqlarından məhrum eləsin. Ona görə düz deyiblər ki, həyat sürprizlərlə doludur. Qəza nəticəsində hətta kliniki ölüm keçirdim, təxminən 4 saat kimsəsiz vəziyyətdə asfaltda uzanılı halda qaldım. Ayılanda artıq ayağa qalxa bilmədiyimi anladım.
- Qəzadan sonra nələr oldu?
- Yalandan deyə bilmərəm ki, qəzadan sonra hər şey gözəl oldu, yaxud da mən heç bir çətinlik olmadan həyatıma davam etdim. Sadəcə olaraq pessimist olmadım, bu hadisəni həyatda mənə verilən ikinci şans kimi dəyərləndirdim və mübarizə apardım.
İlk dəfə bu arabaya oturanda dedim ki, ayağa duracağam. Həmin müddətdən bir ilədək böyük stress yaşadım, özümə qapandım. Hətta evdən də çölə çıxmırdım. Amma bir müddətdən sonra bu həyatda ilk addımlarımı atmağa başladım.
Yeni ideyalar üzərində düşünməyə, işləməyə başladım. Əslində, sanki yeni ideyaları mənə bu həyat verdi. Hərdən fikirləşirəm ki, qəzaya düşməsəydim, görəsən, bu ideyaları həyata keçirə bilərdimmi? Amma etiraf edim ki, mənim üçün bu həyata adaptasiya olunmaq çox çətin oldu. Sonradan fiziki məhdudiyyət qazanan biri ayağa qalxmaq üçün, gərək ki, özündə güc tapa bilsin. Hərdən düşünürəm ki, bəlkə də mənim fiziki məhdudiyyətli olmağım vacib imiş ki, kiməsə faydam dəysin. Aparıcısı olduğum proqrama hansısa fiziki məhdudiyyəti olan bir şəxsi dəvət etdikdə, onun üzündə hədsiz sevinc görürəm.
- Əsas mesajınız nədir?
- Əsas mesajım odur ki, fiziki məhdudiyyətli şəxslərə dilənçi kimi baxmayın, onların da uğurları, bacarıqları var. Amma təəssüflər olsun ki, bu gün bəzi valideynlər fiziki məhdudiyyətə görə övladlarını çölə çıxara bilmirlər, bundan utanırlar.
- Uğurlardan danışaq.
- Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimovla görüşdüm, onun təəssüratlarını və xeyir-duasını aldım. Sonradan isə Azərbaycan Velosiped Federasiyasının Vitse-prezidenti Sahib Ələkbərovla görüşdüm. Dəstək aldıqca çalışdıq ki, özümüz də nəsə edə biləcəyimizi göstərək. Beləliklə, yeni növ velosiped, əllə idarə olunan "hanbike"ı Azərbaycanda da yaratdıq. Bu velosipedlərdən dünyada olsa da, Azərbaycanda yalnız iki ədəddir. Onlardan biri xaricdən alınma, digəri isə öz istehsalımızdır. Çalışırıq ki, belə velosipedlərdən daha çox olsun ki, fiziki məhdudiyyəti olan şəxslər bu vasitələrdən yararlana bilsinlər. Əsas hədəflərimizdən biri bu idman növü üzrə yarışlarda ölkəmizin bayrağını dalğalandırmaqdır.
- Problemlər nələrdir?
- Bizim sıralarımıza qoşulmaq istəyənlərin sayı çox olsa da, spesifik velosipedlərin sayının azlığı müəyyən problemlər yaradır.
- Bəs sizi əsas narahat edən nədir?
- Bizi əsas narahat edən cəmiyyətdəki baxışlardır. Təəssüflər olsun ki, hələ də cəmiyyətdə bizə yönəlmiş xoş olmayan baxışlar görə bilirik. Amma bu gün bizim kimi şəxslər üçün bəzi maneələr artıq aradan qaldırılıb. "Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyini yaradarkən düşünürdüm ki, hansısa problemlə qarşılaşaram. Amma müvafiq nazirliklərin dəstəyi ilə bu ictimai birliyi rahatlıqla yarada bildim. Bütün bunlar isə bizim kimi şəxslər üçün motivasiyadır.
- Qəzadan sonra ailəniz dağıldı və ikinci dəfə ailə həyatı qurdunuz...
- Ailə qurduğum insan məni bu şəkildə istəmədisə, onu nəyəsə məcbur edə bilməzdim axı. Avtomobil qəzasından sonra müəyyən problemlər yarandı və biz ayrılmalı olduq. İlk nikahdan bir övladım var. Artıq üç ildir ki, yenidən ailə həyatı qurmuşam, həyat yoldaşımın heç bir fiziki məhdudiyyəti yoxdur. Onun da mənim kimi bir övladı var. Düşünürəm ki, xüsusən də indiki zamanda övlad dünyaya gətirmək, onu böyütmək heç də asan deyil. Əgər mən bir övladım üçün heç nə etməmişəmsə, necə ikinci övladı planlaşdıra bilərəm? Düzdür, həyatı heç vaxt axarına buraxmadım, "Allah mənim üçün belə yazıb" deyərək təslim olmadım. Mənə verilən hər şansı dəyərləndirməyə çalışıram. Çünki həyat gözəldir!